Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-09 11:20:27
Oksforddan təklif alan akademik – “Bu, Azərbaycan elmi üçün böyük nailiyyətdir”

Martın 7-də Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevə Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzvlük təklif edilib. 

AzEdu.az-ın məlumatına görə, sözügedən təşkilat V.Fərzəliyevin beynəlxalq səviyyəli elmi fəaliyyətini, tədqiqatlarının nəticələrinin elm və istehsalın inteqrasiyasına verdiyi töhfəni yüksək qiymətləndirərək belə bir qərar qəbul edib.

Oksford Akademik Birliyində hesab edirlər ki, bu üzvlük akademik V.Fərzəliyevin elmi fəaliyyətinin bütün dünyada daha da tanıdılmasına, həmçinin cəmiyyəti onun elmi tədqiqatlarının nəticələri, innovasiya və nailiyyətlərlə bağlı məlumatlandırmağa əlavə imkan yaradacaq.

Akademik Vaqif Fərzəliyev AzEdu.az saytına açıqlamasında üzvlük təklifini qəbul etdiyini bildirib.

O hesab edir ki, bu, Azərbaycan elmi üçün böyük nailiyyətdir:

“Bəli Oksford Akademik Birliyinin Ekspertlər Şurası mənim elmi işlərimi araşdırıb qiymətləndiriblər. Bu xəbəri çox xoş qarşıladım və onlara təşəkkürümü bildirmək üçün məktub yazdım. Əslində, məni başqa təkliflərin də gözlədiyi məlumatını da veriblər, lakin hələ nə kimi təkliflərin olduğu barədə məlumatlı deyiləm. Təbii ki, məmnuniyyətlə onların təklifini qəbul etdim. Hesab edirəm, bu Azərbaycan elmi üçün böyük nailiyyətdir. Nəzərə alaq ki, bu Akademik Birliyin əsas məqsədi XXI əsrdə elm və təhsilin inkişafı üçün dünya alimlərini bir araya gətirmək və yeniliklərin tətbiq etməkdir”.

Qeyd edək ki, 17 aprel 2018-ci il tarixində London şəhərində yerləşən Koralevski İnstitutunda Böyük Britaniya direktorlarının Beynəlxalq Sokrat tədbiri “EBA Achievements-2017”, kompaniyaların, müxtəlif ölkələrin şirkətlərinin 2017-ci ildə professional nailiyyətlərinə görə beynəlxalq mükafatlarla təltif olunması mərasimi təşkil olunacaq. 25-26 aprel 2018-ci il tarixlərində isə Oksfordda Oksford Akademik Birliyinin Təhsil İdarəetmə Akademiyasının iclası keçiriləcək. Akademik Vaqif Fərzəliyev hər iki mötəbər tədbirdə iştirak etmək üçün dəvət olunub. Lakin Vaqif Fərzəliyev deyib ki, müəyyən səbəblərdən o, bu tədbirlərdə iştirak edə bilməyəcək. Məlumat üçün bildirək ki, Oksford Akademik Birliyi 2014-cü ildə Avropa Rektor klublarının bazası əsasında dünya elmi və biznes cəmiyyətinin tələbi ilə yaradılıb. Bununla bağlı, memorandum dünyanın 30 ölkəsinin tanınmış rektor, müəllim və alimləri tərəfindən imzalanıb. Birliyin təsis olunmasında əsas məqsəd XXI əsrdə elm və təhsilin inkişafı üçün alimlərinin səylərinin birləşdirilməsi, həmçinin müasir istehsalda yeniliklərin tətbiqinin təşviq edilməsidir.

Nəzrin Cavid