https://www.zirve.edu.az/
06.08.2018 11:55
Rezidenturaya plan yerləri nə zaman elan olunacaq? – Nazirlər Kabineti AÇIQLADI  

“Plan yerlərinin elan olunması üçün hazırlıq işləri davam etdirilir”

Bu barədə AzEdu.az-a açıqlaması zamanı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib. O, dəqiq tarixin məlum olmadığını diqqətə çatdırıb:

“Plan yerlərinin elan olunması üçün hazırlıq işləri davam etdirilir. Yerlər hazır olandan və təsdiq edildikdən sonra elan olunacaq”.

Xatırladaq ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 16-da başa çatıb. İxtisas seçimi başa çatandan sonra isə Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqənin nəticələri elan olunmalı idi. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən rezidenturaya qəbul üzrə plan yerlərinin artırılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilməsi barədə DİM-ə məlumat verilib. Rezidenturaya qəbul üzrə əlavə plan yerləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən və DİM-ə göndərildikdən sonra həmin yerlər haqqında məlumat veriləcək. Bundan sonra “Namizədin elektron ixtisas seçimi” ərizəsinin yenidən aktiv edilmə tarixləri elan ediləcək.

Namizədlər ixtisas seçimi edərkən mövcud plan yerlərini nəzərə alıblar. Plan yerlərinin artırılacağını nəzərə alaraq Dövlət İmtahan Mərkəzi tərəfindən “Namizədin elektron ixtisas seçimi” ərizəsi yenidən aktiv edildikdən sonra ərizəsində dəyişiklik etmək istəyən namizədlər sistemə daxil olaraq “Ərizənin təsdiqini ləğv et” düyməsini basmaqla istədikləri dəyişiklikləri edərək ərizələrini yenidən təsdiq edə biləcəklər. Hər hansı bir dəyişiklik etmək istəməyən namizədlərin ərizələri isə olduğu kimi qalır və onlardan ərizələrini yenidən təsdiq etmək tələb olunmur.

Beləliklə, yalnız, namizədlər əlavə edilən plan yerlərini də nəzərə almaqla ixtisas seçimi etdikdən sonra rezidenturaya qəbul olmaq üçün müsabiqə keçiriləcək və nəticələr elan ediləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları