Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-25 17:58:00
Təhsil İnstitutu təbiət fənlərinin tədrisi ilə bağlı vebinar təşkil edib  

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən “Təbiət fənlərinin tədrisi” adlı vebinar təşkil edilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, vebinarın moderatoru “Scientix”in Azərbaycandakı səfiri, Bakı şəhəri 60 nömrəli tam orta məktəbin kimya müəllimi Şirin Məmmədova olub. 189 müəllimin iştirakı ilə keçirilən vebinarda “Scientix” təşkilatının ümumi fəaliyyəti və Azərbaycanda təbiət fənlərinin tədrisində yaranan çətinliklər barədə məlumat verilib. Həmçinin V sinif üçün yeni “Təbiət” dərsliyi ilə bağlı suallar cavablandırılıb və dərsliyin tədqiqata əsaslanması nümunələrdə göstərilib. Sonda müəllimlərin istifadə edə biləcəyi faydalı linklər paylaşılıb.

 

Qeyd edək ki, “Scientix” təşkilatı dünyanın bir çox ölkələrində təbiət fənlərinin və inteqrativ “STEAM” tədrisinin inkişafını hədəf götürüb. Təşkilat müəllimlərin peşəkarlığını artırmaq məqsədilə vaxtaşırı canlı və ya onlayn kurslar təşkil edir. “Scientix” ilə əməkdaşlıq edən müəllimlər və tədqiqatçılar öz təcrübələrini daim bölüşərək geniş müəllim və tələbə auditoriyasını təbiət fənləri üzrə yeniliklərlə tanış edir. Dərs resursları “Scientix” tərəfindən toplanaraq müəllim və tələbələrin sərbəst istifadəsinə verilib.