Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-13 14:41:00
Peşə məktəbindən  birbaşa universitetə - Bu, işsizliyi də azaldacaq -PROQNOZ

 

 

Bir müddət öncə “Peşə təhsili haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı təkliflər irəli sürüldü.

 

 

Dəyişikliyə əsasən, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ da veriləcək. Eyni zamanda bu müəssisələri bitirən şəxslərə attestat təqdim olunacaq, yüksək texniki peşə təhsili məzunları peşə təhsili haqqında dövlət sənədilə ali təhsil müəssisəsinə qəbul ola biləcəklər. Bu şəxslərə subbakalavr ixtisas dərəcəsi veriləcək,onların topladıqları kreditlər universitetdə nəzərə alınacaq.

 

 

Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev AzEdu.az-a açıqlamasında dəyişiklərin kollec və peşə təhsili məzunlarının işsizlik probleminə öz təsirini göstərəcəyini bildirib:

 

“Təhsil haqqında son vaxtlar müsbət dəyişiklər baş verir. Bu dəyişikliklər şagirdlər və tələbələr üçün təhsilin əlçatan olması deməkdir. Məlumdur ki, hazırda işsizlik bizi ən çox düşündürən problemlərin əvvəlində gəlir. Bu zaman universitet məzunları çətin olsa da iş tapa bilirlər, ancaq təəssüf hissi ilə demək olar ki, kollec və peşə təhsilini bitirənlər iş tapmaqda çətinlik çəkirdilər. Əvvəlcə kollec məzunlarına(subbakalavrlara),indi isə peşə təhsilini bitirənlərə tələbə olmaq şansının yaradılması,həm  ümumilikdə təhsilimiz, həm də təhsil alanlar adına gözəl bir addım oldu”.

 

Ekspert subbakalavrların universitetə qəbul zamanı abituriyentlərdən təcrübə və savad baxımından daha öndə olacaqlarını vurğulayıb:

 

“İllərdir kollec və peşə təhsilinin lazımsız olması haqqında fikirlərin əksinə verilən bu qərarlarla onlara daha çox tələb yaranacaq. Çünki universitetə qəbul olmayanlar peşə təhsilinə yiyələnməklə həm müəyyən peşəyə sahib ola biləcək, həm də tələbə adını qazanmaq şansı əldə edəcəklər. Onu da qeyd etmək istəyirəm ki, peşə təhsilindən universitetə qəbul olan tələbələr abituriyentlərdən həm təcrübə, həm də savad baxımından daha öndə ola bilərlər”.

 

 

Dəyişiklər haqqında AzEdu.az-a  danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov  müəssisələrin peşə təhsilinə baxışının dəyişməli olduğunu bildirib:

 

 

“Son edilən yeniliklər vacib və əhəmiyyətlidir. Eyni zamanda peşə təhsilinə marağı artıracaq, ona birmənalı olaraq öz təsirini göstərəcək. Bununla biz artıq peşə təhsilinə fərqli bir yanaşmanı müşahidə edirik. Artıq bu sahədə yeni bir istiqamət, yeni bir yanaşma mövcuddur və mövcud olacaq. Sadəcə, mən hesab edirəm ki, buna paralel olaraq biz peşə təhsilində keyfiyyətin artırılması istiqamətində də səylə çalışmalıyıq. Yəni müəssisələrinin özləri tərəfindən peşə təhsilinə baxış dəyişməlidir”.

 

Deputat bu təhsil növündə bir sıra hallarda neqativ halların müşahidə olunduğunu bildirib:

 

“Düşünürəm ki, peşə təhsili müəssisələri də öz fəaliyyətlərini günün tələblərinə uyğun qurmalıdırlar. Bir sıra hallarda bu təhsil növü ilə bağlı neqativ halların səsləndirilməsi də müşahidə olunur. Əslində, yeni qərarlar dövlətin peşə təhsilinin stimullaşdırılmasına yönəlik növbəti diqqətidir. Həmin təhsil müəssisələri də bu etimadı doğrultmalı, öz üzərlərində işləməli və daha çox çalışmalıdırlar ki, biz bu təhsildə də inkişafa nail olaq. Nəticədə bu sahəyə maraq və diqqət artsın, bu təhsil növü və ümumilikdə təhsilimiz inkişaf etsin”.