Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-06 10:45:00
Neftçalada yüksək bal toplayan gənclərlə görüş keçirilib

Neftçala rayonunda ali məktəblərə keçirilən qəbul imtahanlarında 600 baldan yüksək nəticələr göstərən rayon gəncləri ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki , görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, Rayon Təhsil şöbəsinin müdiri, məktəb direktorları, imtahanlarda yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər.

 

Görüş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhunu bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

 

Neftçala RİH başçısı Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından, rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının zənginləşdirilməsindən danışıb. Ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu da qeyd edilib. Neftçala rayonunda Heydər Əliyev Fondunun Yeniləşən Azərbaycana Yeni Məktəb layihəsi çərçivəsində 2020-ci ildə Xıllı qəsəbə 1 saylı tam orta məktəbi şagird və müəllimlərin istifadəsinə verilib, həmçinin Bankə qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən yeni Bankə qəsəbə 2 saylı tam orta məktəb binasının tikintisi aparılır.

 

Rayon Təhsil şöbəsinin müdiri Vüqar Dadaşov çıxış edərək bildirib ki, 2020-ci il ilə müqayisədə 2021-ci ildə ali məktəblərə imtahanlar zamanı 600 baldan yüksək nəticə göstərənlərin göstəricisində 75% artım olub.

 

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq 2020-2021-ci tədris ilində Neftçala rayonunun orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edən məzunlardan 7-i 600-dən yuxarı bal toplayıb. Rayon üzrə ən yüksək nəticəni Qədimkənd kənd tam orta məktəbinin məzunu Babayev Qulu İsmayıl oğlu (665 bal) göstərib.

 

Məzunlar respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Sonda Neftçala RİH başçısı əldə edilən nəticələrə görə bütün təhsil müəssisəsinin müəllimlərinə, valideynlərə öz təşəkkür bildirib və yeni təhsil ilində daha yüksək nəticələr əldə etməyi, uğurlar qazanmağı arzulayıb.

 

Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən məzunlar 2020-2021-ci tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərdiklərinə görə Fəxri Fərman ilə təltif olunublar və xatirə hədiyyələri təqdim edilib.

 

Sonda yüksək bal toplayan məzunlar ilə xatirə şəkili çəkilib.