Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-25 11:10:00
“Əgər valideyn bunu etsə, abituriyent də intihara can atmaz” – 700 bal yığan kənd şagirdi

700 bal toplayan Kənan Məhəmmədli: “Kənd mühitində böyüməyimin mənim üçün heç bir mənfi nəticəsi olmayıb”

Həmsöhbətimizi soruşsanız...

18 iyulda keçirilən qəbul imtahanlarında 700 bal toplayan 15 nəfərdən yalnız ikisi rayon məktəblərinin məzunudur.

Onlardan biri Göyçay rayonunun Ləkçiplaq kənd 1 saylı tam orta məktəbinin məzunu Şəkər Qədirli, digəri isə Goranboyun  Safıkürd kənd tam orta məktəbinin yetirməsi Kənan Məhəmmədlidir.

Müsahibimiz  Kənan Məhəmmədli I ixtisas qrupu üzrə qəbul imtahanında ona təqdim olunan bütün sualları düzgün cavablandıraraq, maksimum nəticə göstərib:

AzEdu.az Kənan Məhəmmədlinin abituriyentlik fəaliyyəti və maraq dünyası haqqında söhbətini sizə təqdim edir:

Olimpiadada xəta, qəbulda əta

-VI sinifdə oxuyanda liseylərə qəbul imtahanında Mingəçevir üzrə II yerə çıxmışam. Goranboyda şahmat üzrə rayon birinciliyinin qalibi olmuşam. Bu il Respublika fənn olimpiadasında Fizika fənni üzrə II mərhələyə qədər yüksəlsəm də, III mərhələyə keçə bilmədim. Fikrimi daha çox qəbul imtahanına yönəltdiyim üçün Fizika fənni ilə ayrıca məşğul ola bilmədim. Ona görə də olimpiadada müəyyən səhvlərə yol verdim. 

“Sevirəm... Amma “Elektromaqnit induksiya” qanununu”   

-Fizika və ingilis dili ən sevdiyim fənlərdir. Bunun hansı səbəblə bağlı olduğunu deyə bilmərəm. Ancaq bu fənlər məni daha çox cəzb edir. “Elektromaqnit induksiya” qanununun fizikada yer aldığı bölmə fənnin ən çətin və ən maraqlı bölməsi hesab olunur. Bu, mənim üçün də belədir. Bütün fənləri eyni dərəcədə öyrənməyə çalışsam da, Azərbaycan dilindən olan suallarda müəyyən qədər çətinliyim olurdu.

Yeri gəlmişkən: Elektromaqnit induksiya maqnit sahəsində hərəkət edərək öz kontorundan keçən maqnit induksiya xətlərinin sayını dəyişdirən keçirici kontorda elektrik cərəyanınıdır. Elektormaqnit induksiyası 1831-ci ildə Maykl Faradey tərəfindən kəşf olunub. Faradey Londonda kasıb dəmirçi ailəsində anadan olub. 

Təhsil ardıcıllığım – Kənd, şəhər və xaric

-Kənd mühitində böyüməyimin mənim üçün heç bir mənfisi olmayıb. Kənd məktəbi olmasına baxmayaraq, bizim məktəbdə təhsilin səviyyəsi aşağı deyil. Kifayət qədər peşəkar müəllimlər var. Bu uğuru qazanmağımda məktəb və hazırlıq müəllimlərimin rolu danılmazdır.

İxtisas seçimi zamanı Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması ixtisasını seçəcəm. Universiteti bitirdikdən sonra magistraturaya daxil olub təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram. 

“Şərq Ekspresi”... Erkul Puaro... Aşkarlanan  qatillər 

-Boş vaxtlarımda musiqi dinləməyi, dedektiv əsərlər oxumağı və şahmat oynamağı sevirəm. Aqata Kritsi və Artur Konan Doyl ən sevdiyim yazıçılardır. Dedektiv janra marağım uşaqlıqdan yaranıb. “Şərq Ekspresi”ndə qətl əsərində Erkul Puaronun qatilləri aşkara çıxardığı səhnəni çox bəyənirəm.

Birini də deyək: “Şərq Ekspresi”ndə qətl əsərinin müəllifi dedektiv yazıçı Aqata Kristidir.

Səhər tezdən birinci dərəcəli kupedə kişi meyiti aşkarlanır. Elə bu zaman qatar yolda qalaqlanmış nəhəng qar topası səbəbindən dayanmalı olur və hərəkət edə bilmir. Puaro bu qətl hadisəsini araşdırmaq məcburiyyətində qalır. İşin çətin yanı  odur ki, qatardakı hər bir möhtərəm sərnişinin, texniki heyət üzvünün qatil çıxmaq ehtimalı var. Yalnız Puaro kimi mahir dedektiv, öz parlaq istedadı və iti məntiqi sayəsində belə bir dolaşıq qətl hadisəsini açmağa yardım etmək iqtidarındadır.

“Abituriyenti intihara aparanlar – valideyn və qohum təzyiqi”

-Valideynlər övladlarına onların topladıqları baldan asılı olmayaraq hər zaman dəstək olmalıdırlar. Belə olsa, intiharların da qarşısı alınar. Çünki imtahan hələ hər şey demək deyil. Əsl həyat qarşıdadır.

Abituriyentlərə tövsiyələr...

-Bacardığın qədər daha çox test işləmək vacibdir. Ən əsası da aşağı siniflərdən yaxşı oxumaq lazımdır ki, sonra hər şey şagird üçün asan olsun. X və XI siniflərdə digər bütün məşğuliyyətləri nisbətən özündən kənarlaşdırmaq lazımdır. Vaxtdan səmərəli istifadə vacibdir. Boş yerə vaxt itkisinə yol vermək olmaz. Əsas vaxtı oxumağa və istirahətə ayırmaq lazımdır. Abituriyent olanda mobil telefonum olsa da, heç bir sosial şəbəkədən istifadə etməmişəm.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları