https://www.zirve.edu.az/ #
2021-07-23 16:19:00
Arzusu dünya şöhrətli rəssam olmaqdır-12 yaşlı Nəzrinin uğur hekayəsi

12 yaşlı Nəzrinin uğur hekayəsi

 

 

Anadangəlmə sağlamlıq imkanı məhdud olan 12 yaşlı   Nəzrin Əliyeva Bakı Musiqi  Akademiyasının tərkibində İncəsənət Gimnaziyasının  6-cı sinfində təhsil alır. Lap kiçik yaşlarından şəkil çəkməyə olan hədsiz  marağı onu gimnaziyaya yönəldib. Ötən illər ərzində  rəssamlığa meyli o qədər artıb ki, artıq öz gələcək taleyini  məhz bu sənətə bağlayacağına qərar verib.

 

Çünki o, həyatın məna və məzmununu yalnız al-əlvan  rənglərin ahəngində, fırçanın hökmü ilə yaradacağı möcüzələrdə, həmin  rənglərin dili ilə təsvir edəcəyi xoşbəxtlik modellərində tapacağına əmindir.

 

Hələ kiçik yaşlarından şəkil çəkmək məqsədilə korladığı  ağ kağızların sayı-hesabı olmayıb, ancaq bu, valideynləri narahat etməyib, əksinə seviniblər. Balaca qızcığazda olan bu həvəsi hiss etdiklərinə görə  ana və ata bir-birinin bəhsinə onun üçün çoxlu ağ kağız alırlarmış. Və nəhayət, günlərin bir günü qərara gəliblər ki, artıq istedada işıq yandırmağın  zamanı yetişib. Nəzrinin əlindən tutub gətiriblər  adıçəkilən bu gimnaziyaya. Anası Kəmalə Əliyevanın söylədiyinə görə, yolboyu xoş xatirələr bir an  belə onu rahat buraxmayıb, - bilmək olmaz, bəlkə elə balamız  gələcəkdə ən tanınmış bir rəssam olacaq, düşünürmüş. Bəli, beləcə ailədə yekdil qərar qəbul olunub və Nəzrin hazırda təhsil aldığı  İncəsənət Gimnaziyasının nümunəvi şagirdinə çevrilib. Təhsil  ocağında onları ilk qarşılayan  rəsm müəllimi  Əminə Dadaşova Nəzrinin fərqli bir uşaq olduğunu, rəsmə böyük maraq göstərdiyini dərhal duyub və onu öz  qrupuna  üzv edib.

 

İlk uğuru sonrakı qələbələrə  stimul olub

 

2017-ci ilin noyabrında   Nəzrin  Dövlət Bayrağı Günü münasibətilə  keçirilən “Bayraqları bayraq yapan  üstündəki qandır!” adlı  müsabiqədə  iştirakına görə fəxri fərmanla və müxtəlif hədiyyələrlə təltif olunub. Həmin ilin dekabrında  isə növbəti  yarışmaya  qatılıb və  müsabiqəyə təqdim etdiyi yaradıcılıq nümunələri ilə fərqlənib. Belə ki, o, Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən  “Fövqəladə hallar uşaqların gözü ilə” VII Respublika Uşaq Yaradıcılıq müsabiqəsində   rəsm  nominasiyası üzrə birincilik qazanıb. 2018-ci il  9 noyabr  tarixində  Dövlət Bayrağı Günü münasibətilə  keçirilən “Üç rəngli bayrağınla məsud yaşa!”  adlı  rəsm müsabiqəsində həvəskar rəssam II yerə layiq görülərək   diplomla,  sertifikatla təltif olunub.

 

Onun zəngin fantaziyası

 

20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan  və  Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında  “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilən rəsm müsabiqəsində Nəzrinin  fantaziyası, igidlərimizin qəhrəmanlıq salnaməsinə özünün  yeni rəng və ahəng  qatması, onları əsil cəngavərlər kimi təsvir etməsi  münsiflərin diqqətindən yayınmayıb və o, II yerə layiq görülüb. Sevindirici haldır  ki, 2018-ci ildə tərtib olunan  Azərbaycan XXI əsr istedadlar kitabında Nəzrin  Əliyeva barədə də  geniş məlumat yer alır.

 

N.Əliyeva 2019-cu il “Uşaq hüquqları - bərabər” mövzusunda keçirilən tədbirdə fəal iştirakına görə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyələrə layiq  görülüb. Yeri gəlmişkən, müxtəlif  markalı maşınların kolleksiyasını həvəslə toplayan Nəzrin  2019-cu ilin yanvarında  13-cü  “Toyota - arzularımın maşını” rəsm müsabiqəsində “Yaradıcılıq axtarışına görə” sertifikatla  mükafatlandırılıb.

 

“Nə yaxşı ki, mən varam”

 

2019-cu ilin 1 iyun tarixi  də  Nəzrin üçün yaddaqalan  olub. Belə ki, o, Uşaqların Müdafiəsi Gününə həsr olunmuş “Nə yaxşı ki,  mən varam” mövzusunda Respublika rəsm müsabiqəsində onlayn səsvermə nəticələrinə əsasən qalib olub və  KamART İncəsənət Qalereyası tərəfindən II yerə layiq görülərək diplomla, hədiyyələrlə mükafatlandırılıb. Bütün bu  nailiyyətlərə görə Nəzrin valideynlərinə və sevimli müəlliminə özünü borclu sayır.

 

Qələbə bizimdir

 

Vətən müharibəsi  ərəfəsində keçirilən rəsm müsabiqəsində Nəzrinin 2 rəsmi ayrı-ayrı nominasiyalar üzrə  I yerə layiq görülüb. Belə ki, çəkdiyi  qız və başındakı araxçından uzanan bayraq  şəkli onu  birincilik  zirvəsinə ucaldıb. Həmin rəsmə “Qarabağa gedən yol” adını verib. 2-ci rəsmdə isə əlini açıb dua edən oğlanı, Şuşaya gedən yolu və düşmənlərin məğlubiyyətini  təsvir edib. Bu rəsm isə “Qələbə bizimdir”  adlanıb.  Çox çəkmədi  ki, Nəzrinin arzuları  reallaşdı və Müzəffər Ordumuzun şücaəti sayəsində qələbə bizim oldu, Qarabağ işğaldan azad olundu.

 

Nizami ili də Nəzrin üçün düşərli olub. Onun Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə verdiyi illüstrasiya  1 nömrəli Uşaq-Gənclər Mərkəzi tərəfindən  bəyənilərək  sertifikatla  mükafatlandırılıb. Daha sonra  2021-ci ilin martında “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlanan onlayn Respublika baxış müsabiqəsində iştirak edərək  1-ci yerə layiq görülüb və  diplomla təltif olunub. Nəzrin  görkəmli fırça ustası, Xalq rəssamı mərhum Tahir Salahov yaradıcılığının vurğunudur. Onun  yaratdığı rəsmlər Nəzrinin ruhunu çox oxşayır, mənəvi  aləmini zənginləşdirir. Buna görə də  arzusu  gələcəkdə Tahir Salahov kimi  dünyaşöhrətli rəssam olmaqdır.

 

Pandemiya dövründə  də Nəzrin  yaradıcılıq fəaliyyətinə  bir gün belə fasilə verməyib. Müəllimi Əminə Dadaşova  öz yetirməsinin  çalışqanlığından çox razıdır, birmənalı olaraq onun gələcəyinə  ümidlə baxır. Əmindir ki, onun həssas qəlbli, dərin fəlsəfi düşüncəli Nəzrin Əliyevanın üzərindəki əməyi hədər getməyəcək və o, gələcəkdə  korifey sənətkar zirvəsinə, Tahir Salahov  pilləsinə əzmkarlığı sayəsində ucalacaq.

 

Sifai SƏFƏROVA/Azərbaycan müəllimi