Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-14 16:15:00
MDU-nun bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər-FOTO  

2021-ci ilin 12 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim kollektivi üzvü universitetin 44 günlük Vətən Müharibəsində şəhid olan məzunu Kənan Abdullayevin xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının və qazilərin də iştirak etdiyi açılış mərasimində MDU-nun qəhrəman məzununun adını daşıyan bulağa gül dəstələri düzülüb və onun əziz xatirəsi böyük ehtiramla yad edilib.

 

Tədbirdə çıxış edən MDU-nun “Xarici dillər” kafedrasının dosenti Mayıl İsmayılov şəhid K.Abdullayevin tələbəlik illərindən bəhs edib və onu yüksək mənəvi keyfiyyətlərə malik olan nümunəvi gənc kimi xatırladığını qeyd edib. Azərbaycan xalqına igid, qeyrətli və mərd oğullar yetişdirən valideyinlərə dərin ehtiramını bildirən M.İsmayılov ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.

 

Tarixi zəfərin qazanılmasında pay sahibi olan qəhrəman məzunların tələbə gənclərə tanıdılması və onların göstərdikləri şücaətlərin təbliği istiqamətində MDU-da görülən işlərdən danışan universitetin Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru Minayə Hüseynova dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi olduğunu qeyd edib.

 

Sonra, MDU-nun tələbə gəncləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

 

Azərbaycan Ordusunun leytenantı, 29 yaşlı Kənan Abdullayev 2011-2015-ci illərdə MDU-da ali təhsil alıb. 2020-ci ilin 16 oktyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan universitetin qəhrəman məzunu dövlət başçımızın müvafiq Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Qeyd edək ki, otuz illik yurd həsrətinə son qoyan 44 günlük tarixi zəfər yürüşündə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhidlik zirvəsinə ucalıb. Tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsinin daim uca tutulması və göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.