Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-12 17:44:00
Azərbaycan və Türkiyənin elmi müəssisələri arasında əlaqələr genişləndirilir  

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Türkiyənin İstanbul şəhərində yerləşən Nezahat Gökyiğit Botanika Bağının müdiri, professor Adil Günerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Akademiyadan AzEdu.az-a bildirilib ki, görüşdə akademik İradə Hüseynova Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib, Vətən müharibəsi günlərində Türkiyə Respublikasının mənəvi dəstəyinin Azərbaycanda yüksək qiymətləndirildiyini bildirib. O, daha sonra AMEA-nın Botanika İnstitutu, Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutu, bu institutlarda aparılan tədqiqat işləri, Azərbaycan Respublikasının “Qırmızı kitab”ının 3-cü nəşri haqqında geniş məlumat verib, birgə elmi tədqiqatların aparılması sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət çəkib.

 

Adil Güner ilk dəfə səfər etdiyi Azərbaycan, buradakı elmi-tədqiqat institutları, Mərkəzi Nəbatat Bağı haqqında təəssüratlarını bölüşüb, elmi əməkdaşlığa hazır olduqlarını bildirib. O, Türkiyə florasının 30 cildliyinin ilk 2 cildini və Nezahat Gökyiğit Botanika Bağının bukletini Biologiya və Tibb Elmləri Bölməsinə hədiyyə edib.

 

Akademik İradə Hüseynova isə Azərbaycan Respublikasının “Qırmızı kitab”ının 2-ci nəşrinin ikicildliyini, AMEA-nın təşkilatçılığı ilə keçirilmiş “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi” mövzusunda onlayn konfransın materiallarını qonaqlara təqdim edib.

 

Görüşdə əməkdaşlıq əlaqələrinin başlıca istiqamətləri haqqında fikir mübadiləsi aparılıb, işğaldan azad edilmiş ərazilərin öyrənilməsinin bu istiqamətlər arasında mühüm yer tutmasının vacibliyi vurğulanıb.