Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-27 15:51:00
Müsəlman Şərqinin ilk Cümhuriyyəti  

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 103 il keçir. Son 30 ilə yaxın bir müddətdə biz ilk dəfə Cümhuriyyətimizin ildönümünü qalib xalq və qalib dövlət olaraq qeyd edirik. Uzun illər boyu işğal altında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilib. Müqəddəs dövlət bayrağımız Şuşada və işğaldan azad edilən digər ərazilərimizdə dalğalanır. Zülmətdə olmuş həmin ərazilərə yeni nəfəs, yeni həyat gəlir...

 

Bu fikirlər Milli Məclisin deputatı, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının “Müsəlman Şərqinin ilk Cümhuriyyəti” sərlövhəli məqaləsində yer alıb. AzEdu.az  məqaləni təqdim edir.

 

1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura tərəfindən müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında Azərbaycanın dövlət müstəqilliyi elan edildi. Cümhuriyyətin qurulmasına aparan yol necə olub? Cümhuriyyət necə elan edilib? Azərbaycan hökumətinin ölkə daxilində həyata keçirdiyi tədbirlərin əhəmiyyəti nədən ibarət olub? Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət fəaliyyəti necə olub? Hansı amillər Cümhuriyyətin süqutuna səbəb olub? Cümhuriyyət dövrü tariximizdən nələri öyrənməli və hansı ibrət dərslərini almalıyıq?

 

Cümhuriyyətin elanı bir sıra amillərin təsiri altında oldu. Məlumdur ki, çarizmin işğalına qədərki müəyyən dövrdə Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri var idi. Lakin 1828-ci ildə Azərbaycanın şimal topaqları çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. İki yerə bölüşdürülsə də, Azərbaycan xalqı işğalla barışmadı. Azərbaycanın şimalında işğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının məhvinə başlandı. Müstəmləkəçiliyə qarşı çıxanları amansız Sibir sürgünləri və həbsxanalar gözləyirdi. Belə bir fakt maraqlıdır ki, Cümhuriyyət elan edilənədək Sibir sürgünündə təxminən 5 min nəfər azərbaycanlı var idi. Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri qəddarlıqla məhv edirdi. Aparılan islahatlar başlıca olaraq çarizmin ümumi müstəmləkəçilik mənafelərinə, ucqarları imperiya mərkəzinə daha sıx bağalamağa xidmət edirdi. Azərbaycanda demoqrafik şəraiti dəyişdirmək məqsədi ilə qeyri-azərbaycanlılar, xüsusən ermənilər iri şəhərlərə və müxtəlif yaşayış məntəqlərinə yerləşdirilirdilər. Yadellilərin gəlməsi sadəcə demoqrafik şəraiti dəyişdirmədi, onlar yerli əhaliyə məxsus zəngin torpaqlara sahib oldular və varlandılar. Gəlmələr üçün üstün şərait yaradılırdı. Bütün bunlar təkcə sosial deyil, milli ziddiyyətləri də kəskinləşdirirdi. Sonrakı dövrlərdə baş verən ən böhranlı anlarda məhz gəlmələr çarizmin müstəmləkəçilik siyasətinin yerlərdə dayaqlarına çevrildilər. Azərbaycanın qarşılaşdığı bütün milli və ərazi problemlərinin təməlləri məhz işğaldan sonra çarizm tərəfindən qoyuldu. Çarizm özünün ümumi imperiya mənafeləri naminə Azərbaycanda işlərin aparılmasına kömək edən yerli etibarlı şəxslərdən ibarət məmurların yaradılmasında maraqlı idi. Bütün bunlar çarizmin müstəmləkəçilik siyasətinə xidmət edirdi.

 

“Hansı məqsədlər güdməsindən asılı olmasına baxmayaraq, açılan məktəblər və mədəni-maarif müəssisələri Azərbaycan xalqının maariflənməsinə, dövrünün elm və mədəniyyət nailiyyətlərindən xəbər tutmasına imkan verirdi. Ana dilində ilk qəzet dərc edildi. İlk milli teatr yaradıldı. Maarifçilik xalqda milli hisslərin oyanmasında, milli şüurun inkişafında, milli özünüdərkində və nəhayət, milli hərəkatın yaranmasına gətirdi. Azərbaycan xalqının millət olaraq formalaşmasında bu amillər mühüm rol oynadı. Rusiyada gedən proseslər heç şübhəsiz, Azərbaycana da təsirsiz ötüşmədi. İmperiya tərkibində olan Azərbaycanın şimalında xalqımızın ümmətçilikdən millətçiliyə keçməsi Cənubi Azərbaycana nisbətən daha sürətli oldu. Azərbaycanın şimalı Rusiya vasitəsi ilə Avropaya daha çox yaxınlaşdı. Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi və b. ziyalılar xalqın maariflənməsində əvəzsiz xidmət göstərdilər. Carizm dövründə yaradılmış müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri xalqın problemlərinin həllinə yardım edilməsində, humanitar əsasda birləşməsində müəyyən rol oynayırdı. “Azərbaycanlılar” ifadəsindən həmin vaxtlarda dərc edilən rus dilli qəzetlərdə istifadə edilməyə başlandı.

 

1905-1907-ci illər inqilabı və ondan sonra baş verən proseslər Azərbaycana da yeniliklər gətirdi. Bu dövrdə bütün dünyada gedən ictimai-siyasi hərəkatda iki böyük cərəyan – millətçilik, milli-azadlıq hərəkatı və sosial-demokratiya paralel olaraq gedirdi. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün Azərbaycan ziyalıları ictimai və siyasi təşkilatlar yaratdılar. Milli-azadlıq hərəkatı son nəticədə imperiyanın dağılmasına, zülm altında inləyən xalqların azad olmasına və müstəqil dövlətlərinin yaradılması məqsədini güdürdüsə, sosial-demokratiya isə mahiyyətinə görə, rejimi dəyişməklə imperiyanın qorunub-saxlanılmasına yönəlmişdi. Azərbaycan xalqının istəklərinin ifadəçiləri, milli-azadlıq hərəkatının öncülləri Difai, Müsavat, sosial-demokratiyanın təmsilçisi isə Hümmət oldu. Müxtəlif cərəyanları təmsil edən partiyaların mövcudluğu Azərbaycan siyasi tarixinin zənginliyini və çoxtərəfliliyini göstərir. Eyni zamanda, millətin inkişafına dair ictimai-siyasi təşkilatların fərqli yollar axtarması da düşündürcüdür və bir sıra suallar doğurur.

 

Çarizm Azərbaycanda pantürkçüləri və panislamçıları, müstəqillik tərəfdarlarını amansızlıqla təqib edirdi. Birinci Dünya müharibəsi və ya o zaman deyildiyi kimi, Böyük müharibə xalqları özlərini mühafizə etmək və gələcək həyatlarını necə qurmaq barədə düşünməyə vadar edirdi. İri imperiyaların və müstəmləkə zülmü altında inləyən xalqların həyatlarının əvvəlki kimi olmayacağı artıq müharibənin əvvəllərindən aydın idi. Heç əbəs deyil ki, müharibənin sonlarında yaranmış gərgin vəziyyətdə Azərbaycanın taleyi məsələsində azərbaycanlı ziyalılar Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və b. müstəsna rol oynayaraq məsuliyyəti öz üzərlərinə götürdülər. Azərbaycanın gələcəyini düşünən şəxslər müxtəlif yollar aramağa başladılar. Millətin problemlərinin həllində xeyriyyə cəmiyyətlərinin özünəməxsus rolu var idi.

 

1917-ci ilin fevral ayında Rusiyada çarizm devrildi, monarxiyaya son qoyuldu. Müvəqqəti hökumət quruldu. Bu zaman ölkədə faktiki olaraq üç hakimiyyət – Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər. Oktyabr ayında bolşeviklərin hakimiyyətə çevriliş yolu ilə gəlməsi və müharibədən çıxdığını elan etməsi tamamilə yeni bir şərait yaratdı. Noyabr ayının əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar. Bundan bir neçə gün sonra Antanta ölkələrinin yardımı ilə Tiflisdə Transqafqaz Komissarlığı yaradıldı. Rusiyada bolşevik hökuməti müharibədən çıxdığını elan edərək Almaniya və müttəfiqləri ilə barışıq imzaladı. Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məslisinə seçilən deputatlar mərkəzdə fəaliyyətə başlaya bilmədiklərindən və bu orqan bolşeviklər tərəfindən qovulduqdan sonra onlar 1918-ci ilin fevralında Tiflisdə Transqafqaz Seymini (parlamenti) yaratdılar. Seymdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin ilin aprelində seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı. Osmanlı dövləti Cənubi Qafqaz istiqamətində əlverişli imkan qazandı. Regionun əhalisinin etnik və dini mənsubiyyəti baxımından Osmanlı digər ölkələrdən xeyli üstün idi.

 

Azərbaycan uğrunda böyük dövlətlərin mübarizəsi gücləndi. Rus Qafqaz cəbhəsi dağıldı. Ordu hissələri ilə birlikdə geri dönən erməni silahlı bandaları Cənubi Qafqazda kütləvi qırğınlar törətdilər. Qırğınların zirvə nöqtəsi 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilən söyqırımı oldu. Soyqırımında başlıca məqsədi müstəqillik tərəfdarlarını məhv etmək, onun sosial dayaqlarını dağıtmaq, müharibənin son mərhələsində döyüşən dövlətlərin strategiyasında mühüm yer tutan Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək və Osmanlı hücumlarının qarşısını almaq idi. Transqafqaz Seymi azərbaycanlılara qarşı erməni silahlı bandalarının törətdikləri qırğınları dayandıra bilmədi. Ermənilərin əsassız iddiaları nəticəsində kəskinləşən daxili ziddiyyətlər ucbatından Seymin süqutu yaxınlaşdı.

 

 

Almaniyaya arxalanan gürcülər mayın 26-da Seymdən çıxaraq dövlət müstəqilliklərini elan etdilər. Azərbaycan fraksiyası mayın 27-də toplaşaraq dövlət müstəqilliyini elan etmək qərarına gəldi. Bu zaman Osmanlı ilə Zaqafqaziya arasında Batumda keçirilən danışıqlarında iştirak edən M.Ə.Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçildi. Fraksiya özünü Azərbaycan Milli Şurası elan etdi. Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi. Milli Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında altı bənddən ibarət Azərbaycanın İstiqlal bəyannaməsi qəbul edildi. Azərbaycanlıların tarixi torpaqlarında ermənilərin yaratdıqları Ararat Respublikasının paytaxtı olmadığından Azərbaycan Milli Şurası iki xalq arasında milli sülhün yaradılması, digər ərazilərə əsassız iddialar irəli sürməyəcəyi düşüncəsi ilə İrəvanı paytaxt olaraq güzəştə getdi. Beləliklə, gəlmə ermənilərə azərbaycanlı torpaqlarında Cənubi Qafqazda dövlət yaradıldı və paytaxt şəhəri verildi. Lakin bununla kifayətlənməyən daşnak Ermənistanı azərbaycanlılara qarşı soyqırımları davam etdirdi və əsassız ərazi iddialarını genişləndirdi.

 

Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seçdiyi Milli

 

Şura dayanırdı. Azərbaycan parlamentli respublika idi. Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı XX əsrdə ilk dəfə olaraq Dövlət Millətinə çevrildi. Əgər Azərbaycan Rusiya tərəfindən xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə ayrı-ayrılıqda qatılmışdısa, 1918-ci ildə onun tərkibindən tək millət, tək dövlət və tək bayraq olaraq çıxdı. Cümhuriyyətin ərazisi Cənub-Şərqi Zaqafqaziyanı əhatə edirdi və 113,9 min kvadratkilometr idi. Bunun 97,3 min kvadratkilometri mübahisəsiz, 16,6 min kvadratkilometri mübahisəli idi.

 

Bu zaman Cənubi Qafqazda 8 milyon 81 min 668 nəfər əhali yaşayırdı. Onun 4 milyon 617 min 671 nəfəri azərbaycanlı idi. Azərbaycan əhalisinin 75,4 faizini və ya 3 milyon 481 min 889 nəfərini azərbaycanlılar təşkil edirdi. Digərləri müxtəlif dövrlərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana yerləşdirilən gəlmələr idi. Cümhuriyyətin elanından sonra milli hökumət yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi. Az sonra hökumət müvəqqəti paytaxt olan Gəncəyə köçdü. Hökumətin qarşısında dayanan başlıca məqsəd Bakını yadelli qüvvələrdən xilas etmək idi. Osmanlı və Azərbaycan hərbçilərindən ibarət qurulmuş Qafqaz İslam Ordusunun hücumları qarşısında tab gətirə bilməyən Bakı Xalq Komissarları Soveti süquta uğradı. Onun yerində qurulan anti-milli Sentrokaspi hökuməti də qaçmağa məcbur oldu. Sentyabrın 15-də Bakı azad edildi. Hökumət paytaxta köçdü. Bakı şəhərinin yadellilərdən azad edilməsi Cümhuriyyətin elanından sonra ikinci böyük hadisə oldu. Almaniya və müttəfiqləri müharibədə məğlub olduqdan və Osmanlı qüvvələri çıxdıqdan sonra Bakıya noyabrın 17-də ingilis generalı Tomson başda olmaqla müttəfiq qoşunları gəldi. Erməni, rus milli şuralarının anti-Azərbaycan fəaliyyətinə baxmayaraq, Tomson Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və baş nazirinə böyük hörmət bəsləyir və yeni koalisiyalı hökumət yaradılana qədər onun hökuməti ölkədə yeganə qanuni hökumət olaraq qalır. Osmanlı bayrağına bənzəyən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dəyişdirildi və üçrəngli bayraq qəbul edildi.

 

Gəncədə öz fəaliyyətini dayandırmış Milli Şura noyabr ayında Bakıda fəaliyyətə başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi. Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi. 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnstutunun binasında) Azərbaycan parlamenti açıldı. 11 fraksiyanın fəaliyyət göstərdiyi parlamentdə yerlər aşağıdakı kimi bölüşdürülmüşdü: türk-müsəlman əhali-80; ermənilər-21; ruslar-10; almanlar-1; yəhudilər-1; gürcülər-1; polyaklar-1; Bakı həmkarlar ittifaqı-3; Bakı neft sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı-2. Lakin Azərbaycanın müstəqilliyini qəbul etməyən ermənilər və başqaları parlamentin işində iştirakdan boyun qaçırdılar. Parlamentin 155 iclası keçirildi. Müzakirəyə çıxarılan 270-dən çox qanun layihəsindən 230-u qəbul edildi. Parlamentin sədri özü iştirak etmədən bu vəzifəyə seçilmiş, heç bir zaman iclaslara sədrlik etməmiş Əlimərdan bəy Topçubaşov, müavinləri Həsən bəy Ağayev və Məmmədyusif Cəfərov idi. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi.

 

Azərbaycan dünya demokratiyasına mühüm töhfə verdi. Azərbaycan Cümhuriyyəti qadınlara səsvermə hüququnu tanımaqla Qərb ölkələrinə nümunə oldu. Himn və bayraq qəbul edildi. Xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və gömrük xidməti quruldu. Ordu yaradıldı. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklərin hazırlanmasına başlandı. İşləməyə xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi.

 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti tanıtmaq idi. Buna görə də hökumət yarandığı vaxtdan etibarən fəal xarici siyasət yürütməyə başladı. İlk növbədə Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə məlumat göndərildi. Azərbaycan hökumətinin ilk addımlarından biri dekabrın 28-də qalib ölkələrin dövlət və hökumət başçılarının Paris sülh konfransına göndəriləcək sülh nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək oldu. 1920-ci il yanvarında Azərbaycanın dövlət müstəqilliyi böyük dövlətlər tərəfindən tanındı. Bu, Cümhuriyyət tarixinin ikinci böyük hadisə olub, Azərbaycan xalqının iradəsinə hörmət əlaməti idi. Antanta ölkələri Azərbaycana yardım göstərilməsi barədə qərarlar qəbul etdilər. Azərbaycan dövləti beynəlxalq münasibətlər sisteminə daxil olmaq üçün ilk addımlar atdı. Xarici siyasətin mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə münasibətlər idi. Lakin bu sahədə çoxlu problemlər mövcud idi.

 

Cümhuriyyət bir sıra amillər ucbatndan süquta uğradı. Ölkədə dövlət quruculuğu problemlərsiz deyildi. Aparılan islahatların ardıcıl deyildi. Aqrar islahat həyata keçirilmədi. Cümhuriyyətin sosial dayaqları zəiflədi. Çarizm tərəfindən Azərbaycana köçürülmüş bir sıra gəlmə xalqlar dövlət müstəqilliyini tanımırdılar. Erməni təcavüzü dövləti zəiflədirdi. Erməni terrorunun və ərazilərin işğalının dayandırılması başlıca problemlərdən idi. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı müstəqil dövlətin yanında idi. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən məğlub oldu. 1920-ci ilin aprelində bolşevik Rusiyası Azərbaycanı işğal edərək müstəqil dövlətə son qoydu. Azərbaycan SSR yaradıldı. Cümhuriyyət olmasaydı, heç şübhəsiz, Azərbaycan SSR-də qurula bilməzdi. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün əlverişli beynəlxalq şərait yox idi. Kamalçı Türkiyə və bolşevik Rusiyasının Antanta ölkələrinə qarşı mübarizəsi nəticəsində müttəfiqə çevrilmələri regionda geosiyasi vəziyyəti dəyişdirdi. Bu işğalda Bakı nefti amili mühüm rol oynadı. Rusiya bir neçə il əvvəl Bakını itirməklə böyük dövlət statusunu da itirmişdi. Həmin mövqeyi bərpa etmək üçün Azərbaycan yenidən işğal edildi.

 

 

Cümhuriyyətin qurulması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı. Cümhuriyyət bütün müsəlman Şərqinin Dan Ulduzu oldu. Müsəlman dünyasına respublika məfhumunu, məfkurəsini, idarə üsulunu Azərbaycan xalqı gətirdi. Onlara zülmətdən xilas olmağın yolunu göstərdi, ürəklərində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, Cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndəsi Azərbaycanın vətəndaşı olmaq üçün müraciət etmişdilər. Bu gün Şərqdə müstəmləkəçiliyn və müstəmləkə zülmü altında inləyən xalqların olmaması eyni zamanda Cümhuriyyətin təsiri və Azərbaycan xalqının tarixi xidmətlərindən biridir. Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir. Bunun üçün ilk növbədə həmin dövrdə buraxılan dərindən səhvləri bilmək və onlardan müvafiq nəticələr çıxarmaq gərəkdir. Hər şeydən əvvəl, Cümhuriyyətin tarixi təcrübəsi göstərdi ki, dövlətin yaradılmasını liberal dəyərlərlə elan etmək olar, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə onu liberalizmlə qorumaq mümkün deyildir. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalışmalı, onu qorumalı, maraqlarını hər şeydən uca tutmalıdır. Hakimiyyət qanadları arasında sıx birlik olmalıdır. Dövlət qüdrətli olmalıdır. Azərbaycan xalqının tərəqqisinin və qarşıya qoyduğu başlıca məqsədlərə nail olmasının təməlində güclü dövlət amili dayanır. Zəfir dövlət və idarəçilik olan zamanlarda Azərbaycan xalqı daim geri gedib. Dünyanın hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata mənsubluğundan asılı olmayaq, hər bir azərbaycanlı daim Azərbaycanın maraqlarını uca tutmalı, ümumi məqsədlərə xidmət etməlidir. Xaricdə yaşayan soydaşlarımız yalnız Azərbaycanın yanında olduqda böyük, güclü və qüdrətlidirlər. Hansı sistem və ideologiyadan asılı olmayaraq tariximizə və keçmişimizə olduğu kimi, hörmətlə yanaşılmalıdır. Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələr mühacirət etməyə məcbur oldu. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu. 20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi. 70-80-ci illərdə ziyalılar Azərbaycan rəhbəri Heydər Əliyevin qayğıcı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı. Hələ SSRİ-nin, kommunist ideologiyasının və sovet sisteminin mövcud olmasına baxmayaraq, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin iclasında ağsaqqal deputat olaraq ulu öndər Heydər Əliyevin sədrlik etdiyi sessiya iclasında respublikanın adından “Sovet Sosialist” ifadələri çıxarıldı. Cümhuriyyət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul edildi və Bakıya bu barədə müraciət olundu. SSRİ-nin saxlanılmasına dair referendum Naxçıvanda keçirilmədi. Beləliklə, Naxçıvan müasir müstəqil dövlətin təməlinin rəsmi olaraq atıldığı diyarımız oldu. 1991-ci il oktyabrın 18-də isə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Cümhuriyyətin varisi oldu.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tarixinin araşdırılmasında istiqamətdə alimlərimizin üzərinə vacib vəzifələr düşür. Heç kəsə sirr deyildir ki, sovet dövründə Cümhuriyyətin dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi. Amma ölkəmizdə milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. 1998-ci ildə Cümhuriyyətin 80 illiyinin qeyd edilməsi barədə ümummilli lider, Prezident Heydər Əliyevin imzaladığı sərəncamından sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başladılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Parlament iclaslarının stenoqramları nəşr edildi. Kitab və monoqrafiyalar çapdan çıxdı. Bununla belə, elm bir şeydə dayanıb durmur, görüləsi işlər hələ də çoxdur. Xüsusən xarici ölkələrin arxivlərində olan yeni sənədlərin elmi dövriyyəyə gətirilməsi Cümhuriyyət tarixini olduğu kimi tədqiq etməyə ehtiyac vardır.

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında Cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilir. Cümhuriyyətin 103 illiyi ilə bağlı tədbirlər həyata keçirilir.

 

Cümhuriyyət xadimlərinin istəkləri və arzuları həyata keçirilib. Bir neçə misalların gətirilməsi maraqlı olar. Cümhuriyyət xadimləri Azərbaycan neftinə dair beynəlxalq konsorsium yaradılmasını arzulasalar da, onu həyata keçirmək mümkün olmamışdı. Ancaq təbii sərvətimiz olan nefti ilk dəfə ulu öndər Heydər Əliyev milli sərvətə çevirdi və beynəlxalq konsorsium yaratdı. Cümhuriyyət xadimləri Ələt limanı yaradıb, Mərkəzi Asiya və İranla ticarət etməyi düşünüdürlər. Onu da həyata keçirmək mümkün olmamışdı. Bu gün Prezident İlham Əliyevin liderliyində Ələt limanında azad ticarət zonası yaradılıb. Cümhuriyyət xadimləri Bakı-Culfa dəmir yolunun tikintisini başa çatdırmaq məsələsini parlamentdə müzakirə edib, vəsait də ayırmışdılar. Hesab edirdilər ki, bu yolla Fars körfəsinə və Türkiyəyə çıxıb ticarət etmək olar. Lakin onu bolşevik işğalı onu reallaşdırmağa imkan verməmişdi. Bu gün Azərbaycan dövlət Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub dəhlizini həyata keçirərək dünyanın mühüm nəqliyyat-kommunikasiya mərkəzinə çevrilib. Zəngəzur dəhlizinin yaradılması üstündə iş gedir. Ən başlıcası, Cümhuriyyət xadimlərinin arzusu olan güclü Azərbaycan dövləti qurulub. Bu günkü Azərbaycan Respublikası Cümhuriyyətin varisidir. İşğal altında olan ərazilərimiz azad edilib. Dövlət bayrağımız Şuşada və işğaldan azad edilən digər torpaqlarımızda dalğalanır...

 

Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövləti ərazisinin bir sıra ölkələrdən kiçik, əhalisinin isə az olmasına baxmayaraq, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib və birləşdirici gücdür. Azərbaycan dövlətinin və millətinin gözəl gələcəyi vardır. Gələcəyimizin başlıca formulunu Prezident İlham Əliyev konkret olaraq aşağıdakı kimi müəyyənləşdirib: “Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir. Bir də Vətən sevgisi”.