https://www.zirve.edu.az/ #
2021-05-07 11:42:00
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya təşkil ediləcək

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 15-16-da keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya prosesi təşkil ediləcək.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən il imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20-25 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırılır ki, bu tip müraciətlərə baxılmayacaq.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 16-19 may tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı, valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.