Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-27 14:18:00
Bu müəllimlər yerdəyişmə edə bilməzlər - Qaydalar

 

 

Bu şəxslər yerdəyişmədə iştirak edə bilməzlər.

 

 

AzEdu.az bu yazıda Təhsil Qanununa istinadən, müəllimlərin yerdəyişmə müsabiqəsinin prinsiplərini təqdim edir.

 

Ötən  tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə 7 539 vakant yer çıxarılıb. Vakant yerlərin 6680-i tədrisi Azərbaycan dilində aparılan bölmə üzrədir.

 

Ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi mərkəzləşdirilmiş müsabiqə yolu ilə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir.

 

 

 

Vakansiyalara yerləşdirilmə zamanı Müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürülür. Namizədlər Müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya Diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak etmişlərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.

 

Aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalı ilə hesablanır:

 

-Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır.

 

- İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır.

 

- Qeyd olunan hallardan hər iki şərti ödəyən namizədlərin topladığı bal ən yüksək artım, yəni 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır.

 

Ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin tədris ili ərzində qarşılıqlı razılıq əsasında dəyişdirilməsi məsələsinə Nazirlik tərəfindən fərdi qaydada baxılır. Bu halda müəllimlərin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə, müəssisələrin yerləşdiyi rayon və şəhər, dərs yükünün həcmi və digər amillər nəzərə alınır.

 

 

Qeyd edək ki,  həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin qərarda nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Bu şəxslərin əri və ya arvadı hərbçi olduqda, şəhid ailəsinin üzvü olduqda və ya ailə vəziyyəti ilə bağlı problemlər olduğu hallarda məsələyə fərdi qaydada Nazirlik tərəfindən baxılır.

 

Xatırladaq ki, ötən tədris ili üzrə müsabiqə şərtlərində müəllimlərin xeyrinə dəyişiklik də edilib. Belə ki, əvvəlki illərdən fərqli olaraq, ötən ilkki namizədlər  ikinci iş yerini seçə bilirdilər Yerdəyişmə müsabiqəsində uğur qazanan namizədlər işə qəbul müsabiqəsində iştirak edərək müddətli müqavilə əsasında ikinci iş yerini seçə bilirdilər.

 

Bu il isə müsabiqədə hər hansı dəyişikliyin edilməsi ilə bağlı hələlik rəsmi qərar yoxdur. Dəyişikliklər haqqında Təhsil Nazirliyinin və İnsan Resursları Mərkəzinin rəsmi feysbuq hesablarından məlumat verilir.