Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-05 07:43:01
Abituriyentlər üçün yeni şans, yoxsa arxayınlıq? - Yeni imtahan qaydaları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 fevral tarixli 47 nömrəli qərarına əsasən "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu” Qaydalarında müəyyən dəyişikliklər edilib. Dəyişikliyə əsasən, abituriyentlər yaz və yay sessiyaları şəklində keçiriləcək imtahanlarda iki müxtəlif ixtisas qrupu üzrə imtahanda iştirak edə bilərlər. Həmçinin, abituriyent əvvəllər olduğu kimi eyni ixtisas qrupu üzrə də hər iki qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirakına icazə veriləcək.

İki ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edənlər müsabiqə şərtlərini ödədikləri halda ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər. Bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər.

Məsələylə bağlı təhsil eksperti Cahid İsmayıloğlu AzEDU.az-a açıqlamasında, bunun ilk növbədə abituriyentlərin seçim imkanlarını genişləndirəcəyini bildirib:

cahiid.jpg
“Universitetəhazırlaşan şagird bir ixtisas qrupuna seçim imkanı olduğu üçün digər qruplarda mövcud fənləri diqqətdən kənarda saxlayırdı. İndi isə seçim imkanını nəzərə alıb, digər fənləri də vaxt ayırmalı olacaq. Dəyişiklikdə əlavə edilən ixtisaslar konkret sahələri əhatə edir, günün tələbinə uyğundur. Hətta deyərdim ki, əlavə edilmiş ixtisasların bir çoxunda biz gecikmişik, çünki bu sahədə mövcud kadr çatışmazlığı var”.

Abituriyent Mirhikmət İsmayılzadə bu dəyişikliklərin həm müsbət, həm də mənfi tərəflərinin olduğunu deyir: “Müsbət tərəfi odur ki, birinci imtahanın uğursuzluğunu ikinci imtahanda uğurlu nəticə ilə əvəz etmək şansı yaranır. Digər müsbət tərəfi isə ondan ibarətdir ki, bir sıra abituriyentlər valideyn təkidi ilə seçdikləri qruplar üzrə iştirak etdikləri imtahanla yanaşı, öz arzu etdikləri qruplar üzrə də imtahan vermə şansı əldə edirlər. Mənfi tərəfi isə odur ki, bəzi abituriyentlər arxayınlaşa bilər. Düşünürəm ki, imtahanlara psixoloji cəhətdən hazır olmaq daha önəmlidir".

Əsmər Qabil