https://www.zirve.edu.az/ #
2021-04-16 11:01:00
Müəllimlərlə bağlı yeni layihə hazırlandı-DETALLAR

Təhsil İnstitutu müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsini müəyyən edən sənədlər toplusu hazırlayıb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, sənədlər toplusu ümumi və tam orta təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub.

 

Həmin sənədlər 19 fənni, ibtidai sinif, metodika və pedaqogikanı əhatə edən məlumat kitabçasında öz əksini tapıb.

 

Məlumat kitabçasında hər fənn üzrə qiymətləndirmənin əsas məzmun sahələri və bu sahələr üzrə istifadə olunacaq tapşırıqların sayı göstərilib, iddiaçıların müsabiqəyə hazırlığına yardım etmək üçün müxtəlif fənlər üzrə əsas mövzular verilib. Bu, həm müsabiqə iştirakçılarını test tapşırıqlarının informasiya mənbəyi ilə tanış etmək, həm də onların fənnin tədrisi üçün zəruri olan nəzəri və praktiki bacarıqlarını yoxlamaq, mövcud dərsliklərdəki mövzuları bilmə, mənimsəmə səviyyəsini ölçmək məqsədini daşıyır.

 

Mövzular seçilərkən ümumtəhsil məktəblərinin ümumi və tam orta təhsil pilləsində istifadə olunan mövcud proqram və dərsliklərdəki tədris materialları əsas götürülüb.

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində öz əksini tapmış fənlər üzrə mövzular ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin pedaqoji ixtisaslarını bitirmiş məzunların hər birinə bu və ya digər səviyyədə tanışdır.