Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-07 18:08:00
AzTU-da "Narkotik sərhədsiz fəlakətdir" mövzüsunda tədbir keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə "Narkotik sərhədsiz fəlakətdir" mövzüsunda onlayn tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsi məqsədilə təşkil edilib.

 

Tədbirdə çıxış edən Tərbiyə işləri üzrə prorektor İsa Xəlilov, Elm və texnika işləri üzrə prorektor İlham Pirməmmədov görüşün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Dövlət Proqramının icrası ilə əlaqədar AzTU-da müvafiq tədbirlər planı hazırlanıb və bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilir.

 

Tədbirin əsas fasilitatoru Dövlət Komissiyasının İşçi Qrupunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev respublikada fəaliyyət göstərən məktəblərdə, ilk ixtisas peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrində maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

 

Qeyd edib ki, belə tədbirlərin təşkilində məqsəd narkotiklərin insan orqanizminə mənfi təsiri, narkomaniyanın doğurduğu fəsadlar barədə ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda bu istiqamətdə yarana biləcək sualları cavablandırmaqdır.

 

Tədbirin ikinci hissəsində AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin dekanı Ərəstun Məmmədov, universitetin SABAH qruplarının rəhbəri Aytən Sadıqova, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Lalə Piriyeva, Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, Tələbə Gənclər Təşkilatının (TGT) sədri Lalə Rüstəmova çıxış edərək bu istiqamətdə görülən maarifləndirmə işləri ilə bağlı məlumat verib.

 

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU),Sumqayıt Dövlət Universitetinin (SDU), Mingəçevir Dövlət Universitetinin (MDU), Lənkəran Dövlət Universitetinin (LDU), Azərbaycan Universitetinin (AU) və Xəzər Universitetinin nümayəndələri də  iştirak edib.