https://www.zirve.edu.az/
2021-03-06 15:46:00
“Distant tədris prosesində öyrətmə və öyrənmə psixologiyası” mövzusunda seminar keçirilib  

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin start verdiyi silsilə təlimlər çərçivəsində ilk seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, universitet müəllimləri üçün nəzərdə tutulan və “Distant tədris prosesində öyrətmə və öyrənmə  psixologiyası” adlanan təlim BMU-nun Pedaqogika kafedrasının baş müəllimi, psixoloq Hüseyn Xəlilov tərəfindən aparılıb.

 

H.Xəlilov tədris prosesində auditoriyanın səviyyəsinin psixoloji olaraq nəzərə alınmasının vacibliyini vurğulayıb. Bildirib ki, dərs zamanı tələbələrin qavrama qabiliyyətləri və dinləmə mədəniyyətləri də vacib rol oynayır.

 

Təlimçi çıxışında hər kəsin öyrənmə növünün, sürətinin və tutumunun fərqli olduğunu diqqətə çatdırıb. O, beynin hansı növ zehni fəaliyyətləri idarə etməsi, həmçinin texniki, ardıcıl, sosial və bütöv düşünənlərin xüsusiyyətləri haqqında iştirakçılara ətraflı məlumat verib. Təcrübi öyrənmə üsullarından bəhs edən H.Xəlilov tələbələrin dərsi daha yaxşı anlaması üçün müəyyən tövsiyələr verib.

 

İnteraktiv formada baş tutan təlimdə universitetin müəllimləri iştirak edib.

 

Qeyd edək ki, BMU-nun Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi semestr ərzində müxtəlif mövzularda universitetin əməkdaşları, müəllim və tələbələr üçün təlimlər keçirməyi planlaşdırır.