Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-03 13:13:00
MDU Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb - FOTO

2021-ci ilin 2 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Kiyev Milli İqtisadiyyat Universiteti (Kiev National Economic University – KNEU) arasında əməkdaşlıq çərçivəsində qarşılıqlı silsiləvi mühazirələrin keçirilməsini nəzərdə tutan birgə layihənin açılış mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə çıxış edən KNEU-nun rektoru Dmytro Lukianenko MDU ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib, birgə layihənin əhəmiyyətindən və qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərindən danışıb.

 

MDU-nun rektoru Şahin Bayramov dost ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan KNEU ilə əməkdaşlığa başlanılmasını MDU-nun tarixində önəmli hadisə olduğunu qeyd edib, birgə layihədən əsas gözləntilərindən və əməkdaşlığın potensial inkişaf istiqamətlərindən bəhs edib, layihə iştirakçılarına uğurlar arzulayıb.

 

Sonra birgə layihə çərçivəsində ilk mühazirəyə start verilib. Mühazirədə MDU-nun İqtisadiyyat və idarəetmə, Mühəndislik və Pedaqoji fakultələrini təmsil edən tələbə və magistrantlar, eləcə də akademik və inzibati heyət üzvləri iştirak edib.

 

Mühazirəçi, KNEU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dosenti Elena Proxorova "Kiyev Milli İqtisadiyyat Universitetində pandemiya dövründə onlayn və ənənəvi təhsil" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə pandemiya şəraitində distant təhsilə keçidin zəruriliyi, çətinlikləri, bu sahədə KNEU-nun əldə etdiyi təcrübə, distant təhsilin üstünlükləri, onun yaratdığı yeni imkanlar və perspektivlər barədə ətraflı məlumat verilib.

 

Maraqla qarşılanan mühazirədə iştirakçıların çoxsaylı sualları cavablandırılıb, məsafədən ali təhsilin səmərəliliyinin artırılması və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tədbirdə pandemiya dövründə təhsilin təşkili sahəsində KNEU və MDU təcrübəsinin oxşar və fərqli tərəfləri müzakirə olunub.

 

Layihə çərçivəsində keçiriləcək növbəti mühazirədə MDU əməkdaşı KNEU-nun tələbə-magistrantları və professor-müəllim heyəti qarşısında çıxış edəcək. Hər təqvim ayı ərzində iki qarşılıqlı mühazirənin təşkili nəzərdə tutulub.

 

Qeyd edək ki, yeni dövrün tələblərinə uyğun olaraq sürətlə modernləşən MDU qarşısına qoyduğu hədəflərə çatmaq üçün yerli və xarici universitetlərlə əməkdaşlığın inkişafına və onların təcrübələrinin öyrənilməsinə xüsusi diqqət yetirir.