https://www.zirve.edu.az/
2021-02-28 13:10:00
Müasirləşən ucqar dağ məktəbi-Nüsnüs  

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində işlər uğurla aparılır. Şəhər və rayon məktəbləri ilə yanaşı, ən ucqar kəndlərdə müasir tipli məktəb binaları inşa edilir, əsaslı təmir olunur və ya yenidən qurularaq şagirdlərin istifadəsinə verilir. Bu isə muxtar respublikada təhsilin keyfiyyətinin yüksəlməsinə, müəllimlərin səmərəli fəaliyyətinə geniş imkanlar açır.

        

İnfrastrukturu yaxşılaşdırılan məktəblərdən biri də Ordubad rayonundakı Nüsnüs kənd tam orta məktəbidir.

 

Nüsnüs kənd tam orta məktəbi Naxçıvan şəhərindən 87 km uzaqlıqda, dağ ətəyində yerləşir. 1980-ci ildə istifadəyə verilən məktəb binası digər məktəblərlə müqayisədə köhnə, şagirdlərin təhsil almaları üçün əlverişsiz şəraitdə idi. Köhnə tikilidə xidməti otaqlar nəzərdə tutulmamışdı, laboratoriyalar, idman zalı istifadəyə yararsız halda idi. Məktəb qış fəslində maye yanacaqla qızdırıldığından tədris prosesi çətin olurdu.

 

Müasirləşən məktəblər sırasında yer alan 414 yerlik yeni məktəb binasında 271 şagirdin təlim-tərbiyəsi ilə 39 müəllim məşğul olur. Üç mərtəbəli, müasir standartlara cavab verən binada 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, iki şahmat sinfi, iki kompüter, müəllim və psixoloq otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı, bufet vardır. Təhsil ocağında quraşdırılan 41 kompüter və 4 elektron lövhə fasiləsiz internetlə təmin olunub. Məktəbdə şagirdlərin təhsilləri ilə yanaşı, onların fiziki hazırlığı da diqqətdə saxlanılır, idman zalında voleybol, basketbol, tennis, güləş və idmanın digər növləri üçün hər cür şərait yaradılıb, həyətdə açıq idman qurğuları quraşdırılıb.

 

Məktəbin  məzunları hər il ali məktəblərə qəbul imtahanlarında iştirak edərək uğur qazanırlar. Son 5 ildə məktəbi 49 şagird bitirib, onlardan 24-ü ali məktəblərə, 7-si isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Məzunlardan 8-i 500-700 arası bal toplayıb, 1-i Qızıl nişana, eyni zamanda Prezident təqaüdünə layiq görülüb. Təkcə ötən tədris ilində şagirdlərdən 1-i Respublika fənn olimpiadalarının, 2-si isə muxtar respublika fənn olimpiadalarının qalibi olub.

 

Son zamanların ən üstün təlim metodu olan STEAM təlim metodunun artıq muxtar respublikada da tətbiqinə başlanılıb. Ordubadda fəaliyyət göstərən təhsil müəssisələri arasında ilk olaraq Nüsnüs kənd tam orta məktəbində STEAM kabinəsi yaradılıb ki, hazırda da  həmin məktəbdə STEAM təlim metodu şagirdlərə tədris olunur. STEAM kabinəsi bütün lazımi avadanlıqlarla tam təchiz olunub.

        

Beləcə muxtar respublikada yeniləşən, müasirləşən 200-dən çox məktəb sırasında Nüsnüs kənd tam orta məktəbi də öz yerini tutub. Yeni məktəb binası pedaqoji kollektivə həm böyük motivasiya verir, həm də onların məsuliyyətini artırır. Artıq şagirdlər ən müasir təhsil şəraitinə malik məktəbdə elmin sirlərinə yiyələnirlər.(Azərbaycan müəllimi)