https://www.zirve.edu.az/
15.01.2021 10:12
Təhsilverənlərin sertifikatlaşdırılması üçün test imtahanlarına start verilib

Yanvarın 14-dən Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırması üçün test imtahanlarının keçirilməsinə başlanılıb.


Azedu.az xəbər verir ki, təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq sertifikatlaşdırma iki - test və müsahibə mərhələsindən ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir.

 

Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə və tədris etdiyi fənnə aid olmaqla tərtib edilib. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir.

 

120 dəqiqə vaxt ayrılan test mərhələsi elektron qaydada həyata keçiriləcək. Bu mərhələdə hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir göstərmir. Test mərhələsi başa çatdıqdan dərhal sonra nəticə elan edilir və “Test imtahanının nəticəsi haqqında arayış” verilir.

 

Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılacaqlar. Müvəffəqiyyət qazanan təhsilverənlərə sertifikat veriləcək.

 

Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər.

Qeyd edək ki, aprelin 16-a qədər davam edəcək imtahanlarda 5600-dən çox müəllim iştirak edəcək.