Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-21 16:03:00
MDU-da turizm mövzusuna həsr olunan birgə layihənin ikinci modul təlimi keçirilib - FOTO

2020-ci ilin 21 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin, Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə icra olunan “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin II modul təlimi keçirilib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, “ZOOM” platforması üzərindən online formatda təşkil edilən təlimi açan MDU rektorunun müşaviri Hamiz Mahmudov, ilk növbədə, iştirakçılara MDU-nun rektoru Şahin Bayramovun salamlarını, müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan tarixi qələbə münasibətilə təbrikini çatdırıb.

 

Sonra H.Mahmudov təlimin mövzusu və təlimçi haqqında iştirakçılara məlumat verib.

 

Təlimçi, "Smart Hotel Management” şirkətinin direktoru Ceyhun Aşurov “Sosial davranışların xidmət sahəsində rolu və karyera” mövzusunda çıxış edib. O, xidmət sahəsində sosial davranışların vacibliyi, yeni nəslin gözləntiləri, müştəri gözləntilərinin qarşılanması, müştəri məmnuniyyətinin artırılması, müştərilərin itirilmə təhlükəsinin səbəbləri, xidmətdə diqqət edilməsi zəruri olan qaydalar və digər məsələlərdən bəhs edib.

 

Məruzəçi C.Aşurov təlim iştirakçılarının mövzu barədə çoxsaylı suallarını cavablandırıb.

 

Daha sonra H.Mahmudov maraqlı və faydalı təqdimata görə C.Aşurova təşəkkürünü bildirib və gələcəkdə birgə tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Sonda, layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan növbəti modullar üzrə təlimlər barədə məlumat verib.

 

Qeyd edək ki, təlimlərdə MDU, Azərbaycan Turizm və Menecment Universiteti və Mingəçevir Turizm Kollecinin əməkdaşları və tələbələri ilə yanaşı mövzu ilə maraqlanan istənilən şəxs iştirak edə bilər. Bütün modullara qoşulan iştirakçılar layihənin sonunda müvafiq sertifikat əldə edəcəklər.