Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-20 11:53:00
Terrorun yararsız hala saldığı məktəbin direktoru: “Çox yer sıradan çıxıb”  

Terrorun yararsız hala saldığı məktəbin direktoru: “Çox yer sıradan çıxıb”

 

 

“Məktəbimiz hazırda dərs keçiləcək vəziyyətdə deyil”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Gəncə şəhər 15 nömrəli tam orta məktəbin direktoru Vəfa Nəbiyeva deyib.

 

O, Gəncədə baş verən terror aktı nəticəsində məktəblərinin zərər gördüyünü  və  yararsız hala düşdüyünü qeyd edib:

 

“17 oktyabr gecə saatlarında partlayış səsi gəldi, lakin biz o an nə baş verdiyini anlamadıq. Həmin dəqiqlərdə raketin şəhərin hansı hissəsinə düşdüyünü  müəyyən etmək çətin idi. Türkiyə televiziyaları vasitəsi ilə çəkilişlərə baxdım və başa düşdüm ki, hadisə bizim məktəbin yaxınlığında baş verib. Ona görə də dərhal gözətçiyə zəng etdim. O, dedi ki, pəncərələrimizin çoxu sınıb və hadisə məktəbə yaxın ərazidə baş verib. Ona  məktəbə getməsini və ora hansı zərərlərin dəydiyi haqqında məlumat toplamasını tapşırdım. Belə ki, məktəbin 55 ədəd  üçgözlü və 89 şüşə pəncərəsi sıradan çıxıb. Ümumiyyətlə isə, 3 pəncərə çərçivəsi ilə birlikdə dağılıb.

 

Qapı və dam örtüyümüz yerindədir. Raketin əsas dalğası məktəbin arxa tərəfini  və bir hissəsini tutub.  Çünki arxa tərəf hadisə olan hissəyə yaxındır. İnsan resursu baxımından isə məktəbdə heç kimə zərər dəyməyib. Çünki hadisə gecə saatlarında baş verib. O zaman isə hamı evində olub. Məktəbə yaxın evlərin pəncərə şüşələri qırılıb. Həmin ərazidə bizim məktəbin şagirdlərindən  az adam yaşayır. Onlardan bir neçəsi yaralansa da,   ağır xəsarət alanlar olmayıb. Həmin gecə çox qorxulu idi, elə bildik ki, dünya dağılır”.

 

Direktor məktəbin təmirə ehtiyacı olduğunu söyləyib:

 

“Məktəb hazırda dərs keçiləcək vəziyyətdə deyil. Ümumilikdə hər sinif otağında  3 pəncə var. 55 pəncərə isə  sinif otaqlarının çoxunu əhatə edir. İdman zalında olan 6 pəncərə də sıradan çıxıb. Bufet və akt zallarının birlikdə 16 pəncərəsi qırılıb. Lakin döşəmə və tavana çox zərər dəyməyib. İki gün ərzində məktəb ərazisini təmizlətmədim ki, bura faktlaşdırılsın.

 

Atılan raket ilə  aramız olduqca çox idi. Məktəb 4 mərtəbəli və   P şəklindədir. 3 və 4-cü mərtəbəyə zərər dəyməyib. Əsas 1 və 2-ci mərtəbəyə mənfi təsir dəyib. Bu partlayış  çox güclü olub, ancaq birinci atılan raket  bizə daha yaxın idi. Lakin  məktəbə heç bir zərər dəyməmişdi. O zaman məktəb silkələndi, lakin ona heç bir təsir dəymədi. Amma bu  raket məktəbdən çox aralı düşüb, lakin zərər olduqca çoxdur. “Elbrus” raketinin təsir qüvvəsi  çox  güclü olduğu üçün bizə çox mənfi təsir göstərib.  Allah özü millətimizi qorusun. Səbirli olsaq, hər şey yaxşı olacaq”.

 

 

Qeyd edək ki, 17 oktyabrda erməni vandalizmi tərəfindən törədilən terror aktı nəticəsində 14 nəfər həlak olub, 52 nəfər isə ağır yaralanıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları