Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-01 06:03:43
Dövlət qulluğuna müsahibədə 23 namizəd uyğun hesab edilib

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 11-də elan etdiyi dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərlə müsahibələri davam etdirir.

AzEDU Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, müsahibələr fevralın 28-də Bakı şəhəri, həmçinin Gəncə, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 15 müxtəlif yerdə təşkil edilib.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 114 müsahibədən 59-u baş tutub, 55 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak edən namizədlərdən 23-ü iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

Bildirilib ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

DİM namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər.

Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcək.