https://www.zirve.edu.az/
28.02.2018 22:23
Azərbaycan Dövlət İqtisad Universitetində yeni elmi-tədqiqat mərkəzləri yaradılır
Çap et

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi şuranın növbəti iclası keçirilib. İclasda universitetin İctimai Nəzarət Şurasının üzvləri də iştirak ediblər.

UNEC-dən verilən məlumata görə, rektor Ədalət Muradov qış imtahan sessiyasının obyektiv və şəffaf keçirilməsində göstərdiyi dəstəyə görə şura üzvlərinə təşəkkür edib. Ə.Muradov bildirib ki, şura universitetdə bütün tədris boyu fəaliyyət göstərəcək.

İclasda tədris və təlim texnologiyaları üzrə prorektor Damət Bağırov qış imtahan sessiyasının yekunlarına dair hesabatla çıxış edib. Prorektor bu sessiyada ötən illərlə müqayisədə daha yüksək nəticələr əldə edildiyini bildirib. İqtisadiyyata giriş fənninin ilk dəfə yazılı keçirilməsinə diqqət çəkən prorektor tələbələrin 53 faizinin bu imtahanları yaxşı və əla qiymətlərlə başa vurduğunu müsbət hal kimi qiymətləndirib.

Elmi şurada UNEC-in tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub. Bu istiqamətdə məqsədyönlü addımların atılması üçün Elm və İnnovasiyalar Mərkəzi ilə elm şöbəsi ləğv edilərək onların bazasında Elmi Fəaliyyətin Təşkili və İdarəedilməsi Departamentinin yaradılması qərara alınıb. Eyni zamanda, müəllimlərin elmi maraqları nəzərə alınaraq, universitetdə Monetar İqtisadiyyat Elmi-Tədqiqat Mərkəzinin, İqtisadi Klinika və Xanım Tədqiqatçılar Şurasının yaradılmasına qərar verilib. Beynəlxalq Əməkdaşlıq Departamentinin tərkibində layihələrin idarəedilməsi şöbəsi yaradılıb. Əlilliyi olan tələbələr üçün mərkəzin adı isə İnklüziv Təhsilin İnkişafı Mərkəzi ilə əvəz edilib.