Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-28 22:18:16
Məktəblilərin robotları döyüşəcək

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə martın 3-də məktəblilər arasında LEGO Sumo robototexnika olimpiadasının finalı keçiriləcək.

Universitetdən AzEDU-ya bildirilib ki, olimpiadaya paytaxt məktəbliləri ilə yanaşı, Gəncə, Şirvan, Ağsu və Sumqayıtdan olan 100-dək şagird qatılıb. Olimpiadanın birinci mərhələsində iştirakçılara robotların yığılması və proqramlaşdırılması ilə bağlı təlimlər keçirilib.

Robotların ilkin yarışmasından sonra 12 məktəblidən ibarət 6 komanda finala vəsiqə qazanıb.

Olimpiada məşhur LEGO (ev3) robototexnika konstruktoru üzərində keçirilir. Hər bir komanda Qərbi Kaspi Universiteti tərəfindən verilən LEGO ilə yapon milli güləşçisi olan SUMO döyüşçüsü hazırlayır və robotunu döyüşə çıxarır.

Robototexnika olimpiadasının keçirilməsinin məqsədi məktəblilər arasında mühəndislik ixtisaslarının tanıdılması, bütün dünyada, o cümlədən ölkəmizdə əmək bazarında tələbatın olduğu robototexnika mühəndisliyinin təbliği, şagirdlərdə bu sahəyə marağın artırılması və məktəblilərin təcrübə işlərinin geniş ictimaiyyətə çatdırılmasıdır.

Olimpiadanın final döyüşləri universitetin Əhməd Rəcəbli, 3 ünvanındakı yeni tədris binasında saat 9-da başlanacaq.