https://www.zirve.edu.az/
05.10.2020 11:09
Müəllimlərə məktub: Yetirmələriniz qəhrəmanlıq salnaməsi yazır... 

Bu gün yetişdirdiyiniz şagirdlər, tələbələr Qarabağımız uğrunda fədakarcasına vuruşurlar.

 

Onların içərisində şəhidlik zirvəsinə yüksələnənlər da var. Allahdan onlara rəhmət diləyirəm.

 

Sizlər tarixən dəyərlər aşılamısınız: vətənə sevgi, qəhrəmanlıq, ədalət,  həqiqət, mərhəmət, xeyirxahlıq, düzgünlük...  

 

Dəyərlər sistemi şəxsiyyəti daim mənəvi yüksəklikdə saxlayır, onu insani, sosial və saf ideallara bağlayır, əsl vətəndaşa, xeyirxah insana, fədakar dosta, yorulmaz peşəkara, cəsur əsgərə çevirir. 

 

Qəhrəmanlıq da dəyərdir və o, satılmır, yaxud mübadilə edilmir. Həmin qəhrəmanları ailələrimizdə və məktəblərimizdəki aşılanan dəyərlər yetişdirib. 

 

Başınızı uca tuta bilərsiniz. Yetirmələriniz qəhrəmanlıq salnaməsi yazırlar...

 

Alimlər əsgərləri irəli aparan, cəsur edən, ölümün üstünə yürüdən amilləri öyrəniblər.

 

Bəlli olub ki, ölkəsinə sevgi ilə yanaşı, digər insani və bəşəri amillər də burada rol oynayır. Hətta fərdi amillər də.

 

Məsələn, digər döyüş yoldaşlarının gözündən düşməmək kimi bir düşüncə. Bu, şəxsi ləyaqət hissidir. Bu da dəyərdir. Bunun elə indi də şahidi oluruq...

 

Bundan güc alırıq, gələcəyimizə nikbin baxırıq.

 

Yeri gəlmişkən, Rusiyanın Elm və təhsil naziri, sonra ilk qadın Maarif naziri olmuş, professor Olqa Vasilyeva müsahibələrinin birində maraqlı məsələyə toxunub: “ABŞ-da bütün siniflər Vaşinqtondakı Veytnam müharibəsində həlak olmuş əsgər və zabitlərin memorialını ziyarət etməlidirlər. Hər ştatın uşaqlarına həlak olanlar haqqında ətraflı məlumatlar verilir. Bir neçə il öncə mən də həmin memorialı ziyarət etdim. Digər xarici vətəndaşlarla memoriala enərkən biri-birimizlə sakit danışığımızı 13-14 yaşlı bir uşaq gördü və avtomatik olaraq barmağını dodağına yapışdırıb, susmağı işarə etdi. Yəqin ki, mən ölkəmdə hələ uzun illər Əbədi məşəlin qarşısında belə hərəkət edən uşağa rast gəlməyəcəm”.

Bu gün balaca uşaqların əlində bayrağımızı görürük. Uşaqlar dərk edirlər ki, bayraq qələbə simvoludur.

 

Sizlər işğaldan azad olunmuş və azad olunacaq torpaqlarımızda dərs deməyə can atırsınız. Bu gözəl idealdır. Bunu yaşadın...

 

Bunu şagirdləriniz də hiss edir. Fərəh hissi keçiririk...Uşaqlar və gənclər optimistdirlər...

 

Müəllim, Ulu öndərimizin söylədiyi kimi, bizi həyata hazırlayan və bu günlərə gətirib çıxaran insandır. Əgər həyat yolumuza nəzər salsaq, yaşından, vəzifəsindən, mövqeyindən asılı olmayaraq, hər birimizin valideynlərimizlə bərabər müəllimlərə də borclu olduğumuzu görərik. Bizim hər birimiz müəllimlərimizin göstərdiyi yolla hədəflərə doğru getmişik. Bu bir missiyadır. Müdriklər deyir ki, müəllim o deyil ki, öyrədir, o şəxsdir ki, ondan öyrənirlər. Azərbaycanda bizim öyrənməyi öyrəndiyimiz böyük müəllimlərimiz olub: Üzeyir Hacıbəyov, Firudin Köçərli, Mehdi Mehdizadə, Mir Cəlal, Abbas Zamanov və adları bu şərəfli siyahını davam etdirən onlarla digər müəllim. Onlar dünən də olub, bu gün də var, gələcəkdə də olacaqlar.

 

Təhsil və tərbiyə  müasir dövrdə ona görə şəxsiyyətyönümlü sayılır ki, o dəyərlərin formalaşdırılmasını qarşısına məqsəd qoyur. Aşılanan dəyərlər uşaqları və gəncləri mənən sağlam etməklə yanaşı, onları gücləndirirməlidir. Onlar öz ideallarını yaratmalı, xeyirxah və çalışqan, yorulmaz və cəsur olmağı öyrənməlidirlər. Onlar çağımızın tələblərinə cavab verən peşəkarlardan olmaq üçün məqsədlərə sahib olmalıdırlar. Onlar valideynlər, vətən və bəşəriyyət qarşısında borcunu anlamalı və ödəməlidirlər. Onlar yaxşı qonşu, iş yoldaşı, vətəndaş, əsgər, iş tərəfdaşı, ailə başçısı olurlar. Bunlara isə yalnız biliklərlə nail olmaq mümkün deyil, bunlar dəyərlərin sayəsində gerçəkləşir. 

 

Dəyərlər təkcə mənəvi tələb deyil, müasir dövrdə sosial həyat və karyera üçün də praqmatik tələbdir. Sizlərin verdikləri biliklər və tərbiyənin hesabına uşaqlar və gənclər uğur qapılarını açmalıdırlar. Dəyərlər sistemi formalaşmamış gənclər daim itələyici və uğursuz münasibətlərə tuş gəlirlər.

 

Sosial şəbəkələrdə dövlətin, millətin, ayrı-ayrı şəxslərin əleyhinə iyrənc mövqe ortaya qoyanlar dəyərlərə sahib olmayanlardır. Məktəb icbari təhsil pilləsindən ciddi tərbiyə işləri həyata keçirməlidir. “Bir uşaq belə tərbiyədən kənarda qalmamalıdır” tezisi “Bir uşaq belə təhsildən kənarda qalmamalıdır” tezisi ilə yanaşı səslənməlidir. Yeni dövrdə, İnformasiya cəmiyyətində müəllimlərimiz buna ciddi şəkildə hazırlaşmalıdırlar. 

 

Mənəvi cəhətdən sağlam, öz idealları ilə yaşayan, xeyirxah və zəhmətkeş, yorulmaz və cəsur, dürüst və ədalətli olan, yüksək peşəkarlığa can atan, valideynləri, vətəni və bəşəriyyət qarşısında borcunu anlayan və ödəyən, layiqli vətəndaş, xeyirxah insan, iş yoldaşı, əsgər, biznes tərəfdaşı, ailə başçısı olacaq insanları yalnız dəyərlərlə yetişdirmək mümkündür. 

 

Sizlərin aşıladığınız Dəyərlər insan şəxsiyyətinə yatırılmış itməz və inflyasiyaya uğramayan, gün-gündən faydası artan unikal kapitaldır. Doğru gələcəyin zəmanətidir. Məktəbin üzərində belə yüksək vəzifənin olması onun rolunu əvəzsiz edir. Müəllimlərimizin üzərində olan belə yüksək vəzifənin icrası onun cəmiyyətdəki nüfuzunu artırır.

Gününz mübarək!

 

Etibar ƏLİYEV,
Milli Məclisin deputatı