https://www.zirve.edu.az/
29.09.2020 14:00
61-ci Beynəlxalq Riyaziyyat Olimpiadasından sevindirici xəbər

19-28 sentyabr 2020-ci il tarixlərində Sankt-Peterburqda 61-ci Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edilib.

 

105 ölkə və 616 iştirakçının yarışdığı olimpiadaya məktəblilərimiz virtual formada Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzindən qoşulublar.

 

Azərbaycanı olimpiadada 6 şagirdimiz təmsil edib. Onlardan Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Ağazadə bürünc medala layiq görülüb. Həmin liseyin IX və XI sinif şagirdləri Toğrul Abbasov və Abbas Məmmədov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Elçin Musazadə, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin X sinif şagirdi Yusif Qasımov və Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Vüqar Quliyev isə həvəsləndirici sertifikata layiq görülüblər.

 

Qeyd edək ki, şagirdlərimiz 1993-cü ildən etibarən bu müsabiqədə iştirak edir. Builki nailiyyətlərlə birgə bu günədək sözügedən olimpiadadan ümumilikdə 8 gümüş, 37 bürünc medal əldə edilib.