Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-22 17:22:00
“Məktəblərdə qeydə alınan yoluxma faktı  o qədər böyük say deyil, bu səbəbdən...” – Sədr müavini

 

 

“Şagirdlərdən 95 nəfərində yoluxma faktının qeydə alınması məktəblərin bağlanılması və bununla bağlı hər hansı bir panika və ajiotaj yaradılması üçün yetərli fakt sayıla bilməz`.

 

Bunu AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

 

O, məktəblərdə yoluxma riskindən söz açıb:

 

“Sosial şəbəkələrdə dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanması və məktəblərdə yenidən tədris prosesinin dayandırıla bilməsi barədə fikirlər geniş yer alıb. Bununla bağlı Təhsil Nazirliyinin rəsmisinin də bildirdiyi kimi, bizim yaydığımız məlumat o demək deyil ki, məktəblər bağlanır: "Pandemiya dövründə yaşadığımız üçün məktəblərdə  böyük də, kiçik də koronavirusa yoluxa bilər. Biz sadəcə ümumi məlumat yaymışıq. Bu, o demək deyil ki, məktəblər yenidən bağlanır. Məktəblərin bağlanması ilə bağlı qərarı  Operativ Qərargahın səlahiyyətindədir”.

 

Nadir İsrafilov İctimai Şuranın bugünki iclasından müzakirə edilən məsələlərdən bəhs edib:

 

“Məsələyə münasibət Təhsil Nazirliyinin yanında İctimai Şuranın bugünki toplantısında da müzakirə obyektlərindən birinə çevrildi. Şura üzvlərinin yekdil qərarı ondan ibarət oldu ki, 1 milyon 600 min şagirddən 95 nəfərində yoluxma faktının qeydə alınması elə də böyük bir rəqəm deyil və bu məktəblərin bağlanılması və bununla bağlı hər hansı bir panika və ajiotaj yaradılması üçün yetərli fakt sayıla bilməz. Yoluxmanın məhz məktəbdə baş verməsi barədə tutarlı faktlar yoxdur. Bu kimi məsələlər təkcə təhsil sistemi ilə bağlı olmayıb, bir sıra aidiyyatı qurumlarla razılaşdırılmalıdır. Hələ ki, Azərbaycanda xüsusi karantin rejimi sentyabrın 30-dək uzadılıb. Vəziyyətə müvafiq olaraq fəaliyyət istiqamətləri gözlənilməli, Təhsil nazirinin xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmri əsas götürülməli, qeyri-standart vəziyyət nəzərə alınmaqla, şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma tətbiq olunmalıdır. Hesab edirik ki, məktəblərin uzun müddətə tam olaraq bağlanması məktəb mühitinin deqrodasiyasına şərait yarada bilər. İnsanların sağlamlığı bizim üçün nə qədər önəmli olmasını nəzərə alaraq, sanitar-epidemioloji qaydalara riayət etmək və bu sahədə geniş maarifləndirmə işləri aparmaq əsas vəzifələrimizdən biri olmalıdır. Vəziyyət dövlətin və əlaqədar qurumların nəzarəti altındadır”.

 

 

Qeyd edək ki,  dərs ili başlayandan 21 sentyabradək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.

 

 

 

Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları