https://www.zirve.edu.az/
18.09.2020 10:23
Yeni dərs ili təhsilimiz üçün yeni imkanlar və uğurların davamı ilə əlamətdar olacaq

“İnanıram ki, təhsildə keyfiyyətin artırılması yönündə qarşıya qoyduğumuz hədəflərə doğru irəliləyə biləcəyik”

 

 Dünyada tüğyan edən COVID-19-un  yaydığı təhlükəyə baxmayaraq, məktəblər öz vəzifəsinin icrasına başladı. Məktəblilərin sağlamlığını təhlükəyə atmadan onların təhsil hüququnun necə təmin ediləcəyindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində danışdı.

 

Birgə səylər, yekdil iradə

 

- Dünyanı bürüyən pandemiya sınağına baxmayaraq, yeni dərs ilinə start verildi. Belə görünür ki, növbəti tədris ili yeni tələblər və yeni qaydalarla müşayiət olunacaq. Əsas gözləntiləriniz nədən ibarətdir?

- Yeni dərs ili öncəsi nəinki təhsil ictimaiyyətini, bütün cəmiyyəti düşündürən “necə başlayaq?!” sualının hərtərəfli və peşəkar müzakirələrdən sonra həlli tapıldı. Hər kəs anlayır ki, bu, təkcə təhsil sisteminin deyil, bütün cəmiyyətin qarşısındakı sınaqdır və bu sınaqdan çıxmağın yolu yalnız birgə səylər və yekdil iradə sayəsində mümkündür.

 

İlk öncə yeni tədris ili münasibətilə paytaxt məktəblərinin pedaqoji heyətini, şagird və valideynləri ürəkdən təbrik edir, bol-bol uğurlar arzulayıram! Davam edən pandemiya vəziyyətində tədris prosesinin mövcud qaydalar çərçivəsində həyata keçirilməsində bütün təhsil ictimaiyyətinin var gücü ilə çalışacağına inanıram.

 

Təhsil müəssisələrində fasilə yarandığı müddətdə ictimaiyyət arasında tədrisin ənənəvi qaydada bərpa olunması üçün nə qədər böyük istəyin olduğunu hamı gördü. Bütün bunlar təhsil işçilərinə əlavə stimul verir. Bir daha cəmiyyətin mütləq əksəriyyətinin təhsilə baxışının, təhsildən gözləntilərinin müsbət mənada daha da dəyişildiyi, təhsilin mahiyyətinə verilən müstəsna dəyərin nə qədər böyük olduğu aydın şəkildə müşahidə olundu.

 

Bildiyimiz kimi, müəyyən yumşalmalar olsa da, ölkəmizdə xüsusi karantin rejimi davam edir. Digər tədris illərindən fərqli olaraq Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Qərarı ilə bu il ümumi təhsil müəssisələrində sentyabrın 15-dən mərhələli olaraq əyani (ənənəvi) və distant (məsafədən) formada tədris prosesi başlayır:

 

  • - İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə - 2020-ci il sentyabrın 15-dən;
  • - ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə - 2020-ci il oktyabrın 1-dən;
  • - ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə - 2020-ci il oktyabrın 1-dən;
  • - ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə - 2020-ci il oktyabrın 15-dən.

 

Öncə qeyd edək ki, yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib. Belə ki, ilk dərslər I- IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunub.

 

Bəllidir ki, təhsil müəssisələrində şagirdlərin tədris və təlim-tərbiyə prosesində əyani iştirakı könüllülük prinsipi əsasında təmin edilir.

 

Hibrid təhsil sisteminin tətbiqi

 

Hibrid təhsil sisteminin tətbiqi şagirdlərin sağlamlığını təhlükəyə atmadan onların təhsil almaq hüququnun təmin olunmasına xidmət edir. Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində dərslər epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən edilmiş qaydalar əsasında təşkil edilir. Ümumtəhsil məktəblərində sinif otağında müvafiq qaydada ən azı 1,5 metrlik ara məsafəsinin gözlənilməsi məqsədilə zərurət yarandığı bütün hallarda əyani formada tədris zamanı siniflər qruplara bölünür.

 

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq, əyani formada tədrisin təşkili müəssisələrin tipi (növü), təhsilalanların sayı, qalanların günüuzadılmış qruplarda təhsilalanların sayı, sinif (qrup) komplektlərinin, tədris otaqlarının, laboratoriyaların, tədris-istehsalat emalatxanalarının, kitabxanaların, yataqxanaların, yeməkxanaların tutumu, təhsilverənlərin yaş bölgüsü və digər məsələlərdə xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq planlaşdırılır. Təhsil müəssisəsində növbəli iş rejimi müəssisənin tutumu və mövcud təhsilalanların sayı əsasında təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilmir.

 

Təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət edilmələri tövsiyə olunur. Təhsil müəssisəsində şəxsi gigiyena qaydalarına əməl edilməsi və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələrin yetərli qədər olması təmin edilir. Bütün bu qaydalara birmənalı şəkildə əməl olunması ilə bağlı konkret tapşırıqlar verilib və onların icrasına ciddi nəzarət edilir. Təqdirəlayiq haldır ki, koronavirusla əlaqədar təhsil müəssisələrində də sanitar-epidemioloji qaydalara həssas yanaşma müşahidə olunur.

 

Məktəblərdə davranış qaydaları

 

Məlum olduğu kimi, Təhsil Nazirliyi tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar məktəblərdə davranış qaydaları da açıqlanıb. Qaydalarda koronavirus infeksiyasından qorunmaq üçün profilaktika və ehtiyat tədbirləri barədə aydın və dolğun məlumatlar yer alır. Məlumatlarda məktəblilərin həm özlərini, həm də başqalarını virusdan qorumaq üçün digər insanlarla ünsiyyətdə olarkən sosial məsafəni gözləməsi, əllərini tez-tez və qaydalara uyğun yuması, başqalarının əşyalarına toxunmaması, sinfi və məktəbi təmiz saxlaması, təhlükəsiz istirahəti seçməsi, kütləvi tədbirlərdə iştirakdan çəkinməsi, bu sahədə bilik və bacarıqlarını başqaları ilə bölüşmələri tövsiyə edilir.

 

Təhsil müəssisələrinin daxilində və həyətyanı sahələrində sosial məsafənin gözlənilməsi virusa qarşı mübarizə tədbirləri arasında ən vacib elementlərdən biri hesab edilir. Bunu nəzərə alaraq sosial məsafənin gözlənilməsi, məktəblərin həyətində müvafiq işarələnmənin təmin olunması, girişdə uşaqların hərarətinin ölçülməsi kimi qaydaları özündə əks etdirən təlimat hazırlanıb və məktəblərə göndərilib.

 

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, bütün təhsil müəssisələrinin girişi və çıxışı üçün nəzərdə tutulmuş ərazilər spirt tərkibli əl üçün dezinfeksiyaedici vasitələrlə təmin edilib. Təhsil müəssisəsinə daxil olan şəxslərin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür. Qaydalara görə, bədən hərarətinin 37,1 dərəcə və ya daha yüksək olduğu müəyyən edildikdə, onların müəssisəyə daxil olmasına yol verilməyəcək. Sıxlığın qarşısının alınması və fiziki (sosial) məsafənin təmin olunması məqsədilə müəssisənin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin edilir. Həmçinin giriş və çıxış zamanı şəxslər (təhsilalanlar, təhsilverənlər və s.) arasında minimum 1,5 metr sosial məsafə gözlənilir və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnir.

 

Valideyn məsuliyyəti

 

- Bu təhlükəli günlərdə yəqin valideynlərin də üzərinə müəyyən vəzifələr düşəcək...

- Əlbəttə, mövcud vəziyyətdən uğurla çıxmaq üçün məktəb və müəllimlərlə yanaşı, valideynlərin və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. İnanırıq ki, qarşılıqlı əməkdaşlıq nəticəsində valideynlər yuxarı siniflərdəki övladlarının hələlik məsafədən təhsil almasına, müəllimlərlə ünsiyyətinə, övladlarının dərsi mənimsəyib-mənimsəməməsinə, bir sözlə, tədris formasından asılı olmayaraq dərslərə məsuliyyətlə yanaşmasına xüsusi önəm verəcək.

 

Tədrisin məsafədən təşkili üçün praktik addımlar

 

- Pandemiyanın ilk sınağından Bakı məktəbləri üzüağ çıxdı, elə deyilmi?

- Elədir. Tələbləri pozmadan öz vəzifəmizi icra etməyə çalışdıq. Azərbaycanda pandemiya dövründə həyata keçirilən tədbirlərdə insanların sağlamlığı prioritet məsələ kimi daim öndə oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə atılan addımlar respublikamıza bu ümumbəşəri bəladan hazırkı dövrə qədər ən az zərərlə çıxmağa imkan verdi. COVID-19 virusunun ölkəmizdə yayıldığı ilk gündən məktəblərdə təhsilin təşkili, təhsildə fasiləsizliyin və davamlılığın təmin olunması ilə yanaşı, eyni zamanda təhsilverənlərin və təhsilalanların sağlamlığının və təhlükəsizliyinin qorunması əsas məsələ kimi diqqət mərkəzində saxlanıldı. Məktəblərdə tədrisin dayandırılması haqqında müvafiq qərar verildiyi vaxtdan paytaxt məktəblərində tədrisin məsafədən təşkili üçün praktik addımlar atıldı. Tədrisin məsafədən təşkili baxımından Təhsil Nazirliyi tərəfindən həyata keçirilən operativ tədbirlər fəaliyyətimizdə əsas istiqamətverici amil idi. Qısa müddətdə teledərslər vasitəsilə tədris olunan məzmunun daha da möhkəmləndirilməsi məqsədilə paytaxt məktəblərində çalışan müəllimlərin böyük əksəriyyəti məsafədən təhsil verməyə başladı. Təbii ki, bunun üçün paytaxt müəllimlərinin İKT-dən istifadə baxımından müvafiq kompetensiyalara malik olması, uşaqlar üçün internetin, eləcə də zəruri texnologiyaların əlçatanlığı da mühüm rol oynadı.

 

Təhsil Nazirliyi tərəfindən şagirdlərin distant təhsil imkanlarının artırılması istiqamətində həyata keçirilən davamlı tədbirlər məktəbliləri və valideynləri də bu işə səfərbər etməyə imkan verdi. “Virtual məktəb” layihəsi çərçivəsində daha genişmiqyaslı distant təhsilin tətbiqi üçün əlverişli şərait yaradıldı.

 

Respublikamızda tətbiq olunan xüsusi karantin rejimindən irəli gələn tələblərə əməl olunması üçün təhsil işçiləri də şagird və valideynlərin maarifləndirilməsi baxımından üzərlərinə düşən missiyasını layiqincə dəyərləndirir. Pandemiya dövründə Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü tədbirlər nikbin olmağa, təhsil sisteminin bu sınaqlardan da üzüağ çıxacağını söyləməyə əsas verir.

 

- Maraq doğuran məsələlərdən biri də məktəblərdə müəllimlər üçün qoyulan tələblərdir. Bunlar nədən ibarətdir və xüsusilə çalışmanın yaş həddinə çatmış müəllimlərin işə cəlb olunmasına yanaşma necə tənzimlənir?

- Məktəblərdə iş prosesi zamanı birmənalı olaraq tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadə edilməlidir. Müəllimlər otağında və digər işçilərin otaqlarında sosial məsafə gözlənilməlidir.

 

Təhsilverən özündə və ya yaxın təmasda olduğu şəxslərdə COVID-19 əlamətlərini (şübhəsini) hiss edərsə, bu barədə dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir. İş vaxtı ərzində təhsilverəndə bədən hərarətinin 37,1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), təcili olaraq müvafiq tədbirlər görülür.

 

COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün təcridolunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya yaxın təmasda olduğu şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrinin cavabları aşkarlananadək, həmin şəxslərin işə çıxmasına icazə verilmir.

 

Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunurlar. Əməkhaqqının hesablanmasında isə distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınır. Tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanılır.

 

Uyğunlaşdırılmış tədris planları

 

- Mənzərə tam aydın olsun deyə, şagirdlər üçün müəyyənləşdirilmiş qaydalara da toxunmağınız yaxşı olardı...

- Öncə qeyd edim ki, təhsil müəssisələrində tədris xüsusi karantin rejimi dövrü üçün uyğunlaşdırılmış tədris planları əsasında aparılır. Dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilmiş qrafikə uyğun, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçirilir. Dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilir.

 

Tədrisdə növbəlilik tətbiq olunur və növbələr arasında tədris otaqlarında, dəhlizlərdə və sanitariya qovşaqlarında təmizlik və dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə nəzərdə tutulur.

 

Dərslərarası (məşğələlərarası) fasilələr 10 dəqiqədən az olmayaraq müəyyən olunur. Fasilələrdə təhsilalanların imkan daxilində təmiz havada olması təmin edlir. Dəhlizlərdə və həyətyanı sahədə sıxlığı azaltmaq məqsədilə tənəffüslərin vaxtı fərqli qrafikə uyğun tənzimlənir.

 

Fasilə müddətində tədris otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılır və sinif otaqlarının havası mütəmadi dəyişdirilir.

 

Hər bir sinfin (qrupun) bütün dərs günü ərzində istifadəsi üçün bir sinif otağı və ya kabinet müəyyən edilir. Kimya, fizika, biologiya kabinetləri və digər müvafiq otaqlardan növbəli istifadə zərurəti olduqda, həmin kabinetlərdə (otaqlarda) növbəti dərs saatı bütün səthlərin dezinfeksiyasından və otaqda hava mübadiləsi təmin edildikdən sonra başlanılır.

 

Xüsusi karantin rejimi dövründə idman və akt zallarından, kitabxana və hovuzdan istifadə dayandırılıb.

 

Ümumi təhsil müəssisələrində şagirdlərin maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir. Ancaq şagirdlərin məktəblərə daxil olarkən və müəssisə daxilində sosial məsafəni gözləməsinə, şəxsi gigiyena qaydalarına əməl etmələrinə nəzarət olunur.

 

Dərs (məşğələ) müddətində hər bir şagird onun üçün müəyyənləşdirilmiş yerdə oturur, digərlərinin əşyalarına toxunmur. Həmçinin şagirddə və ya ailəsində COVID-19 əlamətləri (şübhəsi) hiss edilərsə, bu barədə özü və ya valideynləri dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir.

 

Ümumiyyətlə, xəstəlik şübhəsi olan şəxs dərhal yaşadığı yerə göndərilməli (təhsilalandırsa, valideyninə və ya digər qanuni nümayəndəsinə məlumat verilməli) və 103 Təcili Tibbi Yardıma müraciət edilərək həkimlər tərəfindən laboratoriya müayinəsindən, tələb olunduğu halda COVID-19 testindən keçməli və yaşadığı yerdə özünütəcrid rejimində olmalıdır. Xəstəlik şübhəsi olan təhsilalanın valideyni və ya digər qanuni nümayəndəsi olmadığı təqdirdə, təhsil müəssisəsi onun dərhal COVID-19 testindən keçirilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət etməli və tibb müəssisəsi tərəfindən təhsilalanın xəstəxanaya yerləşdirilməsi təmin edilməlidir.

 

Həmçinin məktəblərin sanitariya qovşaqları müvafiq tələblərə uyğun xüsusi dezinfeksiyaedici vasitələrlə mütəmadi olaraq təmizlənir və dezinfeksiya edilir. Eləcə də sanitariya qovşaqlarında düzgün əl yumaq qaydalarını əks etdirən posterlər yerləşdirilir.

 

Maarifləndirmə məsələnin ən aktual və həssas tərəflərindən biridir

 

- Rəşad müəllim, məktəblərdə şagird və müəllimlərin virusdan daha etibarlı qorunması üçün maarifləndirmə işi və təlimlər nəzərdə tutulurmu?

- Bu, məsələnin ən aktual və həssas tərəflərindən biridir. Elə ölkəmizin pandemiyaya qarşı mübarizə təcrübəsinin əsasında, ilk növbədə təbliğata üstünlük verilməsi dayanır.

 

Nazirlər Kabinetinin müvafiq qərarında da qeyd olunur ki, təhsil müəssisəsinin rəhbərliyi hava-damcı yolu ilə ötürülən xəstəliklərin, xüsusilə COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılmasını və işçi heyət üçün müvafiq təlimlərin keçirilməsini təmin etməlidir. Bu təlimlər fiziki (sosial) məsafə qaydalarına uyğun şəraitdə, habelə mümkün hallarda distant qaydada keçirilir. Bu baxımdan valideynlərin də maarifləndirilməsi və düzgün bilgilərə malik olması xüsusi əhəmiyyət kəsb edir.

 

Artıq bu məsələ ilə bağlı ciddi addımlar atılıb, qeyd etdiyimiz kimi, məktəblərdə maarifləndirici posterlər asılıb, bütün məktəb rəhbərlərinə maarifləndirici tədbirlərin əhəmiyyəti izah olunub. Eləcə də müvafiq monitorinq qrupları vasitəsilə bütün istiqamətlər üzrə, o cümlədən də maarifləndirmə ilə bağlı qarşıda duran vəzifələrin dəqiq icrasına nəzarət olunur.

 

Mühüm istiqamətlər əsas götürüləcək

 

- 2020-2021-ci dərs ilinin prioritet istiqamətləri barədə nə deyə bilərsiniz?

- Yeni dərs ilində öz fəaliyyətimizi Təhsil Nazirliyinin “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” əmrinə uyğun olaraq, mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə almaqla, müvafiq vəzifələrin yerinə yetirilməsi, onların reallaşdırılması, məqsədyönlü təşkilati və əməli tədbirlərin həyata keçirilməsi istiqamətində quracağıq.

 

Yeni dərs ilində tədrisin təşkili işinin səmərəliliyinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində rəqabətliliyin genişləndirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin möhkəmləndirilməsi üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş zəruri tədbirlərin reallaşdırılması, təhsil müəssisələrinin idarəetmə məsələlərinə xüsusi diqqət yetirilməsi, şagirdlərin təlim nailiyyətlərinin daha da yaxşılaşdırılması, onların vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, istedadlı şagirdlərin stimullaşdırılması və digər bu kimi mühüm istiqamətlər əsas götürüləcək.

 

Həmçinin kütləvi tədbirlərin maksimum məhdudlaşdırılması, təhsil müəssisələrində mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, fərdi gigiyena qaydalarına riayət edilməsi, xəstəliklərə qarşı qabaqlayıcı maarifləndirici tədbirlərin görülməsi sayəsində şagirdlərin xüsusi karantin qaydalarına daha diqqətli yanaşacağını düşünürəm.

 

İnanıram ki, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir.

 

- Pandemiya dövründə Bakı Şəhəri üzrə Təhsil İdarəsi fəaliyyətini necə tənzimləyir?

- Tətbiq olunan karantin rejimində bütün dövlət orqanları fəaliyyətini qaydalara uyğun qurmağa çalışır. Mövcud sanitar-epidemioloji vəziyyətin ilk günlərindən Bakı Şəhəri üzrə Təhsil İdarəsi də fəaliyyətini əsasən məsafədən təşkil edir. Fəaliyyətin məsafədən təşkilində əsas məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılmasından ibarətdir. BŞTİ-də fəaliyyətimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına  və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğundur. Belə ki, müzakirə və məsləhətləşmələr onlayn qaydada aparılır, zərurət olduqda videokonfranslar təşkil olunur. Vaxtaşırı olaraq bütün təhsil müəssisələrində və BŞTİ-nin inzibati binasında dezinfeksiya işləri aparılır.

 

Pandemiya dövründə BŞTİ-nin təşkilatçılığı ilə məktəblilər arasında həm tədris ili ərzində, həm də yay tətili dövründə müxtəlif mövzular üzrə onlayn müsabiqələr, yarışlar təşkil olunub. Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq onlayn keçirilən müsabiqələrin əsas məqsədi xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq səviyyəsinin yüksəldilməsinə dəstək vermək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, uşaqlar arasında sağlam həyat tərzini təbliğ etmək, həmçinin ictimaiyyətin diqqətini xüsusi karantin rejimi qaydalarına yönəltməkdən ibarət olub. Valideyn və şagirdlərə mövcud şəraitdə psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirmək məqsədilə BŞTİ tərəfindən sosial-maarifləndirmə layihəsi keçirilib. Layihə çərçivəsində məktəb psixoloqlarının ayrı-ayrı mövzular üzrə çıxışları BŞTİ-nin, təhsil müəssisələrinin internet resursları üzərindən yayımlanıb və KİV vasitəsilə geniş ictimaiyyətə təqdim olunub.

 

Hazırda Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2020-2021-ci tədris ilində də uğurların davamlı olmasını təmin etmək məqsədilə sistemli tədbirlər həyata keçirilir. İnanıram ki, nə qədər sınaqlar olsa da, əsas amal olan təhsildə keyfiyyətin artırılması yönündə qarşıya qoyduğumuz hədəflərə doğru irəliləyə biləcəyik.

 

- Rəşad müəllim, yeni dərs ilində paytaxt məktəbləri üzrə nə qədər şagird təhsil alır?

- Yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 434971 şagirdin təhsil alması nəzərdə tutulur.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 35794, X sinfində  25611, XI sinfində 19794 şagirdin təhsil alması proqnozlaşdırılır (Qeyd: XII sinifdə 170 şagird).

 

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27132 müəllim çalışır.

 

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 316 məktəb və 5  Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

 

Təhsil müəssisələrinin infrastrukturu müasirləşdirilir

 

- Məktəb infrastrukturunun yenilənməsi işləri necə gedir?

- Pandemiya dövründə belə təhsil infrastrukturunun inkişafı daim dövlətin və dövlət başçısının diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində ümumi təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə müasirləşdirilir, yeni məktəb binaları tikilir və ya əsaslı təmir edilir, nəticədə şagirdlərin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılır.

 

Ölkə Prezidenti cənab İlham Əliyevin paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbin yeni korpusunun və Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirakı, həmçinin Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunan 216 nömrəli tam orta məktəb binasının açılışında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı bu diqqətin bariz nümunəsidir.

 

Biz təhsil işçiləri üçün çox qürurvericidir ki, ölkə başçısı İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva məktəblərdə təmirdən sonra yaradılan şəraitlə tanış olur və açılış mərasimlərində iştirak edir, dəyərli tövsiyələri ilə təhsilin inkişafı üçün yeni hədəflər müəyyənləşdirirlər.

 

Qeyd edim ki, paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq çərçivəsində 8 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılıb. Həmçinin ehtiyac olan ərazilərdə 6 yeni məktəb inşa olunur. 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 90, 97 nömrəli tam orta məktəblərin əsas korpuslarının əsaslı təmiri, köhnə korpuslarının sökülərək yenidən tikintisi, 122 nömrəli tam orta məktəbin əsaslı təmiri, idman zalı, kitabxana və əlavə sinif otaqlarının tikintisi, 155 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi aparılıb.

 

Həmçinin 154 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, 216 nömrəli tam orta məktəb üçün digər ərazidə yeni binanın tikintisi yerinə yetirilib. Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilib.

 

Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

 

Bakı təhsilində müsbət dinamika

 

- Rəşad müəllim, pandemiya səbəbindən təhsil müəssisələrinin fəaliyyətində fasilənin yaranması məktəblilərin qəbul göstəricilərinə necə təsir edib?

- Ölkəmizdə koronavirus pandemiyasına qarşı vaxtında həyata keçirilən tədbirlər, Prezident İlham Əliyevin göstərişi ilə görülən kompleks işlər bütün mümkün hallarda infeksiyanın yayılmasının qarşısını almağa imkan versə də, həyatımızın bir sıra istiqamətlərində, o cümlədən təhsil sahəsində də koronavirus infeksiyası səbəbindən fasilə yarandığını müşahidə etdik. Arzuolunmaz vəziyyətə baxmayaraq pandemiya dövründə Azərbaycan müəllimi yüksək hazırlıq səviyyəsini göstərə bildi. Bu dövr ərzində müəllimlərimizin fədakarlığı, peşəkar yanaşması, ilk günlərdən öz təşəbbüsləri ilə distant dərslər keçməsi ən yüksək ehtirama layiqdir.

 

Görülən kompleks tədbirlər şagirdlərin tədris mühitindən ayrılmaması üçün əlverişli zəmin yaratdı. Təsadüfi deyil ki, bütün bunlar tədris ilinin yekun nəticələrində də özünü göstərdi. Pandemiya dövründə yaranmış fasilə və çətinliyə baxmayaraq, Bakı təhsilində bir sıra parametrlər üzrə müsbət dinamika müşahidə olundu.

 

Durmadan inkişaf edən və yeniləşən Bakı təhsili dövlətin qayğısına öz uğurları və parlaq nəticələri ilə cavab verir. Belə ki, ümumi təhsildə müasir və çevik yanaşmalar sayəsində təhsil müəssisələrimiz istər keyfiyyət göstəriciləri, istərsə də daha sağlam mənəvi-psixoloji mühitin təmin olunması baxımından ciddi uğurlara imza atır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi və tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatı ilə bitirən məzunların, olimpiada qaliblərinin sayı ilbəil artmaqda davam edir. Ali məktəbə qəbul göstəricilərində müsbət dinamika müşahidə olunur. Azərbaycan beynəlxalq təhsil reytinqlərində bütün göstəricilər üzrə irəliləyir, beynəlxalq olimpiadalardakı uğurların sırası genişlənir.

 

2019-2020-ci tədris ilinin sonunda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 975 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib. BŞTİ-nin tabeliyindəki 276 nömrəli tam orta məktəbin məzunu III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. I ixtisas qrupu üzrə ölkə üzrə ikinci ən yüksək nəticəni (697 bal) 297 nömrəli tam orta məktəbin məzunu, IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticələri (691.4 bal və 691.2 bal) 178 və 114 nömrəli tam orta məktəblərin məzunları göstərib.

 

2019-2020-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 53 paytaxt məktəblisi qalib olub. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5 nəfər qızıl, 20 nəfər gümüş, 28 nəfər bürünc medal qazanıb.

 

Məktəblər yüksək hazırlıqlı müəllimlərlə təmin olunur

 

- Təbii ki, əldə olunan nailiyyətlərdə təhsil müəssisələrinin idarəetmə korpusunun, eləcə də pedaqoji heyətinin hazırlıq səviyyəsi əsas rol oynayır. Bu istiqamətdə durum necədir?

- Bəlli olduğu kimi, son illərdə təhsil sahəsində istər müəllimlərin, istərsə də təhsil idarəçilərinin seçiminə peşəkar yanaşma, ciddi və şəffaf meyarlar tətbiq olunur.

 

Yeni dərs ili ərəfəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə  8  nəfər direktor vəzifəsinə işə qəbul edilib.  Eləcə də 20 məktəbin direktoru yerdəyişmə ilə digər ümumi təhsil məktəblərinə təyinat alıb. 18 məktəb direktoru (19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblər) ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. (14 nəfər çalışmanın yaş həddinə çatması, 4 nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar).

 

Təhsil Nazirliyi tərəfindən son 7 ildə yüksək şəffaflıq və obyektivlik şəraitində həyata keçirilən müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirilməsi, pedaqoji işçilərin yerdəyişməsi müsabiqəsi, eləcə də digər müvafiq tədbirlər nəticəsində müəllim peşəsinə maraq xeyli dərəcədə artıb. Məktəblər müvafiq tələblərə cavab verən yüksək hazırlıqlı müəllimlərlə təmin olunur.

 

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci dərs ili üçün 958 vakansiya təqdim olunub. Müsabiqə üzrə prosedur tam yekunlaşmadığı üçün ümumilikdə, işə qəbul olunanların sayı barədə yaxın günlərdə dəqiq məlumat bəlli olacaq. 

 

Qazanılan uğurlar göz önündədir

 

- Təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Bu baxımdan dövlətin təhsil sahəsində həyata keçirdiyi islahatları necə səciyyələndirmək olar?

- Təhsil sahəsində həyata keçirilən islahatların nəticələri, qazanılan uğurlar göz önündədir. Çünki strateji bir sahə olan təhsil Azərbaycanda ən yüksək səviyyədə diqqət mərkəzindədir.

 

Ulu öndər Heydər Əliyevin dediyi kimi, təhsil hər bir xalqın gələcəyidir, təhsilsiz inkişaf ola bilməz. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən təhsil sistemində müasir infrastrukturun yaradılması, məktəb tikintisinin geniş vüsət alması xüsusilə diqqətəlayiqdir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilin inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, təhsil sahəsində parlaq uğurlara imza atılır, mühüm islahatlar və layihələr həyata keçirilir.

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulmuş hədəflər uğurla reallaşdırılır. Bu istiqamətdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər xüsusi olaraq qeyd olunmalıdır.

 

Təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır. Müntəzəm olaraq təhsil işçilərinin əməkhaqları artırılır, müəllimlərin peşəkar inkişafı və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ardıcıl addımlar atılır. Bu isə ümumilikdə müəllim peşəsinə olan marağın artmasına səbəb olur, müəllim nüfuzunun yüksəlməsinə təkan verir.

 

Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar, yaradılmış şərait və dövlət qayğısı təhsil işçilərini daha da ruhlandırır, öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.

 

İnanıram ki, tezliklə Azərbaycanda koronavirus infeksiyasına qarşı görülən tədbirlər ürəkaçan nəticələr verəcək, ölkə həyatının bütün sahələri əvvəlki iş ahənginə qayıdacaq və 2020-2021-ci tədris ili təhsilimiz üçün yeni imkanlar və uğurların davamı ili olacaqdır.

 

Ruhiyyə DAŞSALAHLI, Azərbaycan müəllimi