Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-16 14:05:00
Onlayn keçirilən pedaqoji şura iclasları başa çatdı  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin başlanması ilə əlaqədar keçirilən pedaqoji şura iclasları başa çatıb.

 

BŞTİ-dən AzEdu.az-a verilən məlumata görə, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar onlayn keçirilən pedaqoji şura iclaslarında ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilib. Eyni zamanda, yeni tədris ilində qarşıda duran vəzifələr, məktəblərdə daha sağlam sanitar-epidemioloji və psixoloji mühitin yaradılması, məsafədən öyrətmə və öyrənmənin metodikası, müstəqil öyrənmə bacarıqlarının inkişafı, təhsilalanların məsuliyyətinin artırılması və digər məsələlərdən bəhs olunub.

 

Pedaqoji şura iclaslarında müəllimlərə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları və Təhsil nazirinin “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” əmrində müəyyən edilmiş hədəflərin yerinə yetirilməsinə dair müvafiq tövsiyələr verilib.

 

Ötən tədris ilinin II yarımilinə dair bütün siniflər üzrə proqram materiallarının şagirdlər tərəfindən mənimsənilməsi vəziyyətinin diaqnostik qiymətləndirmə vasitəsilə öyrənilməsi və çatışmazlıqların yeni tədris ilində intensiv tədris yolu ilə aradan qaldırılması barədə pedaqoji kollektivə tapşırıqlar verilib. Həmçinin birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, müəllimlərin dərs yükü, xarici dillərin tədrisi səviyyəsi, “Rəqəmsal bacarıqlar” və “STEAM” pilot layihələrinin icrası, məktəblilərin vətənpərvərlik tərbiyəsi istiqamətində işlərin görülməsi və digər mövzular ətrafında müzakirələr aparılıb.

 

Bütün bunlarla yanaşı, pandemiya dövründə müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, kütləvi tədbirlərin keçirilməməsi, sosial məsafənin gözlənilməsi, təhsilverənlərin maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadəsi, şəxsi gigiyena qaydalarına ciddi riayət edilməsinin vacibliyi bir daha qeyd olunub.