https://www.zirve.edu.az/
05.09.2020 12:29
Rezidentura imtahanında iştirak etmək üçün 400-dək namizəd qeydiyyatdan keçib

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat davam edir.

 

AzEdu.az xəbər verir ki, qeydiyyat prosesi sentyabrın 7-dək davam edəcək. Bu gün saat 11:05-ə olan məlumata görə, imtahanda iştirak etmək üçün 474 nəfər (Azərbaycan bölməsi - 437; rus bölməsi – 37) qeydiyyatdan keçib.

 

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün sentyabrın 7-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

 

Xatırladaq ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

 

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının sentyabrın 18-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur. Pandemiya şəraiti və ölkədə olan sanitar-epidemioloji vəziyyətdən asılı olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri əsasında imtahanın keçirilmə tarixində dəyişiklik edilə bilər.