Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-14 10:38:00
BP şirkətinin  ilin birinci yarısında həyata keçirdiyi sosial layihələr – Çoxu təhsillə bağlı

 

 

 

Azəri-Çıraq-Günəşli (AÇG)

 

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

 

2020-ci ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 268 milyon dollar əməliyyat məsrəfləri və 947 milyon dollardan çox əsaslı məsrəflər xərclənmişdir.

 

İkinci rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində, dayaq blokunun inşası isə Heydər Əliyev adına Dərin Özüllər Zavodunda sosial məsafə saxlama tədbirləri ilə və sahədə işçi sayını azaltmaqla davam etmişdir. İlk iri qaldırma əməliyyatı kimi qazma dəstək modulunun aşağı göyərtəsi qaldırılmış və ilkin iri  avadanlıq rüb ərzində Bakıya gətirilmişdir. Növbəti üst modul qaldırma əməliyyatı iyul ayında başa çatdırılmışdır.

 

Yaşayış blokunun inşası İsveçdə davam etmiş, həmçinin sualtı qurğuların inşası Dərin Özüllər Zavodunun tikinti sahəsində, sualtı boruların örtüklənməsi işləri isə Xəzər Boru Örtüklənməsi (Caspian Pipe Coating (CPC)) müəssisəsində davam etmişdir.

 

COVİD-19 pandemiyasının ölkədə və dünyada yaratdığı məhdudiyyətlər materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olmağa davam edir. Buna baxmayaraq layihə komandası layihə çərçivəsində ən yaxşı nəticələr əldə etmək üçün bütün tərəflərlə yaxından işləməyə davam edir və bu ilin üçüncü rübündə dayaq bloku payalarının dənizdə quraşdırılması planı qüvvədədir.  

 

Hasilat

 

İkinci rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Yarım il üçün AÇG-dən ümumi hasilat – Çıraq (38 000), Mərkəzi Azəri (123 000), Qərbi Azəri (122 000), Şərqi Azəri (66 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (53 000) platformalarından birlikdə – gündə orta hesabla 498 000 barel və ya ümumilikdə təxminən 91 milyon barel, yəni 12 milyon tondan artıq olub.

 

Rübün sonunda AÇG-də ümumilikdə 129 neft hasilat quyusu, 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

 

2020-ci ilin birinci yarısında AÇG-də 8 neft hasilat quyusu qazılmışdır.

 

Səmt qazı

 

2020-ci ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,9 milyon kubmetr, ümumilikdə isə 1,3 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Səngəçal terminalı

 

Birinci yarım ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 101 milyon standart kubmetrdir.

 

6 ay ərzində terminal təqribən 127 milyon barel neft və kondensat, o cümlədən 111 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 16 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

İlk iki rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 51,1 milyon standart kubmetrdən çox (təqribən 1 milyard 805 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.

 

Bakı-Tbilisi-Ceyhan (BTC)

 

BTC Ko.-nun səhmdarları: bp (30,10%); AzBTC (25,00%); MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.  

 

2020-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təqribən 48 milyon dollar, əsaslı xərclərə isə təqribən 14 milyon dollar xərclənmişdir.

 

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2020-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 462 milyon tondan artıq (3,47 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4526 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

 

İki rüb ərzində isə BTC vasitəsilə təqribən 15 milyon ton (113 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 145 tankerə yüklənib.

 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

 

Şahdəniz

 

Şahdənizdə iştirak payları belədir: bp (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

 

Bu ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə 409 milyon dollara yaxın əməliyyat xərcləri və 452 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

 

Hasilat

 

Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

 

İlin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 9,4 milyard standart kubmetr qaz və 1,9 milyon ton (15,4 milyon barel) kondensat hasil edilmişdir.

 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

 

Şahdəniz 2 layihəsi

 

İlin ikinci rübü ərzində Şahdəniz 2 komandası Xankəndi sualtı tikinti gəmisi vasitəsilə sualtı quraşdırma işlərini davam etdirmişdir. Şahdəniz Bravo platforması və şərq-cənub cinahı arasında axın xətlərinin mexaniki quraşdırılması İsrafil Hüseynov borudüzmə gəmisi vasitəsilə yerinə yetirilir. Şahdəniz 2 layihəsi çərçivəsində 2021-ci ildə yatağın şərq-cənub cinahından hasilatın başlanması üçün bütün işlər plana uyğun davam edir.

 

Qazma əməliyyatları

 

İkinci rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

 

İstiqlal qazma qurğusu SDC05 sualtı quyusunun alt hissəsini qazmağa davam edib. Maersk Explorer qurğusu SDF04 quyusunu tam dərinliyinədək qazıb və quyu konservasiya olunub. Qurğu bundan sonra SDF05 quyusunun üst hissəsini qazıb.

 

Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 18 quyu qazıb və bunlardan 16-sını tamamlayıb - yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu,  şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu,  şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində iki quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

 

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

 

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: bp (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

 

İlin birinci yarısında CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 22 milyon dollar əməliyyat xərcləri və təqribən 5 milyon dollar əsaslı xərclər sərf edilib.

 

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə  çatdırılmasına 2018-ci ilin iyun ayında başlayıb.

 

20 mart 2020-ci il tarixindən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu BP Eksploreyşn (Şahdəniz) Limited şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan SOCAR Midstream Operations MMC-yə keçib. Ətraflı məlumatı üçün rəsmi press relizə baxın.

 

İlin ilk 6 ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 32,8 milyon kubmetr olmuşdur.

 

Geoloji kəşfiyyat

 

Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına bu il yanvar ayının 13-də başlanmışdır. Hazırda qazma işləri 2500 metr dərinlikdə davam edir. Quyu layihə dərinliyinə çatdıqdan sonra, əldə edilmiş məlumatlar təhlil olunacaq və əgər uğurlu olarsa, nəticələri təsdiq etmək üçün qiymətləndirmə proqramı da həyata keçirilə bilər.  

 

D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı mart ayının 14-də başa çatmışdır. Əldə edilmiş məlumatların emalının ilk mərhələsi bu ilin iyun ayında başa çatmışmışdır. Emal procesinin tam başa çatması bu ilin üçüncü rübünə planlaşdırılır. Bunun ardınca məlumatların interpretasiyası aparılacaq. İnterpretasiyanın nəticələri müsbət olarsa, ilk kəşfiyyat quyusunun planlaşdırılması başlanacaq.

 

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Quyunun qazılmasına bu məqsədlə seçilmiş qazma qurğusu üzərində hazırda aparılan işlər başa çatdıqdan sonra gələn ilin əvvəllərində başlamaq nəzərdə tutulur. 

 

İşçi heyətimiz

 

Birinci yarımilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2485 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

 

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

 

bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

 

Sosial sərmayələr

 

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

 

2020-ci ilin birinci yarısı ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 1,8 milyon dollar xərcləmişlər.

 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

 

Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:

 

  • bp və tərəfdaşları “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” adlı proqramı dəstəkləyir. Bu layihə Azərbaycanda əlilliyi olan şəxslərin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihə həmçinin psixoloji məsləhətlər vasitəsilə iştirakçıların öz qabiliyyətlərinə inam hissini gücləndirir. Layihənin birinci fazası 2019-cu ilin yanvar ayında bitdi və həmin ilin iyul ayından başlayaraq layihə ikinci fazada davam edir. Bu yeni fazada iştirakçıların məşğulluq imkanlarını daha da artırmaq məqsədilə təlim proqramı genişləndirilmişdir. 2019-cu ildə bp Azərbaycan şirkəti xüsusi təcrübə proqramı yaradıb və layihənin birinci fazasından seçilmiş 9 iştirakçıya beynəlxalq iş mühitində bp-nin təcrübəli əməkdaşlarından yeni bacarıq və biliklər öyrənmək və layihədə öyrəndiklərini işə tətbiq etmək imkanı yaradıb. Hazırda layihənin ikinci fazası davam edir və layihədə 95 nəfər iştirak edir. Bu ilin aprel ayından başlayaraq təlimlər və psixoloji dəstək sessiyaları onlayn formada aparılır.

 

  • bp-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. 2020-ci ilin birinci yarısında proqrama 11 yerli şirkət qəbul edilərək mövcud iştirakçılara qoşulub və yeddi şirkət isə proqramı bitirib.

 

  • bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) orta məktəblərdə informasiya texnologiyası (İT) tədrisinin gücləndirilməsi və bu sahədə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu 3-illik təşəbbüs çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda İT təmayüllü məktəblər üçün kurikulum hazırlanıb. Bundan əlavə, yeni kurikulumun pilot tətbiqinə başlamaq üçün 25 seçilmiş Bakı məktəbini təmsil edən 50 müəllimə xüsusi təlimlər də keçilib. Yeni kurikulum əsasında 10-cu və 11-ci siniflər üçün yeni tədris və təlim materialları, o cümlədən dərsliklər hazırlanıb və çap edilib.

 

  • bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) az təminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək məqsədi daşıyan “Gələcəyini qur” layihəsini həyata keçirir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər vermək və sosial inteqrasiya. Bu günədək layihənin iştirakçısı olmuş 207 şagirdin 188 nəfəri (təqribən 91%-i) ali məktəblərə daxil olub. Hazırda layihə 2020-ci ilin qəbul imtahanlarına hazırlaşan 108 iştirakçı ilə davam edir.

 

  • bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında ilkin olaraq 100 icma üzvünü əhatə edən yeni gəlir imkanları yaradılması layihəsi həyata keçirir. Bu əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanlarıdır. “Şirin qızıl” adlanan bu layihə bp-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən daha iki rayonu – Ağstafa və Tovuz rayonlarını əhatə etməklə uzadılmışdır. Layihənin 3 il - 2018-2020-ci illər, üçün nəzərdə tutulmuş bu yeni mərhələsinin məqsədi 500 nəfərdən çox icma üzvünə fayda vermək və arıçılığın inkişafı üçün 110000-dən çox nektar ağacı əkməkdir. Bu günədək 60000-dən çox nektar ağacı artıq əkilmiş və 400 nəfərdən çox yeni layihə benefisiarı seçilmişdir.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Bakı Mühəndislik Universitetində bp-nin yaratdığı 11 laboratoriyada kimyəvi eksperimentlərin aparılması üçün materialların alınmasını və yeni avadanlıqların quraşdırılmasını təmin etməklə həmin universitetə dəstəyini davam etdirir. Bundan əlavə, bu dəstəyə Kimya Mühəndisliyi fakültəsi üçün tədris materiallarının ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi də daxildir. Hazırda başa çatmaqda olan bu layihədən hər il 400-dən çox tələbənin faydalanacağı gözlənilir.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) fizioterapiya sahəsində təlimlər verməklə 60 nəfərədək uşaq inkişafı üzrə mütəxəssisin bacarıqlarının təkmilləşdirilməsini nəzərdə tutan layihəyə dəstək verir. Layihə çərçivəsində uşaqlarda inkişafın gecikməsinin və əlilliyin müalicəsi üçün reabilitasiya metodlarının effektiv tətbiqi sahəsində təlimlər keçirilmişdir. Layihəyə həmçinin inkişafın gecikməsinin və əlilliyin müalicəsi üçün reabilitasiya metodları barədə təlim materiallarının hazırlanması və proqram iştirakçılarına paylanması daxildir.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimlərinin və tələbələrinin ingilis dili biliklərini inkişaf etdirməyi nəzərdə tutan “Mühəndislər üçün ingilis dili” layihəsinə dəstək verir. Layihə təhsil potensialının artırılmasına yardım edir, habelə universitetin beynəlxalq əməkdaşlığının genişlənməsinə dəstək verir. Bu vaxtadək 18 ingilis dili müəllimi “Təlimçilərin təlimi” kurslarını uğurla başa vurub. Proqrama seçilmiş 200 tələbə üçün məşğələlər bu ilin üçüncü rübündə onlayn formada başlayacaq.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsi məqsədi daşıyan bir layihəni dəstəkləyir. Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramını Azərbaycana gətirərək onun ADA Universiteti nəzdində həyata keçirilməsini təmin edir. Altı modul üzrə altı aylıq tədrisdən ibarət proqramda ümumilikdə layihə müddəti ərzində 108 nəfərədək iştirakçını əhatə etməklə altı qrupun olması planlaşdırılır. Bunlardan 44 iştirakçıdan ibarət iki qrupun təlimi artıq başa çatmışdır. Layihənin təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbi tərəfindən sertifikatlaşdırılıb və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilat olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış biznes təhsili üzrə dünya səviyyəli kurikuluma əsaslanır. Bu layihə biznes idarəetmə təhsili üzrə ölkədəki cari tələbatı qarşılamağa kömək etmək üçün nəzərdə tutulub.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Hacıqabul və Kürdəmirdə yerləşən yerli icmaların təkmilləşdirilmiş infrastrukturdan istifadəsinə imkan yaratmaq üçün 2019-cu ilin sentyabr ayında sosial infrastrukturun inkişafı layihəsinə başlayıb. Bu layihə çərçivəsində üç uşaq bağçasının (biri Hacıqabulda və ikisi Kürdəmirdə) təmiri ilin birinci yarısında başa çatmışdır.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Tovuz rayonunda İcmalardakı Ailələrə Dəstək Klubu yaratmaqla kənd yerlərindəki qadınların kiçik sahibkarlıq səriştələrinin və bacarıqlarının inkişafına və onların məşğulluq imkanlarının artırılmasına dəstək verməyi nəzərdə tutan layihə həyata keçirir. Heyəti işə götürülmüş və təlim almış bu klub həmçinin həssas təbəqədən olan qadınların uşaqlarına gündəlik qayğı xidmətləri göstərəcək. Bu vaxtadək layihə çərçivəsində sahibkarlıq sahəsində təlim alacaq və özünüməşğulluğunu təmin etmək üçün müvafiq avadanlıqlarla təchiz ediləcək 20 qadın seçilmişdir.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanda data analitikası üzrə tədqiqat və təlim potensialının gücləndirilməsi üçün üç illik təhsil layihəsinə dəstək verir. Bu məqsədlə ADA Universitetində Kompüter Elmləri üzrə və Data Analitikası üzrə rəqabətədavamlı və dayanıqlı ikili magistr dərəcəsi (MSCS/DA) proqramı yaradılacaq, habelə Data Analitikası (Data Analytics) üzrə Tədqiqat Mərkəzi əlavə inkişaf etdiriləcək. Bu dərəcə proqramı beş semestrdən ibarət olacaq ki, bunların da üç semestri Bakıda, iki semestri isə Vaşinqtonda keçiriləcək. Birinci semestr üçün qəbul prosesi artıq başlayıb.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 10-dan çox yerli universitetin layihə idarəetmə bacarıqlarını gücləndirmək üçün yeni sosial layihəyə başlayıb. Layihə iştirakçıları beynəlxalq sertifikatlı layihə idarəetmə mütəxəssisinə (Sertifikatlı Beynəlxalq Layihə İdarəetmə Mütəxəssisləri, D səviyyəsi) çevrilmək və öz müvafiq universitetlərində layihə idarəetmə qrupları formalaşdırmaq üçün təlim alacaqlar. Layihə çərçivəsində həmçinin layihələrin idarə olunmasına dair Azərbaycan dilində dərslik də hazırlanıb.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) məktəbəqədər təhsil layihəsinə başlayıb. Bu layihə valideynlər, uşaq inkişafı üzrə mütəxəssislər və məktəbəqədər təhsil müəllimləri üçün tədris materialı hazırlayacaq bir qrup yerli mütəxəssisi bir araya gətirəcək. 12 bölmədən ibarət olacaq bu tədris materialında uşaqlara doğulduğu andan məktəb yaşına qədər olan dövrdə effektiv qayğı barədə tövsiyələr və təlimatlar öz əksini tapacaq.

 

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2020-ci ilin birinci yarısında 0,9 milyon dollar vəsait xərcləmişdir. Bu layihələr aşağıdakılardır:

  • bp davamlılıq və tədarük-təchizatın idarə edilməsi; insan resurslarının idarə olunması; media və kütləvi kommunikasiyalar; bank işi və maliyyə bazarları; marketinqin prinsipləri; menecmentin əsasları; sosial işlərdə etik dəyərlər barədə 10 akademik dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini və çapını dəstəkləyir. Gözlənilir ki, layihə ali təhsil müəssisələrində adları sadalanan sahələr üzrə tədrisin keyfiyyətini qaldıracaq və bundan 10 universitetdə 17 000-dən çox tələbə faydalanacaq. Bu vaxtadək altı kitabın tərcüməsi tamamlanıb və həmin kitablardan üçü yerli universitetlərə və kitabxanalara bağışlanıb.
  • bp, bu yaxınlarda qida kimyası, qida texnologiyası və ekologiya sahələri üzrə üç tədqiqat laboratoriyasının yaradılmasını maliyyələşdirməklə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsilin keyfiyyətinin gücləndirilməsinə yönəlmiş layihəni tamamlayıb. Laboratoriyalar bakalavr və magistr üzrə təhsil proqramlarına daxil ediləcək və universitetin əmək bazarını yüksək ixtisaslı kadrlarla təmin edilməsi səylərinə dəstək olacaq.
  • bp Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir­. Bu tərəfdaşlığın bir hissəsi olaraq bp bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə bp şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini Tokyo 2020 Oyunlarının  sonunadək davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzadıb.
  • bp tələbə və gənclərin öz xəyallarını gerçəkləşdirmələrinə və fərdi keyfiyyətlərini inkişaf etdirmələrinə yardım etmək üçün “Yüksəl” layihəsinə dəstək verir. Layihənin əsas ideyası gəncləri müxtəlif sahələrdə böyük nəticələr və nailiyyətlər əldə etməyə həvəsləndirməkdir. Layihə çərçivəsində gənclər üçün nümunə olacaq görkəmli şəxslər və tanınmış mütəxəssislər hər həftə Bakı Kitab Mərkəzində seminarlar keçirəcəklər və onlar öz auditoriyalarına seminarlarda əhatə etdikləri mövzulara həsr edilmiş, bp tərəfindən alınmış kitabları təqdim edəcəklər.
  • bp Azərbaycan şirkəti onlayn keçirilən “World Net Summit”-i dəstəkləyib. 11-15 may tarixlərində keçirilən və COVİD-19 pandemiyasından sonrakı yeniliklərə həsr olunan bu virtual kofrans zamanı pandemiyanın yaratdığı çətinliklər müzakirə edilib və bu barədə fikir mübadiləsi aparılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı, SUP VC (Startap Akselerator) və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəklədiyi tədbirin əsas sponsoru bp olub. Konfrans 15 ölkədən 30 spikeri bir araya gətirib.
  • bp Azərbaycan şirkəti bu ilin aprel ayında Azərbaycanda ilk dəfə keçirilən “EY ilin iş adamı” müsabiqəsini dəstəkləyib. Əsası EY şirkəti tərəfindən qoyulan bu proqram,

dünyamızı dəyişən yenilikçilik, inkişaf və rifahın yaxşılaşmasına töhfə verən  sahibkarlar üçün dünyanın ən prestijli biznes mükafatları yarışmasıdır.

  • bp bu yaxınlarda Energetika Nazirliyinə bir neçə mövcud kiçik hidroelektrik stansiyalarının effektivliyini artırmaq və bəzi yeni stansiyaların yaradılmasının mümkünlüyünün araşdırmaq üçün ərsəyə gətirilən layihəni dəstəkləyib.
  • bp Bakı Ali neft Məktəbi üçün “Gənc mühəndislər üçün menecment və biznes bacarıqları” proqramını maliyyələşdirir. Bu, daxili və xarici əməliyyatların təkmilləşdirilməsi üçün gənc mühəndisləri analitik vasitələr və üsullarla təmin edəcək geniş təlim proqramıdır. Tələbələr mürəkkəb biznes problemlərinin təhlili və qiymətləndirilməsi üzrə bacarıqları inkişaf etdirəcəklər və problemlərin həlli və qərarların verilməsi üzrə metodoloji yanaşmaya yiyələnəcəklər. Kurikulum səkkiz əsas moduldan ibarətdir.
  • bp həmçinin tələbələrdə biznes bacarıqlarını inkişaf etdirməklə sahibkarlığı təşviq edən Enactus Azərbaycan Qış Məktəbinə sponsorluq etdi. Qış Məktəbində ümumilikdə 150 nəfər olmaqla Azərbaycanın 23 universitetini təmsil edən Enactus komandaları iştirak etmişdir. Dünyanın müxtəlif ölkələrində hər il keçirilən müsabiqələrin qalibi olan universitetlər ayrı-ayrı ölkələrdə təşkil olunan Enactus Dünya Müsabiqəsində öz dövlətini və universitetini təmsil edir.

 

  • bp 2019-cu ilin sonunda öz təqaüd proqramını təkrar işə saldı. Proqramın məqsədi neft-kimya sahəsi üzrə universitetlərin 2-ci kurs tələbələri üçün ingilis dili biliklərini təkmilləşdirməkdir. Bu, təkmilləşmiş ingilis dili biliklərinə malik olmaqla tələbələrin öz karyera hədəflərinə doğru daha inamla irəliləməsinə imkan yaradacaq. Hazırda müxtəlif universitetlərdən olan təxminən 30 nəfər tələbə bu proqramda iştirak edir.