Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-13 10:14:00
Şəhadətnamələrin fiziki olaraq vətəndaşlara təqdim edilməsinə başlanıldı

Avqustun 12-dən etibarən vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi prosesinə başlanılıb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, vətəndaşlar karantin rejiminin tələblərinə riayət etməklə həftəiçi hər gün saat 09:00-dan 18:00-dək tərtib olunmuş xüsusi növbəlilik cədvəli üzrə onlara göndəriləcək müvafiq SMS bildirişi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yaxınlaşaraq şəhadətnamələrini əldə edə bilərlər. Şəhadətnamələrin təqdim olunması prosesinin 15 iş günü ərzində yekunlaşdırılması planlaşdırılır.

 

Bu xidmət 2020-ci ilin mart ayından başlayaraq ardıcıl şəkildə digər aylar üzrə şəxsi kabinetində “Şəhadətnamə verildi” statusu qeyd olunan müraciətçilərə şamil edilir. SMS bildirişi almayan vətəndaşların Agentliyə yaxınlaşmamaları xahiş olunur.

 

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu martın 16-dan avqustun 31-dək dayandırılıb. Bu səbəbdən xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyası) müəyyən edilməsi ilə bağlı Agentliyə müraciət edən və müsbət nəticə əldə edən vətəndaşlara şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi mümkün olmayıb.