https://www.zirve.edu.az/
08.08.2020 13:11
“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə "Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfrans başa çatıb.

 

AMEA-dan verilən məlumata görə, konfransda 9 plenar, 30-a yaxın seksiya çıxışları dinlənilib, ümumilikdə 102 məruzə təqdim olunub.

 

Konfransın sonuncu günündə AMEA ilə yanaşı,  Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Tibb Universiteti və digər qurumların nümayəndələri tərəfindən "Azərbaycan populyasiyasının molekulyar genetik tədqiqi", "Azərbaycan əhalisində Y-xromosom DNT-nin polimorfizmi", "COVID-19 xəstəliyinin molekulyar diaqnostikasında keyfiyyətə nəzarət", "Stasionar COVID-19 xəstələrinə müalicə nəticələri", "Yarasalar bəzi zoonoz virusların potensial təbii rezervuarı kimi", "COVID-19-a yoluxmuş xəstələrin qanında ferritin səviyyəsinin xüsusiyyətləri" və s. mövzularda məruzələr təqdim olunub.

 

Konfransın bağlanış mərasimində AMEA-nın müxbir üzvü Nuru Bayramov, BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) laboratoriya müdiri, professor Qərib MürşüdovYüksək Texnologiyalar Parkının direktoru, akademik Əli Abbasov, ABŞ-ın İndiana Bioelmlər Tədqiqat İnstitutunun və MBBİ-nin əməkdaşı, professor Vidadi Yusibov və  digərləri çıxış edərək təkliflərini səsləndiriblər.

 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın sözlərinə görə,  pandemiya bir daha göstərdi ki, ölkəmizdə həm fundamental, həm də tətbiqi elm sahələri daha intensiv şəkildə inkişaf etdirilməli, təbii və antropogen xarakterli təhlükə və risklərə qarşı elmi tədqiqatlar aparılmalıdır: “Belə bir şəraitdə biologiya, xüsusilə də tibb elmlərinə diqqət yönəldilməli, biotibb sahəsi daha çox inkişaf etdirilməlidir. Bu gün yoluxucu xəstəliklərlə bağlı patalogiyaların molekulyar genetik populyasiya səviyyəsində tədqiqi böyük əhəmiyyət kəsb edir”.

 

Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində aparılan tədqiqatlar zamanı müasir texnologiyalardan istifadənin zəruriliyindən danışan İ.Hüseynova bildirib ki, dördüncü sənaye inqilabının tələblərinə müvafiq olaraq biologiya və tibb sahələrində maşın təlimi və süni intellekt texnologiyaları tətbiq olunmalı, nəticələrin proqnozlaşdırılmasına imkan verən dinamik sistemlər öyrənilməlidir.

 

O, son dövrlər neyroelmlərin sürətlə inkişaf etdiyini deyərək, bu sahə üzrə vaxtilə AMEA-da araşdırmaların aparıldığını, hazırda isə bu tədqiqatlara müasir prizmadan yanaşılmasının əhəmiyyətini qeyd edib.

 

Ölkəmizdə bioloji təhlükəsizliyin təmin edilməsi məsələsinə toxunan AMEA-nın vitse-prezidenti patogenlərlə əlaqədar olan məlumatların əlaqələndirilməsinin vahid mərkəzdən idarə olunması istiqamətində təkliflərini səsləndirib.

 

Akademik gənc kadrların yetişdirilməsinə təhsil sistemindən başlanıldığını, hazırlıqlı kadrların elmi mühitdə daha fəal şəkildə tədqiqatlara cəlb olunduğunu da vurğulayıb. Bildirib ki, konfransda Azərbaycan Tibb Universiteti və digər klinikalardan təqdim olunan məruzələrin müəlliflərinin əksəriyyətinin gənc tədqiqatçılar olması artıq gənclərimizin müstəqil fikir yürütmək və dünya təcrübəsini nəzərə alaraq sərbəst tədqiqatlar aparmağa qadir olduqlarını göstərir.

 

Alim konfransda tibbi biologiya, immunologiya, virusologiya və digər sahələrin, o cümlədən dərman bitkilərinin hazırlanması istiqamətində məruzələrin təqdim olunduğunu vurğulayıb, tədbirin akademiyanın BTEB-ə daxil olan institutları ilə tibb sahəsi üzrə fəaliyyət göstərən mütəxəssislər arasında birgə əməkdaşlıq əlaqələrinin qurulmasına yeni imkanlar açdığını diqqətə çatdırıb. Həmçinin AMEA alimlərinin tədqiqatlarının Səhiyyə Nazirliyi, TƏBİB, Qida Təhlükəsizliyi Agentliyi və onun nəzdində olan elmi tədqiqat institutlarının əməkdaşları ilə birgə multidissiplinar qaydada həyata keçirilməsinin önəmini qeyd edib.