https://www.zirve.edu.az/
08.08.2020 09:52
Yeni məktəb binaları inşa olunur-VİDEO

Son illərdə Lənkəranda 50-dək məktəb üçün yeni binalar tikilib, təmir-bərpa işləri aparılıb.

AzEdu.az xəbər verir ki, 264 şagird yerlik Gəgiran kənd orta məktəbinin yeni binasının tikintisinə ötən ilin iyul ayından başlanılıb.

1972-cü ildə tikilmiş köhnə bina sökülüb, yerində üç mərtəbədən ibarət yeni bina inşa olunub. Köhnə məktəb binasının yararsız hala düşməsi, sinif otaqlarının qışda soyuq olması tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. Yeni və müasir infrasturktura malik məktəb binası isə bu kimi çətinlikləri aradan qaldıracaq. 

 

Binada tikinti-quraşdırma, konstruksiya işləri başa çatıb. Elektrik, istilik xətləri çəkilib, pəncərələr qoyulub. Məktəbin dam örtüyündə də aparılan işlər yekunlaşıb. Hazırda əsas inşaat işləri binanın içərisində aparılır.

21 otaqdan ibarət olacaq məktəbdə kitabxana, yeməkxana, akt zalı və fənn laboratoriyaları fəaliyyət göstərəcək. Yeni məktəb binasının tikilməsini kənd sakinləri də sevinclə qarşılayıb.

Hazırda Lənkəranda Haftoni kənd, Nərimanabad qəsəbə və Viravul kənd 2 nömrəli tam orta məktəbləri üçün tikilən binalarda son tamamlama işləri görülür. 

Bununla yanaşı, bu günlərdə söküntü işləri gedən 7 nömrəli və Zövlə kənd tam orta məktəbində də əsaslı təmir-bərpa işlərinə start verilib. Binaların yeni tədris ilində istifadəyə verilməsi planlaşdırılır.