Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-02 14:00:00
Aqrar universitetində gənc alimlərin konfransı keçirilib

Bu günlərdə Azərbaycan Dövlət Aqrar Universitetində “Müasir aqrar elmin aktual problemləri və inkişaf perspektivləri” mövzusunda gənc tədqiqatçılar üçün onlayn elmi-praktik konfrans keçirilib. Konfransın təşkilatçıları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsidir.

Elmi tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın müvafiq bəndlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və  elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsi olub.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov elmi konfransı giriş sözü ilə açıq elan etdikdən sonra AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Direktoru, dosent İmran Cümşüdov, Elm üzrə Prezident mükafatçısı, AMEA Gəncə Bölməsinin Gənc alimlər Şurasının sədri Elnur Həsənov, ADAU-nun professorları Məhərrəm Hüseynov, Nizami Seyidəliyev, Həsənəli Aslanov, Qabil Məmmədov, universitetin dosenti Urfan Tağıyev məruzələrlə çıxış ediblər.

Elmi konfransda onlayn formada 100-dən artıq doktorant və dissertantlar, gənc alim və mütəxəssislər dinləyici qismində iştirak ediblər.