https://www.zirve.edu.az/
01.08.2020 14:42
D vitamini tələbatımızı necə ödəyək? - Həkimdən XƏBƏRDARLIQ  
Çap et

Ölkə ərazisində karantin rejiminin uzadılması, əksər şəhər və rayonlarda sərt karantin rejiminin tətbiqi insanları yay aylarında evə qapanmağa məcbur edir.


Mütəxəssislər bildirirlər ki, insanlar xəstəliklərdən müdafiə olunmaq üçün D vitamini qəbul etməlidir. Bu isə qidalardan daha çox, Günəş altında gəzməklə mümkündür. Hazırkı şərait isə buna imkan vermir.

 

Bəs çimərliyə gedə bilməyən, açıq havada gəzmək imkanı olmayan insanlar D vitamini ehtiyaclarını necə ödəməlidir?

 

AzEdu.az bildirir ki, mövzu ilə bağlı publika.az-a danışan həkim-terapevt Rəqsanə Cəlilovanın sözlərinə görə, D vitamini orqanizmin öz fəaliyyətini davam etdirməsi, maddələr mübadiləsinin normal olması üçün çox önəmli rol oynayan bir hormondur:


"D vitamini çatışmazlığı zamanı insanlarda bir çox problemlər yarana bilər. Bu şəxslər halsızlıq, yuxusuzluq, əsəb, depressiya, stress, allergik və dəri xəstəlikləri, iştahsızlıq, sümük ağrıları kimi ağrı və problemlərlə qarşılaşa bilərlər. Bununla yanaşı, vitamin D azlığı olan insanlarda baş ağrısı ən çox rast gəlinən haldır. Çünki bu vitamin immun sistemini gücləndirir, maddələr mübadiləsini normaya salır. Ona görə də biz çalışmalıyıq ki, vitamin üzrə gündəlik tələbatı ödəyək və bunu miqdarında qəbul edək".

 

Həkim qeyd edib ki, D vitaminini insanlar bütü günü açıq havada gəzərək və gün ərzində Günəşin altında qalmaqla alacaqlarını düşünürlər. Amma əfsuslar olsun ki, belə bir yanaşma düzgün deyil: "D vitaminini normalda dərinin incə təbəqəsi qəbul edir, məsələn, qolun dirsəkdən aşağı iç üzü, hansı ki, dərinin nazik olduğu təbəqə. Günün müəyyən saatlarında qolumuzu dirsək hissədən qaldıraraq 20-30 dəqiqə Günəşə tərəf tutsaq, bu bizə kifayət edir ki, bədənimizin D vitamini tələbatını ödəyə bilək. Bütün gün Günəş şüaları altında qalmaq isə tövsiyə edilən hal deyil. Əgər D vitaminini zəngin olaraq bədənə qəbul etmək fikrimiz varsa, dirsəkdən aşağı qollarımızı Günəş işığı altında saxlamaq kifayətdir. Bunun saat 10-12 aralığında edilməsi daha məqsədəuyğundur".

 

R.Cəlilova bildirib ki, hazırda ofis şəraitində çalışan insanlar bu saat aralığında Günəşə çıxa bilmirlər və qidalarla D vitamini ehtiyaclarını qarşılayacaqlarını düşünürlər: "Əfsuslar olsun ki, qidalarda kifayət qədər tələbatımızı qarşılayacaq D vitamini yoxdur. Məsələn, süddən və ya qatıqdan bu vitamini ala bilmək üçün çoxlu istifadə edək. Biz gərək gün ərzində onlarla litr süd içək ki, o bizim günlük tələbatımızı ödəsin. Bu isə qeyri-mümkündür. Ən uyğun yol Günəş şüası qəbul etməkdir. Əgər D vitamini qida ilə tam qarşılana bilmirsə və açıq havada da gəzmək üçün məhdudiyyət varsa, o zaman vitamin D əlavələrindən istifadə etmək olar. Onlardan qida əlavəsi olaraq yararlanmaq olar. Amma bəzən insanlar hansısa analiz nəticəsi olmadan və qanda D vitamininin miqdarını yoxlatmadan apteklərdən vitamin alıb qəbul etməyi düşünürlər. Bu, tamamilə yanlıdır. Çünki D vitamini azlığı problem olduğu kimi, bədəndə çoxluğu da problemdir. Bu, bizim istəmədiyimiz bir şeydir. Çox olarsa, ciddi problemlərlə üzləşə bilərik. D vitamini şübhəsi olanlar həkimə müraciət etməlidir. Qanda onun miqdarına baxdıqdan sonra tövsiyə olunduğu halda əlavələrini qəbul edə bilərlər".