Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-29 15:28:00
“DİM-in onlayn sınaqları ödənişsiz təşkil etməsi abituriyentlər üçün stimul oldu”-Ən yüksək bal toplayan məzun

Dövlət İmtahan Mərkəzi  tərəfindən 23-24 iyul 2020-ci il tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanları keçirildi. İmtahanlar 10 şəhər və rayonda təşkil olunub.

 

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 61 imtahan binası, 1045 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 61 ümumi imtahan rəhbəri, 167 imtahan rəhbəri, 1361 nəzarətçi–müəllim, 122 buraxılışı təşkil edən əməkdaş, 61 bina nümayəndəsi ayrılıb.

 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

 

“Heç vaxt mövzuları əzbərləmirəm, onları dərk edərək yadda saxlamağa çalışıram”. AzEdu.az xəbər verir ki, bu fikirlər iyulun 23-ü DİM-in təşkil etdiyi imtahanlarda ən yüksək nəticə göstərən Naxçıvan şəhər Heydər Əliyev adına orta məktəbin məzunu Hüseynquliyev İlhama (291.8 bal) məxsusdur. İlham imtahan təəssüratlarını AzEdu.az-la bölüşdü:

 

“Azərbaycan dili fənnindən olan suallar digərlərinə nisbətdə daha çətin idi”

 

“İmtahan rahat keçdi. İmtahana 1 gün qalmış özümü yormadım, kitablardan uzaq durdum. İmtahan zamanı isə çalışdım ki, həyəcan, stress yaşamayım. İlk olaraq ingilis dilindən dinləmə mətnləri səsləndirildi. Bu sualların çətin olduğunu düşünürəm. Ümumən isə dinləmə suallarını yaxşı yazdım. İkinci Azərbaycan dilindən olan sualları yazdım, qrammatika suallarını asanlıqla cavabladım. Mətnlər isə xeyli vaxtımı aldı. Məncə digərlərinə nisbətən çətin suallar Azərbaycan dili fənnindəydi”.

 

İlham imtahanın ikinci mərhələsi üçün ciddi hazırlaşdığını bildirdi:

 

“Özümdən bu qədər yüksək nəticəni gözləmirdim. İmtahanadək qatıldığım sınaqlarda Azərbaycan dilindən çox səhvim çıxırdı. Lakin bu dəfə imtahanda uğurlu oldu, yalnız 2 qapalı sualı səhv cavabladım. İkinci mərhələyə də ciddi hazırlaşıram. Heç vaxt mövzuları əzbərləməyə çalışmıram, onları dərk edərək yadda saxlamağa çalışıram. Enerjimi bunun üçün sərf edirəm”

 

İlham Hüseynquliyev qəbul olmaq istədiyi universitet və ixtisası da müəyyənləşdirib. O, həmçinin DİM-in onlayn imtahanları ödənişsiz təşkil etməsini yüksək qiymətləndirdi:

 

 “Bakı Ali Neft Məktəbi və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına  qəbul olmaq istəyirəm. Karantin müddətində imtahana hazırlaşmaqda müəllimlərlə əlaqə baxımında müəyyən çətinliklər oldu. ZOOM proqramı vasitəsilə onlayn dərslərə qatıldım və bu hələ də davam edir. Lakin DİM-in onlayn sınaqları ödənişsiz təşkil etməsi abituriyentlər üçün stimul oldu”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları