https://www.zirve.edu.az/
23.07.2020 14:51
AMEA Yüksək Texnologiyalar Parkı ilə “FDI Group” arasında əməkdaşlığa dair memorandum imzalanıb

AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) ilə Türkiyədə rəsmi fəaliyyət göstərən “FDI Group” MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

AzEdu.az  xəbər verir ki, sənəddə ölkəmizdə texnoloji sistemlərin tətbiqi, elmtutumlu texniki sistemlərin modernləşdirilməsi, bu sahədə yeni texnologiyalardan istifadə üzrə həyata keçiriləcək layihələrin icrasının və mövcud infrastrukturun təkmilləşdirilməsinin təmin edilməsi, o cümlədən müdafiə sistemlərinin gücləndirilməsi, innovativ ideyaların axtarışı və tətbiqi, texnologiyaların transferi istiqamətində mövcud vəziyyətin qiymətləndirilməsi, yerli mütəxəssislərlə birgə elmi tədqiqat və istehsalat layihələrinin təşkili, perspektiv imkanların dəyərləndirilməsi nəzərdə tutulur.

 

Memorandumda, həmçinin müdafiə təyinatlı, eləcə də təhlükəsizlik sahələrində zəruri qurğuların, o cümlədən xüsusi texniki vasitələrin imkanlarının təkmilləşdirilməsi istiqamətində birgə fəaliyyətin təşkili, innovativ layihələr üzrə yeni texnologiyaların tətbiqi və milli müdafiə maraqları istiqamətində müştərək layihələrin həyata keçirilməsi əksini tapıb.

 

Əməkdaşlıq memorandumunda Azərbaycan Respublikası və xarici ölkələrin aidiyyəti elmi-tədqiqat institutları, elm və texnologiya mərkəzləri, habelə istehsalat müəssisələri ilə faydalı əlaqələrin qurulması istiqamətində birgə fəaliyyət, innovasiyaların tətbiqi sahəsində müvafiq əməkdaşlıq və qarşılıqlı dəstəyin verilməsi, eyni zamanda, qabaqcıl texnologiya və metodların inkişafı və təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsi məsələləri də yer alıb.