Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-26 14:06:00
“Qəbul imtahanları əvvəlki  illərlə müqayisədə asan olacaq” – Ucqar kənd müəllimi

“Koronavirus aydındır ki, tək Azərbaycanda deyil, bütün dünyada baş verən qlobal bir problemdir. Hazırda yaşadığımız mövcud vəziyyətə heç kim hazır deyildi. Hər kəs başqa məsələlər üzrə motivasiya olmuşdu. Lakin sonra baş verən bu problemlər hər sahədə olduğu kimi, təhsildə də çaşqınlıq yaratdı. Xüsusən də canlı dərslərin olmaması və onlayn şəkildə tədris bir sıra problemlərə səbəb oldu”.

 

Bu  sözləri AzEdu.az-a açıqlamasında Gədəbəy rayonu Kələman kənd orta məktəbinin coğrafiya müəllimi Tural Topçuyev söyləyib.

 

Onun sözlərinə görə, ənənəvi təhsildən distant formaya keçidə Azərbaycan tam şəkildə hazır deyildi:

 

“İlk dəfə olaraq Azərbaycanda kütləvi olaraq onlayn dərslər keçirildi. Vəziyyət onu göstərdi ki, biz distant təhsilə tam hazır deyilik. Xüsusilə bizim yaşadığımız Gədəbəy ucqar rayondur və burada hər bir şagirdin evində, əlbəttə ki, internet yoxdur. Buna görə də bütün şagirdləri təhsilə cəlb etmək mümkün deyil. Ən əsası isə universitet imtahanlarına hazırlaşan abituriyentlər bir sıra çətinliklərlə üzləşdilər. Çünki distant forma, həmçinin tez-tez imtahan vaxtlarında edilən dəyişikliklər də ölkəmizdə bir ilk idi. Lakin çalışırıq ki, şagirdlərimizi psixoloji olaraq bu mərhələyə hazırlayaq”.

 

Bölgə müəllimi bildirib ki, hazırkı şəraitdə abituriyentlər bir çox problemlərlə qarşılaşsalar da, müəllimlərinin dəstəyi ilə öhdəsindən gəlməyə çalışırlar:

 

"Bu il imtahan səviyyəsinin əvvəlki illərə nisbətən asan olacağını fikirləşirik. Çünki Dövlət İmtahan Mərkəzi də başa düşür ki, bu il vəziyyət elə də ürəkaçan olmayacaq. Mümkün qədər şagirdlərimizə imtahanlara motivasiya etmək üçün hər baxımdan dəstək oluruq. Hətta yeri gəldikdə evlərinə qədər gedib, kömək etməyə çalışırıq. Ümid edirik ki, bundan sonrakı imtahanlarda – bloq imtahanında bir problemlə üzləşmərik. Nəsə baş verəcəkcə, təbii ki, zaman göstərəcək”.