Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-04 17:14:00
Kamal Abdulla tələbə və magistrantlara müraciət edib

“Azərbaycan Dillər Universiteti  öz səlahiyyətləri çərçivəsində tələbələr üçün mövcud vəziyyəti nəzərə alaraq böyük güzəştlər edib”.

 

AzEdu.az xəbər verir ki, bunu akademik Kamal Abdulla ADU-nun tələbə heyətinə müraciəti zamanı deyib.

 

O, qeyd edib ki,təhsilalanların ona  ünvanladığı çoxsaylı müraciətləri diqqətlə oxuyub.

 

”Bu müraciətlərdə əsasən giriş balları, imtahanların keçirilmə forması, sualların genişliyi və ən nəhayət təəssüf doğuran bir məsələ - semestr imtahanlarının ləğv edilməsi vurğulanır. Bilməlisiniz ki, universitet öz səlahiyyətləri çərçivəsində tələbələr üçün mövcud vəziyyəti nəzərə alaraq böyük güzəştlər edib. Onların sırasına  50 bala qədər imtahana buraxılma,  suallarının və biletlərin sayının azaldılması, davamedici fənlərdən imtahanların ləğvi, buraxılış işlərinin ÜOMG ilə əvəzlənməsi daxildir.

 

İmtahanların ləğv edilməsi isə Universitetin səlahiyyətindən kənar məsələdir. Azərbaycan Dillər Universitetində semestr imtahanlarının keçirilməsi ilə bağlı müvafiq qaydaları əhatə edən əmr artıq Təhsil Nazirliyi tərəfindən imzalanıb və universitetə  göndərilib”.

 

Rektor qeyd edib ki, imtahanlar mövcud şəraitdə müxtəlif vasitələrlə  öyrədilən biliklərə və pandemiya şəraitində keçirilən onlayn dərslərə uyğun olaraq keçiriləcək.

 

”Bundan başqa, siz iyun ayında təşkil olunan imtahandan imtina edib, avqust-sentyabr ayında təşkil olunacaq icmal dərslərdə iştirak edərək sentyabrda imtahan verə bilərsiniz. Bu, sizin hüququnuzdur. Rektor olaraq onu deyə bilərəm ki, bütün imtahanlar son dərəcə mülayim şəkildə keçiriləcək. Apelyasiya komissiyasının sədri kimi buna şəxsən özüm nəzarət edəcəm.

 

Mövcud şəraitdə tələbələr üçün yaradılmış bu humanist imkanlardan istifadə etməyən, ümumiyyətlə imtahansız növbəti semestrə keçmək istəyən tələbələr isə düşünürəm ki, universitet tələbəsi adına layiq deyillər. Bu, müasir dünya təhsil sistemində görünməyən haldır və ali təhsilin ümumi prinsiplərinə birbaşa ziddir.

 

Sizin hər birinizə imtahanlarda uğurlar arzulayıram! Əminəm ki, hamınız bu imtahanları müvəffəqiyyətlə başa vuracaqsınız”.