https://www.zirve.edu.az/
27.05.2020 14:48
ADA Universiteti Almaniyanın Halle-Vittenberq Universiteti ilə birgə doktoranturaya sənəd qəbulu elan edir
Çap et

ADA Universitetinin hüquq proqramı Martin Lüter adına Halle-Vittenberq Universitetinin (“Martin Luther University Halle-Wittenberg”) Hüquq Məktəbinin birgə əməkdaşlığı ilə hüquq üzrə doktorantura səviyyəsinə sənəd qəbulu elan edir.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, 2018-ci ildən etibarən fəaliyyətə başlayan hüquq proqramının tədqiqat imkanlarını genişləndirmək, professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətini təkmilləşdirmək məqsədilə həyata keçirilən proqram bu sahə üzrə aparıcı hüquqşünaslar yetişdirməyi hədəfləyir.

 

Hüquq üzrə doktorantura proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılır. Ali təhsil pilləsinin hüquq üzrə magistratura səviyyəsini bitirən, ingilis və ya alman dilləri üzrə lazımi tələbləri qarşılayan, eləcə də tədqiqat və akademik yazı bacarıqlarına malik Azərbaycan Respublikasının vətəndaşları proqrama müraciət edə bilərlər.

 

Proqram ərzində Martin Lüter adına Halle-Vittenberq Universitetini (MLU) təmsil edən elmi rəhbərlərin və ADA Universiteti professorlarının akademik dəstəyindən yararlanacaq tələbələrdən MLU tərəfindən təqdim ediləcək hüquq və tədqiqat metodologiyası üzrə müxtəlif kursları tamamlamaları, doktorluq dissertasiyasını müvəffəqiyyətlə başa çatdırmaq üçün isə fərdi iş planı hazırlamaları tələb olunacaq.

 

Qeyd edək ki, uğurlu doktorantura tələbələri ADA Universitetinin hüquq proqramının akademik və digər fəaliyyətlərində iştirak etmək fürsəti qazanacaqlar.

 

Xatırladaq ki, proqram çərçivəsində təhsil müddəti 4 il yarımdır. Proqramı uğurla başa vuran tələbələr Martin Lüter adına Halle-Vittenberq Universitetinin hüquq üzrə fəlsəfə doktoru diplomuna layiq görüləcəklər.

 

Hüquq üzrə doktorantura proqramına müraciət edəcək namizədlərdən sənədlərini onlayn qaydada təqdim edərək, iyunun 29-dək müraciətlərini tamamlamaları xahiş olunur.

 

ADA Universitetinin rəsmi səhifəsinə (ada.edu.az) müraciət edərək proqrama qəbul qaydaları və tələblər ilə bağlı ətraflı məlumat əldə etmək mümkündür.