https://www.zirve.edu.az/
15.05.2020 17:42
“Vaksinin hazırlanması prosesinə alimlərimizin də cəlb olunması qürurverici haldır”
Çap et

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.

 

İnstitutun direktoru, akademik İradə Hüseynovanın sədrliyi ilə baş tutan iclasda pandemiya və postpandemiya dövründə həyata keçirilən bir sıra məsələlər müzakirə edilib. İ.Hüseynova bildirib ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması, əhalinin sosial müdafiəsinin təşkili, iqtisadi aktivliyin təmin olunması istiqamətində Azərbaycan dövləti tərəfindən zəruri tədbirlər həyata keçirilir.

 

Akademik  müəssisə əməkdaşları tərəfindən koronavirus və postkoronavirus dövründə görüləcək elmi tədqiqat işləri barədə təkliflərin hazırlanaraq Biologiya və Tibb Elmləri Bölməsinə təqdim olunduğunu diqqətə çatdırıb. O, COVID-19 virusuna qarşı vaksin hazırlanması prosesinə dünyada tanınmış mütəxəssislərlə yanaşı,  hal-hazırda xaricdə fəaliyyət göstərən alimlərimiz – AMEA-nın müxbir üzvü Tərlan Məmmədov, professor Vidadi Yusibovun da cəlb olunmasını qürurverici hal kimi qeyd edib.

 

İclasa onlayn qoşulan institutun beynəlxalq statuslu molekulyar biomühəndislik laboratoriyasının müdiri, Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov rəhbərlik etdiyi qrup tərəfindən  koronovirusa qarsı effektiv vaksin hazırlanması istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, əldə olunan nəticələr əsasında patent almaq üçün 30 aprel 2020-ci il tarixində ABŞ Patent və Ticarət Ofisinə müraciət olunub.

 

AMEA-nın müxbir üzvləri- Novruz Quliyev və İlham Şahmuradov Azərbaycanda koronavirusa yoluxmanın nəzarətdə saxlanılması və onun qarşısının alınması istiqamətində Prezident  İlham Əliyevin rəhbərliyi ilə kompleks tədbirlərin həyata keçirilməsini və çoxşaxəli qabaqlayıcı tədbirlərin müsbət nəticələr verdiyini vurğulayıblar.

 

Daha sonra Təhsil şöbəsinin müdiri,  dosent Samirə Rüstəmova bu il magistraturanı bitirən II kurs magistrantların  dissertasiya işlərinin hazırlıq vəziyyəti  barədə məlumat verib.

 

İclasda digər təşkilati məsələlər də müzakirə olunub.