https://www.zirve.edu.az/
21.04.2020 16:19
Baş redaktorun müəllimi ilə bağlı təsirli xatirəsi- "O  "ilk"imi itirdim"
Çap et

“Çoxu kimi mənim də bir “ilk müəllim” sevgim var. Nankor olmasan, o sevgini heç vaxt unutmursan”

AzEdu.az xəbər verir ki, bunu "TEAS Press" nəşriyyat evinin baş redaktoru Famil Cəfərli ibtidai sinif müəllimi haqqında paylaşımında qeyd edib.

O, Qızbəs müəllimin vəfatından qaynaqlanan üzüntüsünü  və ona olan sevgisini belə təsvir edib:

“Müəllimlərimin heç biri haqda pis xatirəm, mənfi təəssüratım yoxdur. Hamısı mənə əziz olub və əzizdir. Başım-gözüm üstə yerləri olub və var. Amma çoxu kimi mənim də bir “ilk müəllim” sevgim var. Nankor olmasan, o sevgini heç vaxt unutmursan. Adı gələndə gözün minnətdarlıq, sevgi, şükranlıq saçır, başın təzimə gedir, ruhun arınıb təmizlənir...

Bu gün səhər mənimçün qüssəli xəbərlə açıldı – o “ilk”imi itirdim. 43 ildir hər dəfə adını eşidəndə, özünü görəndə məni 7 yaşlı cocuğa “döndərən” Qızbəs müəllimə daha aramızda yoxdur. Özümü toparlamaqda bayaqdan çətinlik çəkirəm. Özümə başsağlığı verdim... Ruhuna dua oxudum... Halallıq istədim... Gözümdə gilələnən yaşı son borcum kimi (məlum səbəbdən dəfninə gedə bilmədim) qaytardım...

 Son dəfə haradasa 4-5 il qabaq görmüşdüm. Əyilib əlindən öpdüm. Əvvəlcə mane olmaq istədi, amma hər iki əlindən öpdüm. O da qucaqlayıb alnımdan öpdü. “Zəhmətimi yerə vurmamısan, başımı uca eləmisən” dedi. Bu sözlərini mənə verdiyi halallıq kimi qəbul edirəm indi...

İlk müəllim ikinci ana kimidir. Nur içində yat, rahat yat, ikinci anam. Dualarım, sevgim ömrüm boyu səninlə olacaq...”