Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-06 17:32:00
ATU-da tələbələrə 3 dildə video mühazirələr təqdim olunur

Koronavirus təhlükəsi ilə bağlı Azərbaycanın bütün təhsil müəssisələrində tətil davam edir. 

 

AzEdu.az xəbər verir ki,  Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın dünyada yayılmış COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edilməsi haqqında qərarına və Təhsil Nazirliyinin tövsiyələrinə uyğun olaraq, Azərbaycan Tibb Universitetində də bir sıra tədbirlər həyata keçirilir.

 

Təhsildə fasilənin aradan qaldırılması və tədrisin keyfiyyətinin qorunub saxlanılması məqsədilə universitetin Youtube kanalında xüsusi bölmə yaradılıb. ATU-da 2019/2020-ci ilin yaz semestrində tədris olunan bir çox fənlər üzrə mühazirələr bu bölməyə yerləşdirilib. Universitetin müəllim-professor heyəti tərəfindən hazırlanan video mühazirələr tələbələrə 3 dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.

 

ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasında isə dərslər onlayn formada davam etdirilir. Kafedranın müdiri, akademik Vaqif Şadlinskinin rəhbərliyi altında professor-müəllim heyəti tərəfindən tələbələrə Azərbaycan, rus və ingilis dillərində onlayn dərslər keçirilir. 

 

Dərslərin hər biri keyfiyyətli videolar, slaydlar, rəngli anatomik görüntülərlə müşayiət olunur. Dərslərlə yanaşı, kafedra əməkdaşları da hər gün onlayn konfranslar təşkil edir, bir-birlərinə praktik dərslər, anatomik mühazirələr haqqında hesabat verirlər. Belə konfranslar zamanı gündəmlə bağlı əhəmiyyətli məsələlər də müzakirə olunur.