Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-17 17:49:00
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi şurasının iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin elmi şurasının iclası keçirilib.

Akademiyadan AzEdu.az-a bildirilib ki, tədbiri açan AMEA-nın vitse-prezidenti, bölmənin sədri, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İradə Hüseynova AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” sərəncamına uyğun olaraq bölmənin elmi müəssisələrində dezinfeksiya işləri aparıldığını bildirib. O, xəstəliyin ilkin vaxtlarında AMEA-nın institutlarında maarifləndirici tədbir və seminarların təşkil olunduğunu vurğulayıb. İclasda koronavirus pandemiyasının quruluşu, mənşəyi, biotəhlükəsizliyi və ona qarşı vaksin hazırlanması barədə müzakirələr aparılıb. Həmçinin elmi müəssisələrin əməkdaşları tərəfindən müxtəlif bakteriya və virus xəstəliklərindən qorunmaq üçün istifadə olunan vaksinlər, onların növləri və hazırlanma proseduru istiqamətində tədqiqat aparıldığı qeyd edilib.

Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2020-ci il 24 fevral tarixli Sərəncamından da danışılıb. Sərəncamın AMEA-ya aid edilmiş məsələlər üzrə müvafiq bəndlərinin yerinə yetirilməsilə əlaqədar fikir mübadiləsi aparılıb. Bildirilib ki, sözügedən sərəncamdan irəli gələn məsələlər Humanitar və İctimai Elmlər Bölməsi ilə birgə işlənib hazırlanacaq.

Sonda biologiya və tibb elmləri bölmələri üzrə bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb, müvafiq qərarlar qəbul olunub.