https://www.zirve.edu.az/
05.03.2020 17:00
 Müəllimlərə  hava-su kimi vacib olan portal və resurslar- Mütəxəssis məsləhətləri
Çap et

Müasir dövrdə internetin həyatımıza daxil olması yeni təhsil mühitinin, yeni tədris üsullarının yaradılmasına səbəb olub. Artıq müasir təhsil alanların əksəriyyəti məlumatları, informasiyaları kağız üzərindən deyil, internetdən tapırlar. Ancaq çox hallarda tədris işçiləri və təhsil alanlar lazımı materialları vaxtında tapmaqda çətinlik çəkirlər.

 

Bəs  bizim  müəllim və təhsil alanlar özünüinkişaf  üçün gərəkli olan materialları sürətli şəkildə hansı yerli və xarici internet mənbələrindən əldə edə bilərlər?

 

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı, təhsil eksperti Oruc Mustafayev AzEdu.az-ın sualını belə cavablandırıb:

 

“Yerli elektron resurslar o qədər də çox işlək deyil. Onların keyfiyyətindən razı qalmaq olmaz. Ancaq xarici resurslardan, xüsusilə Rusiyanın bir neçə elektron portallarının adını çəkmək olar ki, orada kifayət qədər böyük materiallar var.

 

Bu portallarda müəllimlərin həm rəqəmsal bilik və bacarıqlarının inkişafı, həm də tədrisdə yeni metodikaların tətbiqi ilə bağlı, eləcə də onların şəxsi təcrübələrinin paylaşılması nöqteyi-nəzərdən vacib olan resurslar var.

 

Rusiyada bir neçə belə tədris saytı var ki, bunlar son vaxtlar qloballaşma ilə bağlı olaraq öz istiqamətlərini dəyişiblər. Bu saytlar daha çox rəqəmsal bacarıqları əsas götürürlər. Bu da bizim məktəblərdə də tətbiq olunan rəqəmsal bacarıqlarla bağlı olan alqoritmika şirkətlərinin saytları və bir neçə tədris portallarıdır.

 

“Pedsovet” adlanan bir sayt var ki, orada müəllimlər öz təcrübələrini bölüşürlər, təhsildə olan yenilikləri dərhal orada paylaşır, öz fikirlərini qeyd edirlər.

 

Rusiyanın son illərdə fəaliyyət göstərən “UchitelnitshaGazeta” adlı təhsil portalının da adını çəkmək olar. “Azedu.az”-a bənzər bu təhsil saytında müəllimləri qayğılandıran, maraqlandıran daha çox böyük həcmdə məqalələr dərc olunur. Hətta onlar ölkə üzrə ən yaxşı müəllimlərin, xüsusilə də gənc müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin yayılması istiqamətində “Ən yaxşı müəllim” müsabiqəsini keçirirlər. Bu, “UchitelnitshaGazeta”nın öz təşəbbüsüdür. Bu təşəbbüs demək olar ki, dövlət tərəfindən, hökumət, o cümlədən böyük nüfuzlu təhsil portalları və qurumları tərəfindən çox fəal dəstəklənir.

 

“Edutimes” adlı elektron portalı var ki, bu portal dünyada ən müasir təcrübələrin        yayılması nöqteyi-nəzərdən müəllimlər üçün əvəzsiz xidmət daşıyır.

 

Xaricdə oxumaq istəyən azərbaycanlı tələbələr hansı informasiya mənbələrinə müraciət edə bilər?

 

Xaricdə təhsil proqramı çərçivəsində Təhsil Nazirliyi Beynəlxalq Əməkdaşlıq şöbəsi tərəfindən inkişaf etdirilən Rüblük İcmal dərc olunur. Bu icmalda xaricdə təhsil alan azərbaycanlı tələbələrin uğurlarından bəhs olunur. Onlarla müsahibələr, bu tələbələrin xaricdə aldıqları təhsildən əldə etdikləri nailiyyətləri ilə bağlı geniş əhəmiyyətli yazılar dərc olunur. Bu materiallar xaricdə təhsil almaq istəyən hər bir tələbə, hər bir gənc üçün çox böyük maraq kəsb edə bilər.

 

Xarici mənbələrdən isə Böyük Britaniyanın “Edutimes” və Quest” adlı beynəlxalq konsaltinq şirkətlərinin adını qeyd etmək olar. Bu şirkətlər təhsil sahəsində beynəlxalq xidmətlər göstərirlər.

 

Bu şirkətlərin portallarında dünya universitetlərinin qəbul qaydaları, həmçinin xarici universitetlərdə təhsil almaq istəyən gənclərin hansı meyar və təcrübələrinə üstünlük verilməsi ilə bağlı kifayət qədər səmərəli nümunələr var.