https://www.zirve.edu.az/
24.02.2020 14:31
Britaniyanın məşhur universitetləri yoxsul ailələrdən daha çox tələbə qəbul etməyə hazırlaşır
Çap et

Böyük Britaniyanın nüfuzlu universitetləri  qəbul imtahanlarında nəticələri zəngin əhali təbəqələrindən və özəl məktəblərdən olan abituriyentlərin göstəricilərindən  aşağı olsa belə, yoxsul ailələrdən daha çox tələbə qəbul edəcək.

 Ali təhsil sektorunda rəqabət üzrə tənzimləyici şirkət kimi fəaliyyət göstərən Tələbə İşləri İdarəsinin ("Office for Students")  yeni tövsiyələri Böyük Britaniyanın Oksford və Kembric daxil olmaqla, aparıcı universitetləri tərəfindən həyata keçiriləcək. Hər iki universitet növbəti beş ildə yoxsul ailələrdən olan tələbələrin sayını  7% - ə qədər artırmağı öhdəsinə götürüb.

 Artıq Oksford və Kembric universitetləri bakalavr proqramları üçün yoxsul rayonlardan,  dövlət məktəblərindən müəyyən sayda tələbə qəbul edir, hətta onların giriş balları özəl məktəbi bitirənlərdən aşağıdır. Oksfordda belə tələbələrin sayı 3,7%, Kembricdə isə 4,8% təşkil edir.

"Yeni kvotaların məqsədi cəmiyyətimizin təməlində olan bərabərsizliyə qarşı mübarizə aparmaqdır", - deyə "Office for Students"  şirkətinin əməkdaşı  Kris Milvord bildirib.

Bildirilir ki, Tələbə İşləri İdarəsi təkcə tövsiyələr deyil,  həm də müəyyən kvotalara riayət etməyən universitetlərə qarşı sanksiyalar da  tətbiq edə bilər.
Bundan əlavə, fondun apardığı araşdırmalar göstərib ki, nüfuzlu universitetlərdə, əsasən zəngin ailələrdə böyüyən tələbələr üstünlük təşkil edir.

Böyük Britaniyada sosial mobilliyin artırılması üçün mübarizə aparan "Sutton Trust" Fondunun tədqiqatları göstərir ki, Oksford və Kembricdəki yerlərin 42% - i özəl məktəblərin məzunları tərəfindən tutulub. Fondun tədqiqatlarına əsasən, nüfuzlu ali məktəblərdə ənənəvi olaraq zəngin rayonlarda böyüyən tələbələr dəfələrlə çoxdur.
Yeniliyin əleyhidarları bildirirlər ki, universitetlər yoxsul ərazilərdən daha çox abituriyent qəbul etmək istəyirsə, bütün layiqli namizədlərin daxil olmasına imkan yaratmaq üçün qəbul yerlərinin sayını artırmalıdır.

"Əgər masada daha çox insan yerləşdirmək istəyirsinizsə, masanı daha böyük  edin!"-  deyə  Özəl Məktəb Direktorları Assosiasiyasının idarəedicisi  Maykl  Bükenen bildirib.

Lakin Oksford və Kembricdə bəzi digər universitetlərdən fərqli olaraq, yerlərin sayını artırmaq çox çətindir, ona görə ki, hər iki şəhərdə yerli hakimiyyət tələbələrin sayını məhdudlaşdırır. Qədim şəhərlərdə kifayət qədər əlverişli mənzil yoxdur,  sinif otaqları və yataqxanalar üçün yeni binalar tikmək də çox çətindir. (Azərbaycan müəllimi)