Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-15 16:19:00
Yeni Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün təcrübə və iş imkanları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinın (SİBDPTM) rəhbər və mühəndis–pedaqoji heyəti təhsilalanlarla birlikdə təcrübə proqramı çərçivəsində yapon istehsalı olan “Toyota”, “Honda”, “Mazda”, “Mitsubishi” və “Subaru” avtomobil markalarının rəsmi satış və texniki xidmət mərkəzləri ilə yaxından tanış olublar.

Nümayəndə heyətinə mərkəzlərin yüksək standartlara cavab verən maddi-texniki bazası, təcrübəli və ixtisaslı texniki kadrları ilə yaxından tanış olmaq imkanı yaradılıb. Mərkəzlərin texniki servis üzrə mütəxəssisləri təhsilalanlara servislərin imkanları haqqında ətraflı məlumat verib, əyani olaraq avadanlıqların iş prinsiplərini nümayiş etdiriblər.

Təcrübə proqramı çərçivəsində yapon istehsalı olan avtomobillərin mühərrikləri haqqında nəzəri və praktiki məşğələ təşkil olunub. Eyni zamanda təhsilalanlar təhsil aldıqları müddət ərzində nəzəri və praktik təlimlərdən əldə etdikləri bilik və bacariqlarını əyani nümayiş etdirmək imkanı əldə ediblər.

Bununla yanaşı, Təhsil Mərkəzinin nümayəndə heyəti avtomobillərin geniş model sırası və təklif olunan keyfiyyətli texniki servisi, orijinal ehtiyat hissələrinin və aksessuarların təchizatı ilə tanış olublar.

Sonda təcrübə proqramından yararlanacaq təhsilalanlar üçün şirkət tərəfindən seçim meyarları müəyyən edilib. Proqram əsasında təşkil olunacaq məşğələlərin məzmunu, mentorlar və texniki şöbələr təyin olunub. Bununla da təhsil müddəti ərzində yüksək nəticə göstərən təhsilalanlar iş imkanlarından yararlana biləcəklər.

Həmçinin,  Mərkəzdə avtomobil ixtisası üzrə ixtisas təkmilləşdirilməsi məqsədilə birgə kursların təşkil olunması müzakirə olunub.