https://www.zirve.edu.az/
14.02.2020 13:56
 İnanılmazlığı gerçəyə çevirən sabahın alimləri – Möcüzəli kəşflər diyarından REPORTAJ
Çap et

Fevralın 11-13-də keçirilən “Sabahın alimləri” müsabiqəsinin bağlanış və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

AzEdu.az tədbirdən hazırladığı reportajı təqdim edir:

Əvvəlcə müsabiqə haqqında

Yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirmək məqsədi ilə keçirilən müsabiqəyə bu il 15 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 454 şagird 258 layihə ilə qatılıb. Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, onlardan 327 nəfəri 187 elmi layihə ilə müsabiqədə iştirak etmək hüququ qazanıb.  Bu hüququ qazananların 112 nəfəri IX, 129 nəfəri X sinif, 86 nəfəri isə XI sinif şagirdləridirlər. Müsabiqədə iştirak edənlərin 48 faizini bölgələrdən qatılanlar təşkil edib. 187 layihədən 47-si fərdi, 140-ı isə kollektiv işin nəticəsidir.  Müxtəlif kateqoriyalar üzrə I yerə 6 layihə üzrə 11 şagird, II yerə 16 layihə üzrə 29 şagird, III yerə 25 layihə üzrə 46 şagird layiq görüldü. Qaliblər sırasından bu ilin may ayında ABŞ-da keçiriləcək ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün 4 layihə (7 şagird) seçildi. Həmin şagirdlər BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək. Bundan əlavə, hər il olduğu kimi, bu il də ABŞ-ın müxtəlif elmi cəmiyyətləri tərəfindən şagirdlərimizə 10 mükafat təqdim edildi.

Hadisə yerinə qayıdaq

Möhtəşəm məkanda yuxarıda qeyd etdiyimiz bu məlumatları aprıcı uca səslə və zaman fasilələri ilə zaldakıların diqqətinə çatdırır.

Tədbir ənənəvi olaraq, Dövlət Himninin sədaları ilə başlayır. Səhnədə şagirdləri tam görə bilməsək də,  birinin bariton səsi çox ucadan eşidilir. Bir sözlə, çox gözəl, içdən və möhtəşəm  ifa...

 

Aparıcı himni Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin səsləndirdiyini qeyd edəndə təəccübüm işıqda əriyən qaranlıq kimi çəkilir.

Aparıcı davam edir: “Bu il bizə bölgədən qoşulan xeyli sayda şagird var. Kimlər aramızdadır? Əllərinizi qaldırın sizi görək”.

Əllər, yox, daha doğrusu, xarüqələr yaradan əllər bir-bir, yavaş-yavaş göyə qalxmağa başlayır. Aparıcı onlara hamının adına “xoş gəldiniz” deyir.

Səhnəyə öncə Təhsil naziri Ceyhun Bayramov təşrif  buyurur. O, bütün qalibləri təbrik edib, hər birinə ölkəmizdə elm və təhsilin inkişafı naminə fəaliyyətlərində uğurlar arzulayır,  müsabiqənin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirir.

 Nazir qeyd edir ki, sayca doqquzuncu dəfə təşkil olunan “Sabahın alimləri” müsabiqəsi ölkəmizdə həyata keçirilən uğurlu təhsil strategiyasının tərkib hissəsi kimi gənclərimizin innovativ və yaradıcı fəaliyyətinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Nazirin çıxışından sonra 2012-ci ildən bu günə qədər olan “Sabahın alimləri” müsabiqəsinin qaliblərinin videogörüntüləri təqdim edilir. Videoçarxdan bitən kimi aparıcı yenə də zala müraciət edir:

“-Kim qalib olub Azərbaycanı ABŞ-da təqdim etmək istəyir?”

Bu dəfə zaldakı bütün şagirdlər özündən əmin şəkildə əllərin qaldırır. “Bunu kim istəməz ki?!” –sualı nida qarışıq beynimdə dövr edir.

....Və ən həyəcanlı an...  Şagirdlərin mükafatlandırma mərasimi başlayır. Adları çəkilən qaliblər sevinə-sevinə, bəziləri qaça-qaça səhnəyə çıxmağa tələsirlər. Onlara medalları, təhsil işçiləri, rektorlar, nazirliyin əməkdaşları təqdim edir, xatirə fotosu çəkdirirlər. Bu zaman valideynlər də boş durmurlar. Əllərində mobil telefon qürurla bu möhtəşəm uğuru tarix üçün dondurmağa çalışırlar.

Elə həmin vaxt təsadüfən qarşımda oturan valideynlərin söhbətinə “qulaq müsafiri” oluram. Daha doğrusu, onların anidən sevinci, uşaq kimi yerində dura bilməmələri diqqətimi çəkir.  Söhbətlərindən məlum olur ki, onların uşaqları 3 ildir, bu müsabiqədə iştirak edir.  Ötən illərdə birinci və ikinci yeri tutub. Amma bu il medal alacaqlarına heç ümidləri yox imiş. “Elə bilirdik, yəqin sertifikat falan verərlər, medal gözləmirdik”- deyir və əlləri bir-birinə kipləşmiş şəkildə övladının səhnədən düşməsini gözləyir: Onu möhkəm qucaqlamaq üçün!

Qaliblər arasında

 Medalçılar siyahısında adı olan, liseyin ən maraqlı layihələrindən birinin müəllifi Naim Xuduzadə “Sabahın alimləri” müsabiqəsinin mühəndislik üzrə qızıl medalçısıdır.

Gənc kompüter bilicisi deyir  ki, o, öz əziyyəti sayəsində bu yeri qazanıb: “Bilirdim ki, layihəm əsas yerlərdən birini tutacaq. Bu layihənin üzərində çox əziyyət çəkmişəm və əmin idim ki, bu əziyyətimin mütləq bəhrəsi olacaq. Layihəm toxumlu bitkilərin avtomatlaşdırılmış əkinini həyata keçirir. Dünyanın istənilən nöqtəsindən öz torpaq sahəsinə  nəzarət etmək, əkin həyata keçirmək mümkündür. Layihəmin hər bitki üçün individual yanaşması var”.

 

Qalib  layihə ortaya bir sifariş əsasında çıxıb: “Babam bilirdi ki, robot düzəltməyə maraqlıyam. O, belə bir layihə hazırlamağı və reallaşdırmağımı istədi. Problemləri araşdırıb tapdım və robotun üzərində işlədim”.

Naim Amerikadan da uğurla qayıtmaq və təhsilini xarici ali təhsil müəssisələrində davam etdirmək istəyir: “Artıq bir neçə xarici universitetdən dəvət gəlib. Dəvətini gözlədiyim ölkə və universitetlər var. Ona görə də hələ qərar verməmişəm. Ancaq kompüter mühəndisliyi ixtisasına yiyələnmək istədiyimə əminəm”. 

Diqqətimi bacı-qardaş olan qaliblər çəkir. Əminəm ki, onların valideynlərinin sevinci sözün əsl mənasında ikiqatdır.

Gülnar və Kənan Qurbanlılar bir ailənin övladı, eyni məktəbin - Yasamal rayonu 60 nömrəli tam orta məktəbin şagirdləridirlər. Biri X, digəri XI sinifdə oxuyur. Ərsəyə gətirdikləri kardioqraf qurğusu az detaldan hazırlandığı üçün ucuz və sərfəli sayılır. Təxminən 17 AZN-ə başa gələn cihaz 3 nöqtədən insan bədəninə elektrodlarla birləşdirilir. Sağ və sol əl, həmçinin sol ayaqdan birləşdirilən cihaz insan ürəyinin elektrokardioqramını çıxardır. Məktəblilərin təklif etdiyi elektrokardioqram ucuz başa gəlməyindən əlavə, mobilliyi və təhlükəsizliyi ilə də seçilir. Məktəblilər deyir ki, klinikada elektrokardioqram cihazlarının üzərinə su düşsə, partlayışa səbəb ola bilər, ancaq onların hazırladığı və hər kəsin evində istifadə edə biləcəyi cihaz tamamilə təhlükəsizdir. Məktəblilər cihazı valideynlərinin, qohumlarının üzərində sınaqdan çıxartdıqdan sonra əminliklə müsabiqəyə təqdim ediblər.

Aparıcı Hədəf STEAM liseyinin şagirdləri Aqşin Əhmədli, Cəbrayil Xaliqi mükafatlandırmaq üçün səhnəyə çağırır. Yumruqları göydə yellənə-yellənə səhnəyə çıxırlar. Onlar “Ağıllı əlcək” yaradıblar. Liseyin müəllimi Eşqin Quluzadə bildirir  ki, danışma əngəlli insanlar üçün nəzərdə tutulan əlcəyin üzərində sensor yerləşdirilib: “Danışma əngəli olan bir şəxs əlcəyi geyindikdən sonra hər kəslə rahat şəkildə ünsiyyət qura biləcək. Məsələn, həmin şəxs əl işarəsi ilə “salam” deyərkən avtomatik olaraq sensor bu işarənin salam olduğunu müəyyənləşdirib məlumatı kontrollerə göndərəcək. Kontroller isə mikrofon vasitəsilə səsli şəkildə salam sözünü səsləndirəcək. Beləliklə də, hər iki tərəf arasında (danışa bilən və danışma əngəli olan şəxs) asanlıqla ünsiyyət quracaq”.

Səhnədən enən qaliblərimizə yaxınlaşıb onların layihələri haqqında sonradan ətraflı məlumat almaq üçün mobil nömrələrin soruşuram:

“ -055-22-5

-Nə? 22, 5?

-225 (gülür)

-Çox həyəcanlısan?(gülümsəyərək)

-Dəhşəttt!! (gülür)”.

Yenidən musiqili ifa səslənir. Yadıma düşmüşkən, musiqi ifalarını da şagirdlərin özləri səsləndirir. Onlardan ikisi lap azyaşlıdır. 2 və 4-cü sinif şagirdləri çox rahatlıqla həm çalır, həm də oxuyurlar. Musiqili fasilə ən gözənilən məqamı daha da həyəcanlı edir. Hamını bir sual düşündürür: ABŞ-a kim gedəcək, yəni zərfdən kimlərin adı çıxacaq?

Bir neçə dəqiqəlik fasilədən sonra nəhayət 7 nəfərin adı səslənir, zalda yenidən alqış səsləri, “halaldı!”, “əla!”, “kəllə!” nidaları ucalır. 

Beləliklə, tədbir başa çatır. Paltomu geyinib otelin qapısından çıxanda məni Bakı küləyi qarşılayır. Otelin girişində bir şagird ağlayır, yəqin ki, onun gözləntiləri bu il üçün reallaşmayıb. Ona yaxınlaşmağa ürək edə bilməsəm də, gözlərində “bacaracam!” nidasını görə bilirəm.

Valideyni ya da müəllimi onun yanında durub təsəlli verir. (Doğrudan, bu tədbirdə kimin valideyn, kimin müəllim olduğunu müəyyənləşdirmək çox çətindir. Çünki ikisi də eyni sevinci yaşayır, eyni reaksiya verirdilər).

Son gördüklərimi də yaddaşıma həkk edib tanımadığım o şagirdin əzminə inanaraq, oradan  uzaqlaşırıq...