https://www.zirve.edu.az/
13.02.2020 13:58
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi Yığıncağı keçirilib
Çap et

AzEdu.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Ümumi Yığıncağı keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin direktorları və aidiyyəti üzrə dəvət olunmuş qonaqlar iştirak ediblər.

Ümumi Yığıncağın sədri, akademik İradə Hüseynova əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi altında Azərbaycan Milli Elmlər Akademiyasında aparılan genişmiqyaslı islahatlar, o cümlədən struktur dəyişiklikləri ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb və bu islahatların Azərbaycan elminin gələcəyi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Natiq, həmçinin “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı” barədə söz açaraq onun bəzi bəndləri ilə bölmə üzvlərini tanış edib.

Tədbirdə gündəliyə uyğun olaraq BTEB Elmi şurası üzvlərinin seçkiləri keçirilib, 14 nəfər tanınmış alim BTEB Elmi şurasının üzvü seçilib. Seçkinin nəticələrinin Rəyasət Heyətinin müzakirəsinə verilməsi qərara alınıb.

Sonra BTEB elmi təşkilatlarının rəhbərlərinə 2020-ci il üzrə doktorantura və dissertanturaya qəbul planına dair təkliflərini səsləndirmək üçün söz verilib.

Akademik İradə Hüseynova bölmədə nəşriyyat işinin vəziyyəti barədə danışıb. Nəşriyyat fəaliyyətinin əsas göstəriciləri olan kitab, toplu, jurnal, mühüm elmi nəticələri özündə əks etdirən tədqiqat əsərlərindən söz açan akademik BTEB-in “Həyat elmləri və Biotibb” jurnalının 2019-cu ildə çapdan çıxmış ilk iki nömrəsi, həmçinin “AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi əsərləri” (ingilis dilində), AMEA Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalları barədə yığıncaq iştirakçılarına məlumat verib, elmi təşkilatlar tərəfindən dərc edilən jurnalların fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması zərurətini vurğulayıb.

Gündəlikdə yer alan növbəti məsələlər AMEA-nın Zoologiya və Dendrologiya institutlarının Elmi şuralarının tərkibində qismən dəyişiklik edilməsi barədə olub, müvafiq qərarlar qəbul edilib.

Ümumi Yığıncaqda BTEB-in sabiq elmi katibi Ramiz Babayev, eləcə də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları – elmi işlər üzrə direktor müavini vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov, Proteomiks beynəlxalq laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Zülfüqarov və Fotobioenergetika laboratoriyasının müdiri, biologiya elmləri doktoru Yaşar Feyziyev BTEB-in Fəxri Fərmanı ilə təltif ediliblər.

Sonda bir sıra kadr məsələləri müzakirə olunub.